Günümüzdə bir çox insan evində, geyimində canlı rənglər əvəzinə daha qəhvəyi, krem tonlarından istifadə edir. Bu da cəmiyyətdə, konkret desək sosial mediada formalaşan “estetik görünüş” anlayışından irəli gəlir.
Bir məqam da budur ki, bu rənglərdən istifadə sadəcə böyüklərin yox, azyaşlıların da geyimlərində, otaqlarında dəbə düşüb. Belə ki, artıq uşaqlar öyrəşdiyimiz kimi canlı tonlarda, sanki xəyal dünyalarını əks etdirən rəngarəng geyimləri yox, qəhvəyi, krem rəngli geyimləri geyinməyə məcbur qalırlar. Çünki valideynləri övladlarının rəngarəng dünyasından daha çox “estetikliyə” önəm verirlər.
Bəs uşağın həyatında, geyimində belə soyuq tonların istifadəsi onun psixologiyasına necə təsir edir?
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən ailə və uşaq psixoloqu Aynur İsmayılova ilk olaraq vurğulayıb ki, valideynin estetikliyi onun övladına davranışı olmalıdır:
“Çünki uşaqlar bütün geyindiklərini, yediklərini, oynadıqları məkanı da unuda bilərlər, amma valideynlərinin davranışlarını heç vaxt unutmazlar. Valideynlər estetikliyi etiket qaydalarında qorusalar, daha yaxşıdır”.
Psixoloq soyuq rənglərin istifadəsinin gələcəkdə yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib:
“Soyuq rənglərdən istifadə etmək gələcəkdə uşaqda birmənalı şəkildə depressiyalara səbəb ola bilər. Çünki insan nə geyinirsə, hansı tonlardan istifadə edirsə, yaşından asılı olmayaraq o rəngin özünə çevrilir”.
Müsahibimiz canlı rənglərin uşağın dünyaya baxışına necə təsir etdiyini də deyib:
“Canlı rənglərdən və rənglərin çoxluğundan daha çox istifadə olunsa, uşaq şüuraltında qəbul edəcək ki, əhval-ruhiyyəsi dəyişkəndir, o, emosionaldır. Buna görə də daha çox canlı rənglərdən, rənglərin açıq çalarlarından istifadə olunsa, uşaq rənglərin psixologiyasına təsirini özü anlayacaq və seçim edəcək. Bu zaman uşağın özgüvəni də artır”.
Nəzrin Mirzəyeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:20 / 21.11.2024
Estetiklik MƏCBURİYYƏTİ – Uşaqların geyimlərində soyuq rənglərdən niyə istifadə olunur?
Hazırda oxunan: Estetiklik MƏCBURİYYƏTİ – Uşaqların geyimlərində soyuq rənglərdən niyə istifadə olunur?
Hazırda oxunan: Estetiklik MƏCBURİYYƏTİ – Uşaqların geyimlərində soyuq rənglərdən niyə istifadə olunur?
221602
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.