“Ayrıca ağ gün, qara gün yoxdur, ağlı-qaralı ömür var...”- Əkbər Qoşalı

Hazırda oxunan: “Ayrıca ağ gün, qara gün yoxdur, ağlı-qaralı ömür var...”- Əkbər Qoşalı

220009
Tanınmış şair Əkbər Qoşalının 45 yaşı tamam oldu. Doğum günündə dostumuz olan şairə biz də öz təbriklərimizi çatdırdıq. Bəs 45 il Əkbər Qoşalının ömründən necə keçdi? Nələr yaşadı bu illər ərzində? Moderator.az-a açıqlamasında Əkbər Qoşalı bildirib ki, illər bir göz qırpımında keçdi:xa0

“Elə anlar olur, deyirəm, “bir göz qırpımında keçdi”, elə də olur, “ağır keçdi, ömürdən yorğun düşdüm”-deyə düşünürəm. Gah uğurlar, sevinclər gəlir ağlıma, gah uğursuzluqlar zolağı. Olur ki, yolları salxım ağaclı düzəngahlar, gah da olur, yoxuşlar gəlir göz önümə. Ağrılar-acılar bir yandan, çətin qazanılan başarılar digər yandan ömrümüzü dəngədə saxlayır, elə bil. Oysa, həqiqət bu təzadların universal ortamındadır. Bəlkə də, təzadlı ayrım yox, bütün əkslikləri ilə bir ömürdən, eyni hadisədən danışmaq daha doğru olar; ayrıca ağ gün, qara gün yoxdur, ağlı-qaralı ömür var – bir, bircanlı”.

Ə.Qoşalı deyib ki, ömrünün 18 ilini kənddə yaşayıb:

“45 illik ömrün ilk 18 ili dəniz səviyyəsindən 1555 m.-ə qədər yüksəkliklərdə - doğulduğum, böyüdüyüm, yaşıl meşələr, dağlar qoynundakı kənddə, 27 ilə qədəri isə həmin kənddən 450 km-ə qədər uzaqda, Abşeron yarmadasında, qaynar paytaxt şəhərində keçib. Bu sözlər olsun ki, parametrik, fiziki-texniki bilgi kimi səslənə bilər; ancaq bu dağlardan dənizə gəlişiydi. Doğulduğun, böyüdüyün – ayaq açıb yeridiyin, göz açıb dünyanı gördüyün, atalı -analı, qardaş-bacılı bir damın altında, qohum-əqraba ilə iç-içə yaşadığın, mühiti tərk etməkdi. Bu, böyük şəhərə, göy çəmənləri, özünəməxsus qoxusu olan torpağı asfaltlar, betonlar əvəz edən meqapolisə gəlməkdi. Bu həm də, böyük bir imperiyanın çöküşünə şahidlik imkanıydı. Mən SSRİ dövründə doğulmuşdum, ali məktəbdə oxuduğum paytaxt Bakıda isə milli azadlıq hərəkatına, SSRİ-nin süqutuna şahidlik etdim. O SSRİ-nin ki, bizə plan-proqramlı şəkildə doğma, sülhpərvər, xalqlar dostluğunu təmin etmiş ölkə kimi, dünyanın ən qüdrətli dövləti kimi təbliğ edilmişdi, öyrədilmişdi. Lampamız belə “İliç lampası”ydı, “böyük qardaş”ımız vardı.xa0 Bax, kənddən şəhərə gəlişimlə birgə yaxud paralel şəkildə uşaqlığım, yeniyetməliyim keçmiş o yabançı imperiyadan müstəqil respublika vətəndaşlığına da keçid etmiş oldum. Üstəlik, bu ictimai-isyasi formasiya dəyişikliyi ilə, habelə yaşama, hadisələrə, dünyaya baxışın köklü dərəcədə yenidən şəkillənməsi ilə cərəyan etdi. Biz həqiqətləri öyrənib, milli tariximizə vaqif olmağa macal tapmamış cəmi 86,6 min kv.km.-ində müstəqillik elan etdiyimiz torpaqlarımızın da 20 faizi, şəhər və rayonlarımız işğal olundu. 20 yanvar, 26 fevral qara günlərini yaşadıq bir millət olaraq və bu acılar hər bir düşünən soydaşımız kimi mənim də ömrümə çökməmiş, iz buraxmamış deyil”.

Ə.Qoşalı övlad və bunun ardınca ata-ana itkisi yaşadığını təəssüflə xatırlayıb:

“Cavan yaşımda evləndim, necə deyərlər, ata-anama düz-əməlli övladlıq etməzkən, özüm gənc ata oldum, sonra övlad itkisi yaşadım. Bundan bir qədər sonra əziz dost itkisi yaşadım – ard-arda gələn bu tale zərbələrindən ömrüm budandı elə bil..! Ömrün 43-ündə atamı, bu ilin 20 yanvarında isə anamı torpağa tapşırdım.xa0 Beləliklə, yaşımın “4”-ə bitişik “5”-nə - 45-nə atasız-anasız gəldim. Bunları sadalayarkən, bir qədər öncə vurğuladımız kimi, yaxşı günləri də unutmuş deyiləm. Bayaq dediyimiz kimi, itkilər də, qazanclar da, ölənlər də, doğulanlar da bu ömrün gerçəkləridir. Mən 3 oğul atasıyam. Böyük oğlum magistr, ortancıl I kurs tələbəsi, sonbeşiyimiz isə 5-ci sinif şagirdidir. Üçü də, maşallah, yaşlarına-başlarına uyğun ləyaqətli, savadlı, açıqgözlü vətən övladlarıdır.xa0 45 ildə ən azı 45 kitaba adım düşdü – ya müəllif, tərtibçi ya da redaktor, məsləhətçi olaraq. Bu günədək, dövlət başçımızın sərəncamı ilə təltif olunmağım başda olmaqla yüksək təltiflərə layiq görüldüm.xa0 Ötən illərdə dünyanın 45 fərqli şəhərində oldum, neçə-neçə mötəbər insanla, tarixi şəxsiyyətlərlə görüş fürsətim oldu. Bu yaşadək həyatımdan, dünyamdan geri dönüşü olmamaq üzərə sildiklərim də oldu, adını silinməyəcəkxa0 şəkildə könlümə yazdıqlarım da”.xa0

Ə.Qoşalı deyib ki, gələcəkdə xatırlanmaq şansını hələ özündə saxlayır:

“45 il az da deyil, çox da deyil. Şah İsmayıl Xətai bu yaşın üçdə birində Təbrizə “ruh bədənə dönən kimi” dönüb, şah taxtına çıxmışdı; bu yaşın yarısından da az bir vaxt içində Sultan Mehmet İstanbulu fəth etmişdi; bu ömrün təqribən yarısında Mikayıl Müşfiq güllələnmiş, güllələnməmişdən öncə adını ədəbiyyat tarixinə əbədi həkk etməyi bacarmışdı; Cəfər Cabbarlı 34 yaşında dahilik zirvəsinə qalxmışdı; yenə 45 ildən daha az ömür içində necə böyük işlər görmüş insanlar olub, ancaq bəlkə üç bu qədər yaşayıb, bu gün üç adam tərəfindən xatırlanmayanlar da var, təbii... Mən, necə deyərlər, gələcəkdə xatırlanmaq şansımı hələ özümdə saxlayıram.

Doğrusu, 40 yaşımdan sonra daha çox idrak edirəm ki, yazacaqlarım, yazmalı olduqlarım indiyə qədər qələmə aldıqlarımın çox üstündə hadisələr olacaq, olmalıdır. Buna gücümün yetdiyini bilirəm. Getdikcə daha çox düşünürəm, inanıram ki, ümid gözləyən yox, ümid verən olmaq, gözləyən yox, gözlətməyən olmaq, oxuyan olmaqla yanaşı çox oxunan olmaq və nəhayət, sadəlöhvcəsinə inanan yox, dərindən inanılan olmaq ömürə ömür qatır. Əlbəttə, 45 ilin yaşantılarını 4-5 dəqiqə ilə yaxud 45 cümlə ilə ifadə etmək çətindir. İlla da, bircə cümlə işlədəsi olsaydım, bu 45-i necə tərif edərdim? – açığı, fikirləşməmişəm. – Bəlkə, “Bu da bir ömürdü, yaşadım belə...” desək, yanlış olmazdı”.xa0xa0
xa0
Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin