BİZİM TƏQVİM: 10 dekabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 10 dekabrda baş vermiş tarixi hadisələr

224450

10 dekabr 1991-ci ildə Avropanın 12 dövləti arasında Maastrixt sazişi imzalanıb. 1992-ci il yanvarın 1-də qüvvəyə minən saziş Avropa İttifaqının qanuni əsasını qoyub.

Bəs, dekabrın 10-da dünyada daha hansı hadisələr baş verib?

1. 1845-ci ilin bu günü şotlandiyalı R.Tompson Londonda heyrətamiz ixtirasını patentləşdirdi. Bu ixtira ekipajın silkələnməsini azaltmaq üçün təkərlərə çəkilmiş dəri üzlüklərdən ibarət idi. Daxildən onlar elastik kauçuk kəmərlərlə doldurulur və 70 bağlantı vasitəsilə təkərlərin çənbərlərinə bərkidilirdi. Tompsonun şinləri 1 il sonra London sənaye sərgisində nümayiş etdirildi və sınaqdan çıxdı. İxtiranı testdən keçirənlər bu qənaətə gəldilər ki, daş küçə ilə bu cür təkərlərlə hərəkət daha komfortludur.

2. 10 dekabr 1898-ci ildə  İspaniya - ABŞ müharibəsindən sonra imzalanan Paris müqaviləsinə əsasən Kuba müstəqilliyini qazandı.

3. 1901-ci ilin bu günü ilk dəfə Nobel mükafatı verildi. Beş nominasiya üzrə ilk “Nobel”ə Vilhelm Rentgen, Yakobus vant Hoff və mikrobioloq Emil fon Berinqlə  yanaşı fransız şair Salli Prüdom, Qırmızı Xaç Hərakatının yaradıcısı isveçrəli Anru Dünan və Sülh Liqasının qurucusu fransız Frederik Passi layiq görüldülər.

4. 10 dekabr 1922-ci ildə  Cənubi Qafqazın üç respublikasının nümayəndələrinin iştirakı ilə birinci Zaqafqaziya Sovetlər Qurultayı işə başlayıb. Azərbaycandan 175 deputatın qatıldığı qurultayda Zaqafqaziya Sovet Sosialist Federativ Respublikasının yaradıldığı elan olunub.

5. 10 dekabr 1933-cü ildə Mir Cəfər Bağırov (1895-1956) Azərbaycan Kommunist (bolşevik) Partiyasının birinci katibi seçilib. 1953-cü ildə vəzifəsindən azad olunub. 1954-cü il martın 13-də kommunist partiyası sıralarından çıxarılıb və Azərbaycandan kənara təsərrüfat xarakterli işə göndərilib. 1955-ci ildə həbs olunaraq istintaqa cəlb edilib. 1956-cı ilin aprelində Bakıda keçirilmiş məhkəmənin hökmü ilə güllələnmə cəzasına məhkum olunub.

6. 1948-ci ilin 10 dekabrında BMT Baş Assambleyası tərəfindən İnsan Hüquqları haqqında ümumi bəyannamə qəbul olundu. Xalqlar arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyi, insan hüquqları, azadlıqlarına hörmət və riayət haqqında BMT nizamnaməsinin müddəalarına əsaslanan bəyannamə şəxsiyyətin mülki, siyasi, hüquq azadlıqlarını, sosial-iqtisadi həyat, şəxsi toxunulmazlıq və başqa sahələrdə haqqlarını elan etdi.  1949-cu ildən 10 dekabr Beynəlxalq İnsan Haqqları Günü olaraq qeyd olunur.

7. Yunanların (rumlar) yerli türklərə qarşı hücumlarının artması ilə əlaqədar 1957-ci ilin 10 dekabrında Qıbrızda (Şimali Kiprdə) hərbi vəziyyət elan edildi.

8. 10 dekabr 1983-cü ildə Argentinada hərbi hökumət rejimi sona yetdi. Yəni 8 ildən sonra ölkənin vətəndaşları arasından seçilən başçısı Raul Alfonsin oldu.  

9. Türkiyədə ilk qaraciyər nəqli 1988-ci ilin 10 dekabrında Ankara Hacettepe Universiteti Xəstəxanasında edildi. Professor Mehmet Haberal və qrupunun etdiyi əməliyyatla Əhməd Aktaşın qaraciyər, böyrək və korneaları 5 ayrı-ayrı xəstəyə köçürüldü. 

10. Qadın və uşaq haqqları ilə bağlı fəaliyyətlərilə tanınan Şirin İbadi 2003-cü ilin 10 dekabrında Nobel Sülh Mükafatı alan ilk müsəlman qadın və ilk iranlı oldu.

11. 2016-cı il 10 dekabr tarixində Türkiyəyə Prezident Hökumət Sistemini gətirən Konstitusiya dəyişikliyi təklifi 316 millət vəkilinin imzası ilə Türkiyə Böyük Millət Məsclisinə təqdim edildi.

12. Bölücü terror təşkilatı PKK 2016-cı ilin 10 dekabrında İstanbulun Beşiktaş rayonundakı polisə qarşı bombalı hücum törətdi. Nəticədə 44 nəfər şəhid oldu, 164 adam yaralandı. Bununla əlaqədar Türkiyədə 3 günlük yas elan olundu. 

10 dekabrda həm də bu şəxslər xatırlanır:

1. Məşhur ixtiraçı Alfred Nobel 1896-cı ilin bu günü vəfat edib. O, öz vəsiyyətnaməsində Bakı neftindən gələn gəlirlər hesabına yaratdığı fondundan kimya, fizika, təbabət, ədəbiyyat üzrə Sülh Mükafatları verilməsini arzulamışdı. Qeyd edək ki, Alfred Nobel öz ixtiralarına görə 350-dən çox patent almışdı. (1833-1896)

2. Çilini 1973-cü ildən etibarən 17 il boyu diktatorluq rejimi ilə idarə edən Auqusto Pinoçet  2016-cı ilin 10 dekabrında Çilidə ölüb.

3. 10 dekabr 1916-cı ildə Əməkdar artist Firuzə Bədirbəyli (1916–1992) Şəmkir rayonunun Morul kəndində doğulub. Gəncə Dövlət Dram Teatrının aktrisası olub.

4. 10 dekabr 1918-ci ildə Xalq artisti, tanınmış opera müğənnisi Gülxar Həsənova (1918 – 30.3.2005) Şəmkir rayonunda anadan olub. Gənc Tamaşaçılar Teatrında səhnə fəaliyyətinə başlayıb. 1942–1980-ci illərdə Akademik Opera və Balet Teatrının solisti olub, filmlərdə, televiziya tamaşalarında çəkilib.

5. 10 dekabr 1924-cü ildə Xalq şairi, dramaturq, Dövlət mükafatları laureatı Nəbi Xəzri (Nəbi Ələkbər oğlu Babayev; 1924 – 15.1.2007) Bakının Xırdalan qəsəbəsində doğulub. Kitabları: “İllər və sahillər”, “Ulduz karvanı”, “Ağ şimşəklər” və s. “Mirzə Şəfi Vazeh”, “Torpağa sancılan qılınc” və s. pyeslərin müəllifidir. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri olub.

6. 10 dekabr 1935-ci ildə Əməkdar rəssam, Dövlət mükafatı laureatı Fikrət Bağır oğlu Bağırov (1935-1996) anadan olub. “Azərbaycanfilm”də kino rəssamı işləyib. Bədii tərtibat verdiyi filmlər: “Şərikli çörək”, “Həyat bizi sınayır”, “İstintaq”, “Güllələnmə təxirə salınır!” və s.

7. 10 dekabr 1996-ci ildə Əməkdar incəsənət xadimi, şair, dramaturq İsgəndər Coşqun (1927–1996) vəfat edib. “Gəmidə söhbət”, “Qığılcımlar”, “Nəğmə dolu ürək” və s. kitabların müəllifidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin