Ötən il Azərbaycanda 531 körpə ölü doğulub. 2023-cü ildə perinatal dövrdə (dölün bətndaxili həyatının 22-ci tam həftəsindən başlayır) ölənlərin sayı 1 837 döl təşkil edib. Perinatal ölümün əmsalı isə hər 1 000 nəfər diri və ölü doğulana 16,2 nəfər olub.
Bundan başqa, həmin müddətdə 7 günədək ömür sürən körpə sayı 1 306-dir.
Həmçinin ölkədə ötən il üzrə 2 min 39 bir yaşadək körpə ölümü baş verib və bunun 1317-si şəhər, 722-si isə kənd yerlərində qeydə alınıb. Beş yaşadək ölən uşaqların sayı 2 min 395 olub ki, bunun da 1329-u oğlan, 1066-sı qızdır.
Eyni zamanda ötən il Azərbaycanda 33 ana ölümü faktı qeydə alınıb. Bu göstərici hamiləlik, doğuş və zahılıq dövründə ölən anaları əhatə edib. Məlumat üçün bildirək ki, 2022-ci ildə ana ölümlərinin sayı 18 olub.
Bu artımın səbəbi nədir?
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən həkim-ginekoloq Təranə Həsənova bildirib ki, əvvəlki illərdə ana ölümlərinin sayı bir qədər aşağı düşmüşdü:
MÖVZU İLƏ BAĞLI:
Dünyada hamiləlik və ya doğuş zamanı hər iki dəqiqədə bir qadın ölür
“Amma çox təəssüf ki, bu göstərici yenidən artıb. Ölüm saylarının artmasının konkret səbəbləri var. Acı nəticə də sırf səbəblərlə bağlıdır. Ona görə də aparılacaq işlər nəticəyə yox, sırf səbəblərə yönəldilməlidir. Səbəblər ortadan qaldırıldıqca nəticə də müsbətə doğru dəyişəcək. Bu işlərsə tibbi-profilaktika yolu ilə aparılmalıdır.
Beynəlxalq statistikaya görə ana ölümlərinin birinci səbəbi qanaxmalardır. Bu əsasən doğuşdan və yaxud kesir əməliyyatından sonra baş verir. Digər səbəblərsə ekstregenital xəstəliklər və mamalıq patologiyalarıdır. Mamalıq patologiyasının bir sıra ağırlaşdırıcı halları var. Ona görə də qadınların bir çoxu hamiləlik dövründə buna məruz qala bilir.
Patologiyanın müxtəlif risk qrupları var. Hamiləliyə nəzarət edən həkim hamilə qadının hansı risk qrupuna aid olduğunu müəyyən edib, müalicəsini aparmalıdır.
Erkən yaşda ərə verilmiş qızlar və gec yaşda hamilə qalan qadımlar bu risk qrupuna aiddir.
Əgər vaxtında yardım göstərilməsə, mamalıq patologiyası qadınların doğuşdan əvvəl də ölümünə səbəb ola bilir. Bəzi hallarda isə doğuşdan sonra patologiya səbəbilə qadınlar komaya da düşə bilir”.
“Problem vaxtında aşkar edilməlidir”
Müsahibimiz onu da əlavə edib ki, ekstregenital xəstəliklər uşaqlıq və yumurtalıqdan kənar olan digər xəstəliklərdir:
“Bundan əlavə, ürək-damar, qaraciyər, böyrək və digər xəstəliklər hamiləlik dövründə və doğuşdan sonra ölüm hallarına da aparıb çıxara bilər. Ona görə də hər bir qadın hamiləlik dövründə xüsusilə diqqətli olmalıdır. Hamilə qadının risk qrupuna aid edilməsi vaxtında aşkar edilməlidir. Hamilə qadının arterial təzyiqinə, xarici görünüşünə, bütün analizlərinə, dölün inkişafına çox ciddi nəzarət edilməlidir. Əgər bütün bunlar olursa, heç bir patologiya baş vermir. Patologiyanın qarşısı müalicə və hətta hamiləliyin pozulması hesabına alınır”.
Hamilə qadınlar diqqətli olmalıdırlar
Təranə Həsənova xəbərdarlıq edib ki, bu məsələdə eyni məsuliyyət hamilə qadının üzərinə düşür:
“Qadın özü hamiləlik dövründə davamlı həkim nəzarətində olmalıdır. Əgər bir qadın hamiləlik dövründə qadın məsləhətxanasına gedib hamiləlik uçotuna dayanmırsa, o zaman həkim nə edə bilər?! Ərazidəki hər bir hamilə xanımın vəziyyəti barədə sahə həkimində müfəssəl məlumat olmalıdır. Bunun üçünsə hamilə qadın ilk növbədə uçota durmalıdır.
Əminliklə deyə bilərəm ki, vaxtında qadın məsləhətxanasında uçota dayanan və davamlı olaraq həkim müayinəsindən keçən qadınlarda patologiyanın baş verməsinin böyük ölçüdə qarşısı alınır. Bundan sonrası isə həkimin məsuliyyətidir.
Unutmaq lazım deyil ki, hər bir hamiləyə fərdi yanaşılmalıdır. Çünki bir çox xəstəliklər var ki, onların inkişafının qarşısını hamiləlik dövründə almaq olur. Belə olacağı təqdirdə ölüm halları da kəskin azalar. Amma yenə deyirəm ki, qanaxma halları hamiləliklə bağlı məsələ deyil”.
Surxay Atakişiyev, Bizim.Media