Prezidentdən Bakı Musiqi Akademiyası ilə bağlı SƏRƏNCAM

Hazırda oxunan: Prezidentdən Bakı Musiqi Akademiyası ilə bağlı SƏRƏNCAM

22452

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, sərəncamda deyilir:

“2021-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yaradılmasının 100 illiyi tamam olur. Bakı Musiqi Akademiyası müsəlman Şərqinin yeni tipli ali musiqi təhsili ocağı kimi dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə fəaliyyətə başlamışdır.

Hələ ilk illərdən tədris prosesində Şərq musiqisinin çoxəsrlik ənənələrini və Avropa musiqi təhsilinin qabaqcıl təcrübəsini vahid məcrada birləşdirən, peşəkar musiqiçi kadrların hazırlanmasına və klassik musiqi irsimizin sistemli öyrənilməsinə xüsusi diqqət göstərən Akademiya ötən müddət ərzində nailiyyətlərlə zəngin böyük bir inkişaf yolu keçmiş, üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlmişdir.
 

Azərbaycan mədəniyyəti tarixinə parlaq səhifələr yazan, musiqi sənətimizi ölkəmizin hüdudlarından xeyli uzaqlarda da uğurla təmsil edən və yaradıcılığı Azərbaycan musiqisinin qızıl fonduna daxil olan görkəmli sənətkarların, tanınmış ifaçıların bir neçə nəsli məhz Bakı Musiqi Akademiyasının məzunlarıdır.


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi mədəniyyətinin inkişafında və professional musiqiçi kadrların yetişməsində mühüm rol oynamış Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin