Plastik cərrahiyyə BƏLASI - Əzaları dolu, başı boş “həkim”lərlə hara gedirik?

Hazırda oxunan: Plastik cərrahiyyə BƏLASI - Əzaları dolu, başı boş “həkim”lərlə hara gedirik?

222747

Son günlər ölkə gündəmini zəbt edən plastik cərrahiyyə və bu işi görən saxta həkimlərin siyahısı geniş müzakirələrə səbəb oldu Günü-gündən artan qeyri-peşəkar estetik cərrahların qurbanlarının sayı da kifayət qədərdir. Ölkədə az qala tibb bacısından çox plastik cərrah var.

Bəs bunun səbəbi nədir?

Yaşının az olmasına baxmayaraq, imkan edib həm Tibb Universitetinin 6 illik kursunu, həm rezidentura pilləsini bitirib, üstəlik də hansısa xarici ölkədə uzmanlıq səviyyəsinə çatan bu təbiblərin sayının artmasında günahkar elə özümüz deyilikmi?!

Bütün dünya ölkələrində belədir. İnsanlar qazanc harada daha çoxdursa, o peşənin arxasıyca “qaçırlar”. Demək ki, bu gün Azərbaycan səhiyyə sahəsində daha çox plastik cərraha ehtiyac varmış. Əslində bir tərəfdən sevindiricidir, təki millətimiz sağlam olsun, təki hər hansı xəstəliklə mübarizə aparmayaq. Amma bizim niyə həkimlərinin sayını göbələk kimi günü-gündən artıran plastik cərrahiyyəyə bu dərəcədə ehtiyacımız olsun axı?! Sirr deyil ki, müraciət edənlərin böyük əksəriyyəti də xanımlardır.

Axı, əsrlər əvvəldən eşidilən və özümüzün də fəxrlə təkrarladığımız “Azərbaycan qadınları dünyanın ən gözəl xanımlarıdır” ifadəsi vardı. İndi o deyimin gücü hara yoxa çıxdı? Artıq gözəl deyilikmi? Mən deyim. Bəli, artıq əksəriyyətimiz gözəl deyilik. Allahın bizə lütfündən doğaraq bəxş etdiyi təbii gözəlliyi, şarmı öz əllərimizlə qeyri-peşəkarlara həvalə edərək, zombiləşirik.

Həmcinslərim məni linçləməmiş, bildirim ki, estetik əməliyyatlara qətiyyən qarşı deyiləm. Amma dahi Nizami demiş “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”. Biz isə bu sahədə əməlli ifrata varmışıq. Bəzilərində xanımlıqdan əsər-əlamət qalmayıb.

Əzalar böyüyür, beyin isə…

Çox uzağa getməyək. Təxmini 10-15 il bundan əvvəl ölkəmizdə barmaq sayı qədər plastik cərrah vardı və onlara da əksərən şou-biznes nümayəndələri müraciət edirdilər. Biz isə qəbul edirdik ki, səhnə adamlarıdır, milyonların qarşısına çıxırlar və gözəl, qüsursuz görünmək istəyirlər. İndi isə az qala heç bir peşə təhsili olmayan evdar qadınlar estetik cərrahiyyənin yolunu su yoluna döndəriblər. Həm də "gözəllik 10-dur, 9-u don" misallını əllərində bayraq edərək. Gözəlliyin tamamlanması bəzək-düzəkdən keçir, amma oradakı "9" hara gəldi botoksu, geli, piyi dolurub, əcaib məxluqa çevrilmək deyil axı. Şəhərdə gəziləsi deyil, adam özünü cinlər diyarına düşmüş Qərib kimi hiss edir.

Məqsədiniz nədir?

Səbəbini araşdırmaq istəmirəm. Qısaca deyim ki, yuxarıda vurğuladığım kimi qazancın çox olduğu sahəyə yönəlir insanlar. Bu isə başqa mövzudur, həm də müzakirəsi tükənməyən mövzu.

Xülasə, əgər bu gün ölkəmizdə peşəkar və ya qeyrisindən bu qədər estetik cərrah varsa, özümüz günahkarıq. Sosial şəbəkədə bir balaca reklamı güclü olan bir təbibin yanına qaçmazdan öncə, özünüzü olduğu kimi bəyənməyə çalışın.

Sadəcə aynanın qarşısına keçib “mən gözələm, çünki mən Azərbaycan qadınıyam. İllərlə gözəlliyinə şeirlər, yazılan, mahnılar bəstələnən. Dünya ölkələri qadınlarının qısqandığı, isməti dillər əzbəri olan Azərbaycan gözəliyəm mən” ifadələrini təkrarlasanız, bu, mənşəyi məlum olmayan özünəinam və güvən əskikliyindən bir balaca uzaqlaşmış olarsınız.

Özünüzü sevin və məcbur edin ki, sizi də olduğunuz kimi qəbul etsinlər. Gözəl və sağlam qalın, əziz xanımlar…

Ülviyyə Fərhad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin