Son iki gündə Şimal-Qərb bölgəsində havanın qeyri-sabit keçməsi, leysan yağışları artıq qarla əvəzlənib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, gecə saatlarından başlayan leysan yağışları bir sıra ucqar yaşayış məntəqələrində sulu qar və qara çevrilib.
Belə ərazilərdən biri də dəniz səviyyəsindən 2 min metrə yaxın yüksəklikdə yerləşən Sarıbaş kəndidir.
Səhər saatlarından başlayaraq kəndə sulu qar yağıb. Günün ikinci yarısından isə bu qarla əvəzlənib. Sakinlərin sözlərinə görə, artıq qarın hündürlüyü bəzi yerlərdə 5-7 sm arasında dəyişir.
Bu ucqar yaşayış məntəqəsində ötən axşam mənfi 2 dərəcə şaxta olub. Qarın yağması göstərir ki, bu gecə də kənddə temperatur mənfi 3-5 dərəcəsində olacaq.
Sakinlər onu da bildiriblər ki, hazırda qarın yağması dayanıb və xəfif yel əsir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu