Azərbaycanda 1500 məktəb BAĞLANIR?

Hazırda oxunan: Azərbaycanda 1500 məktəb BAĞLANIR?

222691

“1500 məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Son günlərdə mən və ya Elm və Təhsil Nazirliyi tərəfindən bu məsələ ilə bağlı hər hansı bir fikir səsləndirilməyib”. 

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev açıqlama yayıb.

Nazir qeyd edib ki, bu xəbərin yaranmasına səbəb mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün anlaşılmamasıdır:

“Səsləndirilən fikirlər isə aşağıdakılardır:

1. Ölkədə fəaliyyət göstərən təxminən 4400 məktəbin 1500-də 100-dən az şagird təhsil alır.

2. Şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Bəzi hallarda bu məbləğ paytaxtda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur (məsələn, 5 nəfər şagirdi olan məktəbdə bir nəfər şagirdə düşən illik xərc 25-27 min manatdır, 10-15 nəfər şagirdi olan məktəbdə isə bu xərc 13-15 min manatdır).

3. Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq.

Bu üç fikri ümumiləşdirərək “Ölkədə 1500 məktəb bağlanacaq” nəticəsinə gəlmək düzgün deyildir”. 

E. Əmrullayev cari tədris ilində şagird sayı 10-a qədər olan ümumilikdə 142 məktəb üzrə xərclərin əsaslı şəkildə rasionallaşdırıldığını bildirib:

“Rasionallaşdırılma dedikdə yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzərdə tutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması da daxildir. Məktəb şəbəkəsinin rasionallaşdırılması Elm və Təhsil Nazirliyi tərəfindən daim diqqətdə saxlanılan məsələ olsa da, yaxın gələcəkdə kütləvi sayda məktəblərin bağlanılması və ya fəaliyyətlərinin dayandırılması planlaşdırılmır”.

Qeyd edək ki, ötən gün Milli Məclisin deputatı Ceyhun Məmmədov 2025-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı bildirib ki, əksər ərazilərdə ciddi şagird sıxlığı var:

“Rəsmi rəqəmlərə görə, təxminən 4400 məktəbdən 1500-nün bağlanması planlaşdırılır. Vəsaitin lazım olduğunu başa düşürəm, amma məktəblərin bağlanması o ərazilərin boşalmasına gətirib çıxaracaq”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin