“Heyvanı kişilər kəsər” ƏNƏNƏSİ – İslamda bu cür ŞƏRT varmı? - VİDEO

Hazırda oxunan: “Heyvanı kişilər kəsər” ƏNƏNƏSİ – İslamda bu cür ŞƏRT varmı? - VİDEO

224013

Azərbaycanda heyvan kəsimini yalnız kişilərin icra etməsi kimi bir ənənə var. Guya, qadınlar, yaxud sünnət olunmamış yeniyetmələr heyvan, toyuq kəsə bilməzlər. Bunu da İslam dini ilə əlaqələndirirlər. Deyilənə görə, dində belə bir qayda var ki, heyvanı qadın kəsə bilməz. Ona görə də, cəmiyyətimiz buna xüsusi diqqət edir və heyvan kəsən qadın görəndə təəccüblənirlər.

Bəs doğurdanmı, heyvanları qadınlar kəsə bilməz. İslamda belə bir qayda varmı?

İlahiyyatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında heyvan kəsimi ilə bağlı İslamda qeyd olunan məsələlərdən danışıb.

“İslam dininə görə heyvanların başını yalnız kişi kəsməlidir deyə bir qayda yoxdur. Bu, bizim özümüzdə formalaşmış yanlış ənənələrdən biridir  və farslardan keçib. Türk xalqlarında qadın at belində kişi ilə bərabər ova da çıxıb, hətta savaşlarda da iştirak edib, ox atıb, qılınc vurub...

Qadını bəzi haqlardan məhrum etmək, guya onun bacarığını məhdudlaşdırmaq doğru deyil. Nə Quranda, nə Peyğəmbərin əmrlərində qadınların barəsində belə bir məhdudiyyət yoxdur. Hətta bəzən el arasında deyirlər ki, sünnət edilməmiş uşaq da heyvan kəsə bilməz. Guya o, sünnət olunana qədər müsəlman sayılmırmış. Çox gülünc inancdır. İnsan qəlbi ilə müsəlman olur, tənasül üzvü ilə deyil”.

“Qadın bir çox kişilərdən də yaxşı heyvan kəsər…”

İlahiyyatçı qadınlara dinlə əlaqələndirilərək bu cür məhdudiyyətlərin qoyulmasını qınayıb:

Qadın əgər bacarırsa toyuq da, qoyun da, hətta inək də kəsə bilər. Özü də bilirəm ki, çox kişilərdən də yaxşı kəsər. Ancaq belə ağır işlər əsasən kişilərə xas olduğu üçün qadına ehtiram olaraq, əgər kişi varsa gərək kişi kəssin. Yoxsa kişi durub baxsın, qadın da qolunu çırmayıb qoyun kəssin, bu ədəb baxımından uyğun olmaz.

Ancaq bəzən yanlış inancın qorxusundan görürsən ki, bir qadın əlində toyuq, qaz yaxud hind quşu yolda, qapı ağzında durub saatlarla yolla keçən kişilərə ağız açır, xahiş edir ki, onu kəssinlər. Buna ehtiyac yoxdur. Qadın istənilən vaxt heyvan, quş kəsə bilər”.

Sünnət olunmamış yeniyetmələrə gəlincə, Tural İrfan bildirib ki, cəmiyyətdə mövhumatın nəticəsində heyvan kəsimi ilə bağlı müxtəlif fikirlər var.

“Sadəcə heyvanı kəsərkən Allahın adını çəkib yönünü qibləyə tutmaq kifayətdir. İstər qadın, istər uşaq, istər qız olsun, fərq etməz. Yetər ki, bacaran adam olsun. Hətta xristian və yəhudi kimi Kitab əhli olanların da kəsdiyi halaldır.

Camaat arasında yayılmış yanlış adətlərdən biri də qadının heyvan kəsə bilməməsi inancıdır. Bu, əksinə İslam dininə ziddir. Qurana görə Allahın halal bildiyini harama çevirməyin özü ağır günahdır. Qadınları, sünnət olunmamış yeniyetmələri heyvan kəsmək hüququndan məhrum etmək xurafat, mövhumat və cəfəngiyyatdan başqa bir şey deyil”.



Aynur, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin