Piştaxtdada bir, kassada başqa QİYMƏT – Bu halla qarşılaşanlar NƏ ETMƏLİDİRLƏR?

Hazırda oxunan: Piştaxtdada bir, kassada başqa QİYMƏT – Bu halla qarşılaşanlar NƏ ETMƏLİDİRLƏR?

224554

Supermarketlərlə bağlı istehlakçıların narazı olduqları məqamlardan biri də qiymət fərqidir. Yəni, alıcıdan kassada ödəniş zamanı piştaxtadakı qiymət yox, fərqli məbləğ tələb edilir və yaxud məhsulun üstündəki endirimli qiymətin vaxtının artıq bitdiyi deyilir.

Ümumi olaraq, bu məsələlər alıcıların tez-tez rastlaşdıqları problemlərdir.

Axı endirim bitibsə, niyə o qiymət hələ də məhsulun üzərində qalır?
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə ARTIB


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu üsullar  istehlakçının aldadılmasının ən çox yayılmış forması və süni qiymət artımı problemidir. Hər gün bununla  bağlı birliyə kifayət sayda telefon zəngləri və şikayətlər daxil olur.

Maraqlıdır ki, alıcılar belə məqamlarda  öz hüquqlarını qorumaq üçün nə edə bilərlər?

Eyyub Hüseynov prosesi belə izah edib:

“Alıcı kassadan ayrılmayıbsa, kassa qəbzinə,  telefonla ödəyibsə, oradakı bildirişə baxmalıdır. Fərq gördükdə isə piştaxtada məhsulun, qiymətinin və kassa qəbzinin şəklini çəkməlidir. 

Bundan sonra isə bu faktları İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərməlidir. Əgər məsələni orada həll etmək istəyirsə, hüququ var ki, müdiriyyəti çağırıb həll etsin.

Təəsüflər olsun ki, bu məsələlərə nəzarət edən qurumun istehlakçılarla kommunikasiyası zəifdir”.

Hüquq müdafiəçisi alıcını aldatmağın başqa bir üsulundan  da danışıb, hətta bununla bağlı öz qarşılaşdığı hadisəni misal göstərib:

 “Bəzi hallarda isə alıcının almadığı məhsulun qiymətini də çıxırlar. Nizami küçəsində yerləşən “Grandmart” adlı supermarketdə almadığım məhsula görə 100 manata yaxın aldatma olub”.

Müsahibimiz vurğulayıb ki, Azad İstehlakçılar Birliyinə gələn şikayətlərə əsasən, 1 ildə Azərbaycan vətəndaşları almadıqları məhsullara görə 500 milyona yaxın pul ödəyirlər.

“Biznes qurumları üçün toxunulmaz şərait yaradılıb, istehlakçı hüquqlarını qoruyan dövlət orqanı isə mürgüləməklə məşğuldur. Buna görə də bu hallar baş verir. Düşünürəm ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Prezident Administrasiyasına tabe olduqdan sonra dönüş əmələ gələcək”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin