Kibercinayətkarlıqda ittiham olunan dəstə üzvlərindən biri ilə bağlı tibbi ekspertiza TƏYİN EDİLDİ

Hazırda oxunan: Kibercinayətkarlıqda ittiham olunan dəstə üzvlərindən biri ilə bağlı tibbi ekspertiza TƏYİN EDİLDİ

219712

Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlunun növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İkram Qasımovun vəkili müdafiə etdiyi şəxslə bağlı tibbi ekspertizanın keçirilməsi barədə vəsatət qaldırıb.

Müdafiəçi bildirib ki, İkram Qasımovun səhhətində ciddi problemlər var, həbs olunmamışdan öncə də səhhətində problemlərlə qarşılaşıb: “Müdafiə etdiyim şəxsə peşəkar həkimlər tərəfindən müayinə və müalicə lazımdır. Məhkəmədən İkram Qasımovun müdafiəçisinin iştirakı ilə tibbi ekspertizadan keçrilməsini, onun səhhəti ilə bağlı düzgün rəyin verilməsini xahiş edirik”.
 

Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını və bu vəsatətlərin məhkəmə prosesini uzatdığını bildirib.


Məhkəmə müşavirə edərək vəsatəti qismən təmin edib. Ekspertizanın aparılması Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə tapşırılıb. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə düzgün ekpertizanın aparılması barədə tapşırıq veriləcəyi bildirilib.

Məhkəmənin növbəti prosesi 29 noyabra təyin olunub.

Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.

Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı Qasımov İkram Ağaqulu oğlu, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlu həbs edilib.

 

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.


Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

Ofisdə və İ. Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin