General-mayor rütbəsi ilə təltif edilən hərbçilərimiz kimdir? – DOSYE

Hazırda oxunan: General-mayor rütbəsi ilə təltif edilən hərbçilərimiz kimdir? – DOSYE

219690

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirova, polkovnik Gündüz Əliş oğlu Əbdülova, polkovnik Azər Əlövsət oğlu Qasımova “general-mayor” ali hərbi rütbəsi verilib.

Bizim.Media general rütbəsi alan hərbçilərimizin dosyelərini təqdim edir:

Ələkbər Cahangirov


Ələkbər Cahangirov Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində hərbi hissə komandiri olaraq iştirak edib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Cahangirova "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.

Gündüz Əbdülov


Əbdülov Gündüz Əliş oğlu 1976-cı ildə Şuşa şəhərində anadan olub. 2000-ci ildə Türkiyədə Milli Müdafiə Universitetində “sistem mühəndisliyi” ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili alıb, 2016-cı ildə Azərbaycan Milli Müdafiə Üniveristetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib.

2000-ci ildən etibarən Azərbaycan Ordusunda leytenant hərbi rütbəsində hərbi xidmətə başlayıb, döyüş bölgəsində yerləşən hərbi hissələrdə və Müdafiə Nazirliyinin Mərkəzi Aparatında müxtəlif komanda-qərargah vəzifələrində polkovnik hərbi rütbəsinədək yüksəlib. O, 2019-cu ilin sonunda öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb. Xidmət müddəti ərzində NATO-nun Beynəlxalq Hərbi Qərargahında qərargah zabiti, daha sonra isə NATO-nun Brüsseldəki Qərargah Mənzilində Hərbi Komitə yanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndəsi - Azərbaycan Respublikasının NATO-dakı Missiyasının hərbi məsələlər üzrə müşavirinin müavini vəzifələrində hərbi diplomat missiyasını yerinə yetirib.

Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsində şöbə rəisi və idarə rəisinin müavini vəzifələrində xidmət etdiyi dövr ərzində xüsusi ilə Avro-Atlantik məkanda yerləşən xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində başda NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı və ABŞ-ın Beynəlxalq Hərbi Təhsil və Treninq Proqramı olmaqla bir sıra hərbi təhsil və təlim proqramlarının Azərbaycan Ordusunda tətbiqinə rəhbərlik edib.

Azərbaycan Ordusunun NATO və BMT ilə əməkdaşlığı çərçivəsində missiyaya açılan kontingentinin fəaliyyətinin təşkilinə, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi və Müdafiə Nazirliyi arasındakı ikitərəfli planın icrasına rəhbərlik edib.

2020-ci ildə TƏBİB-in Aparat rəhbəri vəzifəsində təyin olunub.

Azərbaycan Respublikası Prezidenti adından “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2003)” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley, “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, eləcə də Vətən Müharibəsi dövründə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə"medalları ilə təltif olunub.

Azər Qasımov

Azər Qasımov 2008-ci ildən Azərbaycan Ordusunda xidmət edir. O, İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Qasımov "Zəfər" ordeni ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun və Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Qasımov "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin