Zaqatalanın Meşleş kəndinin yol və qaz problemi ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Hazırda oxunan: Zaqatalanın Meşleş kəndinin yol və qaz problemi ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

223532

Zaqatalanın ucqar yaşayış məntəqələrindən biri də Meşleş kəndidir. Sakinlər kəndə gedən dağ yolu və daxili yolların bərbad vəziyyətindən şikayətçidirlər.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Talaçay üzərindəki körpünü keçəndən sonra dağlara doğru dar, dolanbac bir yol başlayır.

Bu yol bizi Meşleş kəndinə aparır.


Meşleş kəndi dağlıq ərazidə yerləşir. Sakinlərin sözlərinə görə, vaxtilə onlar Tala çayını keçərkən ciddi problemlə üzləşiblər. Hətta bir neçə nəfər də həyatını itirib. Hazırda isə burada yeni körpü inşa olunub və bu problem həllini tapıb. İndi isə sakinlərin başlıca qayğısı dağ yoludur. Kəndə gedən 3 km-lik yolu zaman-zaman sel suları yuyub-dağıdır ki, bu da sakinlərin hərəkətinə ciddi problemlər yaradır.

Hava çiskinli-dumanlı olduğundan ətrafı yaxşı yer edə bilməsək də, kəndin relyefi onun dağların ətəyində yerləşdiyindən xəbər verir. Nəhayət, həyətlərin birindən iki qadının bizi seyr etdiyini görürük. Bizi Məryəm Davudova qarşılayır. Dörd övlad anası olan bu qadını cəmi bir dəqiqə dinləyəndən sonra mənzərə aydın olur:


“Bizim kənd ucqar bir kənddir. Səfalı bir yerdir. Burada yaşayış yoxdu. Cavanların hamısı köçüb gedirlər. Şəraitimiz yoxdu, yolar bərbad, qazımız da yoxdu”.

Kəndin digər sakini Nəzmiyyət Cumayeva isə başqa bir problemdən söz açıb:

“Xəstəmiz olur, yanğın olur, bura maşın çıxmır. Təcili yardım gəlmir, yollarımız bu gündədir. Bəlkə qazımız olsa, yaxşı olardı, biz də bir rahatlıq görərdik”.

Sakinləri dinlədikcə aydın olur ki, onlar tək yol sarıdan deyil, həm də mavi yanacaq, eləcə də digər problemlərdən əziyyət çəkirlər. 

Kənd sakini Üzeyir Ramazanov deyir 55 yaşı var və kəndin “ən gənci” sayılır. Onun sözlərinə görə, demək olar, kənddə 40-50 yaş arası insanların əksəriyyəti şəhərə, ya da yaxın kəndlərə köç edirlər.

Sakinlərin digər bir qayğısı da tibbi sağlamlıqla bağlıdır.


Kənd sakini Ziyafət İbrahimovanın sözlərinə görə, həyat yoldaşı ağır xəstəlikdən əziyyət çəkir. Kənddə həkim məntəqəsi olmadığından onlar qonşu kəndə getməli ya da yoldaşı üçün tibbi bacısını bura öz xərcləri hesabına gətirməlidirlər.

Sakinlərin qaldırdığı bütün məsələləri öz növbəmizdə Zaqatala rayon icra hakimiyyətinin rəsmilərinin diqqətinə çatdırdıq. 

46 təsərrüfatı, 150 nəfər sakini olan Meşləş kəndinin icra nümayəndəsi Mais Əlisoltanov yol problemi ilə bağlı bunları deyib:


“Meşleş dağ kəndi olduğundan leysan yağışları, daşqınlar tez-tez baş verir və nəticədə yollar bərbad vəziyyətə düşür. Amma müvafiq orqanlar operativ olaraq ora texnikalar cəlb edərək çətinlikləri aradan qaldırmağa çalışır”.

Kənddə tibb məntəqəsinin olmadığını deyən icra nümayəndəsi bu səbəbdən dolayı sakinlərin Yuxarı Tala kəndində istənilən tibbi xidmətlə təmin olunduğunu söyləyib.

İcra nümayəndəsinin sözlərinə görə, əgər zərurət yaranarsa, vaksin məsələlərində tibb məntəqəsinin personalı Meşleş kəndinə qalxaraq orada xidmət göstərirlər.

İctimai nəqliyyat məsələsinə gəlincə...


Mais Əlisoltanov bildirib ki, Tala çayı keçən kimi, yəni kəndin dağ yolunun başında bəlli saatlarda nəqliyyat gözləyir. İcra nümayəndəsi bu məsələ, eləcə də kəndin digər sosial qayğıları ilə bağlı sakinlərlə yenidən görüşəcəklərini və daha ətraflı müzakirələr aparılacağına söz verib.

Mövzunu diqqətdə saxlayacağıq.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin