Xalqımızın özünəməxsus türkəçarələri çoxdur. Bunlardan biri də qorxunu aradan götürmək üçün istifadə edilən “çildağ” üsuludur. Hətta Bakının Mərdəkan qəsəbəsində “Çildağ” kimi tanına “Pir Həsən” ziyarətgahıdır. Hansı ki bu cür məkanlar insanlarda yaranan qorxu, təşviş və bədnəzəri aradan götürmək üçün istifadə edilir. Bunu çıidağçı adlanan xüsusi insanlar edir.
Çıldağ edilən insanın bədəninin müəyyən yerlərinə xüsusi parçadan hazırlanan közlər vurulur.
Çıldağla bağlı belə bir fikir də var. Əgər bədənə köz dəyən zaman insan səksənmirsə, deməli, həqiqətən nədənsə çox qorxub.
Bir çox insan çıldağın mövhümat olduğunu düşünsə də, bu türkəçarəyə inananların, hətta faydasını görənlərin sayı az deyil.
Bəs çildağ, o cümlədən, buna bənzər digər iananclar İslam dinində necə qarşılanır?
Çıldağ həqiqətən də insana faydalıdırmı?
Məsələyə münasibət bildirən ilahiyyatçı Tural İrfan Bizim. Media-ya açıqlamasında bildirib ki, xalq arasında yayılmış bir çox ənənələr xurafata dayansa da, mövhumat xarakterli olsa da, bəziləri əsaslı və faydalıdır.
Müsahibimiz çıldağdan öncə belə inanclardan biri olan bədnəzərdən danışıb:
Göz dəymə və yaxud bədnəzər də bu qəbildəndir. Bəzi ölkələrdə bu kimi məsələlərlə məşğul olan, tədqiqat aparan elmi mərkəzlər, institutlar var və onlara sahib olan insanları xüsusi gəzməyə məcbur edirlər. Çünki onların gözündə xüsusi bir enerji var ki, bunun maddəyə, cismə təsiri var. Sınaqlar da göstərir ki, bu, var. Quran da təsdiq edir ki, sehr, bədnəzər var. Sehr də mənfi enerjinin şəxsə yönləndirilməsidir. Onun mənfi auraya, bədbin notlarla blokadaya alınmasıdır ki, bu zaman hərəkət, fəaliyyət və düşüncədə ləngimə, pozulma meydana çıxır”.
Tural İrfan çıldağ və onun yaranma sıbıəblərindən də danışıb:
“Qorxu elə bir haldır ki, bunun növləri müxtəlifdir. Bu növlərin bəziləri fərqli xəstəlik və problemlərə gətirib, çıxara bilir. Bu da insanların yaş və xarakterindən, sağlamlıq dərəcəsindən asılıdır. Təbii ki, qədim zamanlarda psixoloq, psixiatr, nevroloji xəstəliklər üzrə mütəxəssislər olmadığı üçün insanlar təbii, sınanmış yollarla qorxu və qorxudan yaranan problemləri aradan qaldırıblar. Çıldağ da bu qədim adətlərdəndir. Onun elmi, tibbi, psixoloji cəhətdən mahiyyəti sadəcə bizdə araşdırılmayıb. Araşdırılsa, şübhəsiz ki, bunun elmi izahı da olmamış olmaz”.
Yuxarıda qeyd etdiyimiz kimi, çıldağdan həqiqətən fayda gördüyünü deyənlər də var. Bəs bunun səbəbi nədir?
“Çıldağ zamanı bədənin müxtəlif sinir bölgələrinə toxunulur və od vasitəsi ilə oynadılır.
Bu zaman qan dövranı ləngimiş nahiyələrdə proses güclənir. Əsas odur ki, fayda verməsə, insanlar müraciət etməz. Ələlxüsus da bəzi həkimlərin yarıtmaz fəaliyyəti insanları bu kimi qədim vasitələrə müraciət etməyə vadar edir. Tibbin, elmin inkişaf etdiyi bir dövrdə təbii ki, bu kimi vasitələr bir qədər qəribə görünür. Lakin sınaqlar, adətlər və inanc da böyük rol oynayır. Bunu həkimlər də təsdiq edir ki, insana inandığı müalicə, inandığı reabilitasiya daha tez təsir edir. Çıldağ da insanların inancıdır”, - deyə müsahibimiz qeyd edib .
Bəs İslam dinində çıldağla bağlı hədislər varmı?
Tural İrfan əlavə edib ki, dindəki bəzi hədislərdə yazılan müalicə üsullarından biri həcəmət, yəni, qan almaq, biri də dağlamaq, yəni, çıldağ kimi vasitələrdir:
“Bu gün qan almağı elm də təsdiq və təqdir edir. Əski zamanlarda yaraları isti alətlə dağlayıb, qan axınının qarşısını alıblar. Bu da bu gün tibbdə var. Bəzi yaraları dağlayırlar. Həmçinin, nevroloji xəstəliklər zamanı sinir sisteminə təsir etmək üçün iynəbatırma, xüsusi duş və s vasitələr istifadə edilir. Çıldağ zamanı da buna bənzər üsullarla qorxan adama təsir edilir”.
Nəzrin Mirzəyeva, Bizim.Media