7 mindən çox şagirdin təhsil aldığı peşə təmayüllü siniflər – Onlar hansı avadanlıqlarla TƏCHİZ olunub?

Hazırda oxunan: 7 mindən çox şagirdin təhsil aldığı peşə təmayüllü siniflər – Onlar hansı avadanlıqlarla TƏCHİZ olunub?

219505

Ölkəmizdə peşə məktəbləri ilə yanaşı, məktəblərdə peşə təmayüllü siniflər də var.  Hazırda ölkədə 250 məktəbi əhatə edən "Peşə təmayüllü siniflər" layihəsi sayəsində şagirdlər 10-cu, 11-ci siniflərdə müxtəlif peşələr üzrə biliklərə yiyələnirlər.

Ancaq hələ də bu layihəylə bağlı məlumatsız olanlar var. Onlara maraqlıdır ki, peşə təmayüllü siniflər avadanlıqlarla təchiz olunur?

“Peşə təmayüllü siniflər” layihəsinin rəhbəri Arif Pənahov Bizim.Media -ya açıqlamasında ilk olaraq peşə təmayüllü siniflərdə tədris olunan ixtisasları açıqlayıb:

"2024-2025-ci tədris ilində Peşə təmayüllü siniflərdə 16 fərqli peşə ixtisası tədris olunur. Bunlardan 4-ü yeni pilot layihə kimi fəaliyyətə başlayıb: Foto-videoqraf, Bərbər-manikürçü-vizajist, Restoran xidməti və barista, Telefon təmiri ustasıdır. Digər ixtisaslar arasında Aşpaz, Qənnadçı, Aqronom, Dərzi, Bərbər, Dülgər, Mebel quraşdırma üzrə usta köməkçisi, Kombi-kondisioner təmiri üzrə usta köməkçisi, Çilingər, İKT qrafik-dizayner, İKT kompüter operatoru və İKT helpdesk mövcuddur. Beləliklə, bu il Peşə təmayüllü siniflərdə 16 peşə ixtisasının tədrisi həyata keçirilir".

Bəs hər peşəyə özəl olaraq avadanlıqlar təchiz olunur?

Arif Pənahovun sözlərinə görə peşə təmayüllü siniflərin şagirdlərinin təhsil aldığı sinif otaqları da müvafiq peşə ixtisaslarına uyğun olaraq təchiz edilmiş emalatxana şəklindədir:

“Bu, şagirdlərə öz ixtisaslarını həm nəzəri, həm də praktiki şəkildə öyrənmək imkanı yaradır. Məsələn, Aşpaz ixtisası üçün nəzərdə tutulmuş emalatxanada mətbəx mebeli, soba, yemək bişirmək üçün piltə, soyuducu və digər mətbəxə aid bütün avadanlıqlar mövcuddur. Eləcə də digər ixtisaslara məxsus emalatxanalar müvafiq avadanlıqlarla təmin edilir”.

Müsahibimiz peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər üçün yaradılan şəraitdən də danışıb:

"Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər üçün bir çox üstün imkanlar mövcuddur. Belə ki, bu siniflərin şagirdləri, ümumi təhsil fənnləri ilə yanaşı, iki il müddətində iki fərqli peşəyə yiyələnmək şansına malikdirlər. Tədris ili ərzində onlara əsas səriştələr fənni tədris olunur, həmçinin təcrübə səfərləri və proqramlarına qatılır, müxtəlif istiqamətli sosial layihələrdə iştirak edirlər".

Qeyd edək ki, ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmaq məqsədilə təşkil edilən Peşə təmayüllü siniflər layihəsi 2019-2020-ci tədris ilindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyilə fəaliyyətə başlayıb. Hazırda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nəzdində icra edilir. Peşə təmayüllü sinfi bitirən şagirdlər 11-ci sinif attestatı ilə yanaşı, təhsil aldıqları peşələr üzrə imtahan verərək dövlət nümunəli sertifikatla da ilə təmin olunurlar.

Həmçinin,  ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”-na əsasən 2026-cı ilə qədər ümumi təhsildə peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin xüsusi çəkisinin 15%-ə çatması planlaşdırılıb.


Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin