Qadınlarda artan AQRESSİYA – “Onların “kişiləşmə”sinin səbəbi keyfiyyətsiz qidalardır”

Hazırda oxunan: Qadınlarda artan AQRESSİYA – “Onların “kişiləşmə”sinin səbəbi keyfiyyətsiz qidalardır”

223695

Xəbər verdiyimiz kimi Masazır qəsəbəsindəki evlərdən birində arvad ərini bıçaqlayıb. Nəticədə kişi dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Qadın artıq hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Nəzər alaq ki, son zamanlar qadınların kişilərə qarşı aqressiyası çoxalıb. Bu aqressiya bir çox hallarda ağır cinayətlərlə yekunlaşır.

Bəs, qadınların bu qədər aqressiv olmasının səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova bildirdi ki, əvvəllər məişət cinayətlərində qurban daha çox qadın olardı:
 

MÖVZU İLƏ BAĞLI:

İnsanlar yaşlandıqca aqressivləşir, yoxsa “yeddisində nədirsə, yetmişində də odur”?


“Amma son zamanlar vəziyyət dəyişib. Baxırsan ki, bir çox kişilər fiziki zorakılığa məruz qalır. Hətta belə zorakılıq ölüm hadisəsinə qədər gedib çıxır. Son 24 saatda qadınların törətdiyi qatı cinayətlə bağlı 3 xəbər oxumuşam ki, onlardan biri də ölümlə nəticələnib.

Əvvəllər də qadınların kişilərə qarşı zorakılığnı eşidirdik. Bu da əsasən qısqanclıq zəminində baş verirdi. Lakin indiki halda qadınların etdiyi qəddar və zorakı hərəkətlərinin səbəbi bəlli deyil. Hər hadisənin bir səbəbi var. Yəni heç bir halda hadisələr eyni səbəbdən törədilmir”.

Müsahibimiz təəssüflə bildirib ki, qadınlar öz zərifliklərini sürətlə itirirlər:

“Daha şeirlərdə vəsf olunan qadın zərifliyinə rast gəlinmir. Sanki qadınlarda “kişiləşmə” gedir. Ola bilsin ki, bu da hormonal pozğunluqdur. Əgər biz tez-tez gənclərdə qadınlaşma faktlarından danışırıqsa və bunun da bir səbəbini süni qidalarda görürüksə, deməli həmin süni qidalar da qadınların fizionomiyasına, psixologiyasına mənfi təsir edir. Nəticədə qadınlar sürətlə kişiləşir. Onlar zərifliklərini itirir, daha kobud və qaba olurlar.

Bu gün küçədə ucadan danışan, kişi kimi hərəkət edən və hətta kişilərə əl-qol atan qadınları daha çox görürük. Eləcə də, idman stilində geyinən qadınlar çoxluq təşkil edir. Əvvəllər qadınla daha zərif və incə idi. İndiki qadınlar bütün mənada kobudlaşıb. Kişi kimi geyinir, kişi kimi danışır və hətta özlərini kişi kimi ifadə edirlər. Yəni qarşısındakına qarşı zorakı olurlar.

Bunlar ancaq hormonal pozğunluğun əlamətidir. Bunun da mənbəyi, mənşəyi keyfiyyətsiz qidalardır. Qadınlarda qadınlıq hissi o qədər zəifləyib ki, çoxları ana olmaq belə istəmirlər. Unutmayaq ki, istənilən doğuş qadının fiziki və psixoloji sağlamlığına təminat yaradır. Uşaq dünyaya gətirməyən qadının həm fizionomiyası, həm psixologiyası pozulmuş olur. Belə qadınlar özlərini ifadə və idarə etməkdə çətinlik çəkirlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin