44 günlük Vətən Müharibəsində iştirak edən şəxslərə dövlət tərəfindən daha bir qayğının göstərilməsi zəruri hesab edilir. Təklif olunur ki, müharibə iştirakçıları ali təhsil müəssislərinə müsabiqədən kənar qəbul edilsinlər.
Qeyd edək 2018-ci ildə “Təhsil haqqında” Qanuna edilən dəyişikliyə əsasən, beynəlxalq yarış və olimpiadaların qaliblərinə istiqamət üzrə ali məktəblərə qəbul olunmaq şansı verilib.
MÖVZU İLƏ BAĞLI:
Şəhid ailələrinin üzvləri imtahanlarda iştirak üçün vəsait ödəməyəcək
Müharibə iştirakçısı olan şəxslər isə praktiki olaraq hərbi əməliyyatlarda iştirak ediblər, yəni yetərli təcrübə qazanıblar. Hesab olunur ki, onların hərbi hazırlıqla və idmanla bağlı ixtisaslara qəbul edilməsi məqsədəuyğun olar.
Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə Bizim.Media-ya açıqlamasında bildirib ki, ali və orta ixtisas təhsili müəssisələrə tələbə qəbulu Nazirlər Kabinetinin Qərarları ilə tənzimlənir:
“Dövlət İmtahan Mərkəzi icraçı qurumdur. Əgər qanunvericilikdə bu məsələ ilə bağlı müvafiq dəyişikliklər edilərsə və həmin şəxslərə müsabiqədənkənar qəbul olmaq hüququ verilərsə, təbii ki, qəbul prosesi DİM tərəfindən həmin qaydalara uyğun aparılar”.
Təhsil eksperti Kamran Əsədov Bizim.Media-ya açıqlamasında bildirib ki, təhsilin əlçatanlığını artırmaq üçün ali məktəbə qəbul olunacaq şəxslərin sayı artırılmalıdır:
“Onsuz da plan yerləri genişdir və hər il ali məktəblərə 6000-dən çox plan yeri boş qalır. Digər tərəfdən isə onsuz da bu gənclər ən böyük yarışın qalibləridir. Biz hərbçilərimizin intelektual və fiziki bacarıqlarının sayəsində ən böyük yarışda qalib gəlmişik. Cəmiyyət olaraq onlara daha çox qayğı göstərilməlidir ki, gələcəkdə də insanlar öz canlarını və qanlarını vətən uğrunda fəda eləməkdən çəkinməsinlər”.
Kamran Əsədov qeyd edir ki, müharibə iştirakçılarının bir qismi gənc qazilərdir və onların sosial durumunun yaxşılaşması, əmək bazarında özünə yer tutması və ən vacibi cəmiyyətə inteqrasiyası üçün bu şərtdir:
“Onlar müharibənin çətinliklərini görüblər, döyüş yoldaşları yanlarında şəhid olub. Bu baxımdan da düşünürəm ki, ali təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik olmalıdır. Bu cür şəxslər bədən tərbiyəsi, ibtidai hərbi hazırlıq tipli ixtisaslara qəbul ola bilərlər. Və ya I,II turlar başa çatdıqdan sonra boş qalan qəbul yerləri onların arasında bölüşdürülməlidir”.
Qarabağ Qaziləri İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu isə hesab edir ki, müharibə iştirakçılarının işlə təminatı daha önəmli məsələdir:
“Doğrudur, ali məktəblərə imtahansız qəbul edilmələri də məqsədəuyğundur, amma mən hesab edirəm ki, ali təhsili qazilər, şəhid və qazi ailələrinin üzvləri imtahansız dövlət qulluğuna işə qəbul edilməlidirlər. Türkiyədə bu təcrübə var, şəhid ailəsinun 2 üzvü dövlət qulluğuna imtahan vermədən götürülür”.
Xatirə Nəsirli, Bizim.Media