“Yer kürəsi uşaqların gözləri ilə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri elan olunub

Hazırda oxunan: “Yer kürəsi uşaqların gözləri ilə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri elan olunub

220756

IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın himayəsi, COP29 Azərbaycan Əməliyyat Şirkətinin dəstəyi və “Reza Visual Academy” assosiasiyasının təsisçisi, həmçinin beynəlxalq müstəvidə tanınmış fotoqraf Reza Deqatinin təşəbbüsü ilə həyata keçirilən “Yer kürəsi uşaqların gözləri ilə” adlı beynəlxalq fotomüsabiqə yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində 18 yaşadək uşaq və yeniyetmələr üçün 11 oktyabr-2 noyabr tarixləri arasında keçirilmiş “Yer kürəsi uşaqların gözləri ilə” adlı beynəlxalq fotomüsabiqə iqlim məsələləri ilə bağlı məlumatlılığı artırmaq məqsədi daşıyıb, həmçinin gəncləri təbiətin gözəlliyi, eləcə də çirklənmə və iqlim dəyişmələrinin yaratdığı problemlərlə bağlı öz baxışlarını bölüşməyə dəvət edib. 

“Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” şüarı altında baş tutan və 3000-dək fotoşəklin təqdim olunduğu müsabiqədə ümumilikdə 11 namizəd mükafatlandırılıb.

10-18 yaş kateqoriyası üzrə Filippin, Şri-Lanka və Maltadan olan üç namizəd müvafiq olaraq birinci, ikinci və üçüncü yerə layiq görülüb və hədiyyələrlə mükafatlandırılıb. Eyni kateqoriya üzrə Banqladeş, İran, İrlandiya və Birləşmiş Krallıqdan olan üç fotoqrafa isə yaradıcı və düşündürücü fotoşəkillərinə görə fəxri mükafatlar və “Reza Visual Academy”-nin təsisçisi tərəfindən şəxsi mentorluq təqdim olunub.

10 yaşadək kateqoriya üzrə isə Türkiyə, İsveçrə, Fransa və İrandan olan ilk beş finalçı mükəmməl təqdimatlarına görə həm münsiflər heyəti, həm də “Reza Visual Academy”, “Degati Agency” və “Webistan” təşkilatları tərəfindən xüsusi mükafatlara layiq görülüblər.

Ümumilikdə Azərbaycanla yanaşı ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İsveçrə, Norveç, İtaliya, Danimarka, Avstriya, İrlandiya, Macarıstan, Estoniya, Albaniya, Türkiyə, Malta, Pakistan, Əfqanıstan, İran, Gürcüstan, Ukrayna, Rusiya, Avstraliya, Hindistan, Çin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Koreya Respublikası, Birləşmiş Ərəb Əmirliyi, İordaniya, Misir, Əlcəzair, Anqola, Ekvador, Efiopiya, Nigeriya, Nepal, Cənubi Afrika, İndoneziya, Malayziya, Myanma, Filippin, Şri-Lanka, Tayvan, Banqladeş, Kamerun, Meksika və Vyetnamdan beynəlxalq fotomüsabiqədə iştirak etmək üçün çoxsaylı müraciətlər daxil olub.
 

Namizədlər müsabiqə çərçivəsində iqlim dəyişmələri ilə bağlı məlumatlılığı artırmaq, potensial həll yollarını vurğulamaq və planetimizi qorumaq üçün məsuliyyət hissini bölüşmək məqsədilə maraqlı fotoşəkillərdən istifadə ediblər.


Qaliblərin, eləcə də digər iştirakçıların fotoşəkilləri noyabrın 18-də saat 19:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək sərgidə nümayiş etdiriləcək. COP29-da iştirak edən çoxsaylı beynəlxalq qonaqların da sərgiyə qatılması gözlənir. Təbiətin gözəlliyi və ekoloji problemlərin aktuallığını əks etdirən bu diqqətəlayiq işlər müsabiqənin rəsmi veb-saytında da təqdim olunacaq.

Daha ətraflı məlumat əldə etmək və qalib fotoşəkillərlə tanış olmaq üçün //childreneyes.earth veb-saytına daxil ola, suallarınızı [email protected] e-poçt ünvanına yönləndirə bilərsiniz.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin