Evsizlik probleminin təkcə gənc ailələrin problemi olmadığı indiki şəraitdə dövlətin bu problemin həllinə dəstək məqsədilə ayırdığı vəsaitin üçdə birindən də az hissəsi xərclənib.
Belə ki, 2020-ci ilin dövlət büdcəsindən Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna 90 mln. manat ayrılıb. Hesablama Palatasının “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir ki, həmin məbləğin 70 mln. manatı Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin güzəştli ipoteka kreditləri vasitəsilə satışı üçün ayrılıb.
Ayrılmış 70 mln. manat vəsaitin ilin sonuna 50 mln. manatı isə istifadəsiz saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Verilən ipoteka kreditlərinin HƏCMİ – 2 milyard manata yaxınlaşır
Bizim.Media evsizlik probleminin aktual olduğu bir vaxtda bu qədər vəsaitin xərclənməməsinin səbəblərini araşdırmağa çalışıb.
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondundan Bizim.Media-ya verilən açıqlamada vəsaitin xərclənməsinin Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olduğu açıqlanıb. MİDA ilə isə əlaqə saxlamaq mümkün olmayıb.
İqtisadçı Rəşad Həsənov isə Bizim.Media-ya açıqlamasında bildirib ki, mövcud şərtlər daxilində dövlət vəsaitləri hesabına verilən ipoteka əlçatmazdır:
“Çünki limitlidir və tələb çoxdur. Urbanizasiya prosesi, regionlarda iş yerlərinin olmaması, şəhərlərə axın da daşınmaz əmlak bazarında tələb formalaşdırır. Bunun qarşılığında Fond tərəfindən ən yaxşı halda 1000-1500 mənzil təklif edilir”.
MİDA-ya ayrılan vəsaitin xərclənməməsinin səbəblərinə gəlincə, iqtisadçı hesab edir ki, bu durum əsasən iki səbəblə bağlı ola bilər:
“MİDA-nın satışları hazırda Hövsan layihəsində davam edir. Ola bilsin ki, Agentlik tikinti prosesini vaxtında başa çatdırıb, satışları qrafikə uyğun həyata keçirə bilməyib. Digər səbəb isə o ola bilər ki, alqı satqı prosesində iştirak edənlərin əksəriyyəti daha çox nağd yolla mənzillərin alınmasına üstünlük veriblər.
Orda sistem belədir ki, həm nağd, həm ipoteka ilə alqı-satqı imkanları yaradılır, amma nağd alqı-satqı zamanı 10 faiz güzəşt edilir. Ola bilər ki, planlaşma əvvəlki illərdə olan alqı-satqı prosesinə uyğun aparılsın və ehtimal olunan tələb irəli sürülsün və həmin nisbət ayrılsın. Amma sonra həmin tələb yerinə yetirilməsin”.
Xatirə Nəsirli, Bizim.Media