Şagird və tələbələri “tor”a salan TƏHLÜKƏ – Bu ərazilərdəki siqaret köşkləri LƏĞV OLUNUR?

Hazırda oxunan: Şagird və tələbələri “tor”a salan TƏHLÜKƏ – Bu ərazilərdəki siqaret köşkləri LƏĞV OLUNUR?

219473

Son zamanlar paytaxt küçələrində əlində elektron, yaxud adi siqaret olan olan yeniyetmə və gənclərə çox rast gəlirik.

Bəzilərinin dəb, bəzilərinin həzz üçün çəkdiyi bu zəhərə aludəçilik cəmiyyəti narahat edən məsələlərdən biridir.

Ciddi problemlərdən biri təhsil ocaqlarının ətrafında tütün məmulatlarının, eləcə də, “veyb”lərin satılmasıdır. Hətta sosail şəbəkədə belə məkanlardan birində – Texniki Universitetin yaxınlığındakı siqaret satışı köşkündə əsas alıcılarının tələbələr, gənclər olduğu bildirilir.

Dünya ölkələrinin çoxunda siqaret satılan köşklər təhsil ocaqlarından 500 metr aralıda yerləşir.

Bəs, bizdə niyə buna diqqət olunmur?

 “Yaş məhdudiyyəti də işə yaramır”

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Əhməd Qəşəmoğlu deyir ki, tələbələrin, gənclərin toplandığı yerdə siqaret, spirtli içki satışına mütləq məhdudiyyət qoyulmalıdır:

“Təhsil ocaqlarının, gənclərin toplaşdığı yerlərin yaxınlığında siqaret satışı olduqca mənfi təsir göstərir. Düşünürəm ki, bu məsələdə çox diqqətli olmaq lazımdır. Bəzən məhdudiyət qoyurlar ki, filan yaşa qədər satışı qadağandır. Amma gənclər bundan çox asan çıxış yolu tapırlar. Bir yaşlı adamdan xahiş edirlər, o da gedir alıb gətirir. Ona görə belə məsələlərdə başqa metodlar tətbiq etmək lazımdır. Yalnız yaş məhdudiyyəti problemin həlli yolu deyil”.

“Məktəblərdə tədris olunsun”

Əhməd Qəşəmoğlunun fikrincə, bu yöndə orta məktəbdən təbliğat aparılmalı, maarifləndirmə işləri gücləndirilməlidir:

“Yaxşı olardı bununla, ümumiyyətlə sağlamlıqla bağlı orta məktəblərdə 6-7-ci siniflərdən dərslər tədris olunsun. Müəllimlər bu haqda izahat versin. Şagirdlərin psixologiyalarına uyğun izahat işləri aparlsın. Elə etməliyik ki, bizim yeniyetmələr, gənclər belə məsələlərə şüurlu şəkildə yanaşsınlar. Çünki məhdudiyyət qoymağın heç bir mənası yoxdur”.

“Bu, heç də xoş çağırış, mesaj deyil”

Millət vəkili Elnarə Akimova da ali məktəblərin, təhsil ocaqlarının yaxınlığında tütün məmulatlarının, elektron siqaretlərin satışının yolverilməz olduğunu bildirib:

“Düzdür, verilən qərarlarda hələ bu nöqtəyə gəlib çıxmamışıq. Spirtli içkilərin satışı ilə bağlı ötən dəfə müzakirələr oldu, qanun qəbul edildi. Amma təhsil ocaqlarına hansı məsafədə, yaxın, ya uzaq olması ilə bağlı orada elə bir bənd yox idi. Siqaret satışına gəlincə, əgər həmin köşk yalnız siqaret satışı üçün nəzərdə tutulubsa və təhsil ocağının yaxınlığındadırsa, bu, heç də xoş çağırış, mesaj deyil. Təbii ki, bunun əleyhinəyəm.

Bu qanunda əksini tapsa da, tapmasa da, düşünürəm ki, ali təhsil müəssisəsinə yaxın yerdə olmamalıdır. Sözsüz ki, siqaretlər, özəlliklə də son zamalar gənclərin istifadə etdiyi elektron siqaretlər aludəçilik yaradır, subliminal mesaj verir və neqativ öz işini görür. Ona görə də təhsil ocaqlarından nə qədər uzaq olsa, bir o qədər yaxşıdır”.

“Ciddi nəzarət olmalıdır”

Millət vəkili bildirib ki, özəlliklə orta məktəblər bu məsələdə daha ciddi nəzarət altında olmalıdır:

“Çünki belə zərərli məhsullara maraq orta məktəbdən başlayır. Mən də küçədə, yolda-izdə siqaret çəkən yeniyetmələrə rast gəlirəm və bu məni də ciddi narahat edir. Ona görə də bununla bağlı maarifçi çıxışlar, çağırışlar edirəm ki, məktəbliləri bu vərdişdən uzaq tutmaq lazımdır. Özüm uşaq ədəbiyyatı şöbəsinin müdiri olduğum üçün bu məsələlər mənim ağrılı yerimdir”.

Deputat qeyd edib ki, bu məsələdə uşaqlara həm müəllimlərin, həm də valideynlərin ciddi nəzarəti olmalıdır:

“Məktəb uşağının dost-tanışı kimdir, kiminlə oturub-durur, kiminlə yaxınlıq edir, valideyn bunu bilməlidir. Müəllim də məktəbdə onun davranışına nəzarət etməlidir. Eyni zamanda müəllim valideynlə əlaqədə olmalıdır, uşaq da bunu bilməlidir ki, məsuliyyət hiss etsin. Məktəblərin yaxınlığında qətiyyən belə məhsulların satışına imkan verilməməlidir”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin