Zaqatalada körpənin doğuşdan sonra həyatını itirməsinə həkim səhvi səbəb olub? – ARAŞDIRMA – FOTO

Hazırda oxunan: Zaqatalada körpənin doğuşdan sonra həyatını itirməsinə həkim səhvi səbəb olub? – ARAŞDIRMA – FOTO

219267

Xəbər verildiyi kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində yenicə doğulan uşaqda ölüm faktı qeydə alınıb. Bu isə Məmmədovlar ailəsində bir sıra şübhələr yaradıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, oktyabrın 31-də səhər saatlarında rayonun Yengiyan kənd sakini 24 yaşlı qadın doğum şöbəsinə daxil olub. Onu mama-ginekoloq müayinə edib və doğuşun sürətlənməsi üçün iynə vurub. Məmmədovlar ailəsi iddia edir ki, məhz həmin iynədən sonra onların uşağında hansısa bir proses baş verib və körpə doğuşdan sonra ölüb.

“Uşaq doğulanda vəziyyətinin normal olduğunu dedilər”

Gənc qadının sözlərinə görə şöbənin növbətçi mama-ginekoloq həkimi olan Sədaqət həkim tərəfindən hərtərəfli müayinə olunub. Həkimin göstərişi ilə ona doğuşu gücləndirmək üçün iynə vurulub. “Müayinədən sonra həkim bildirdi ki,  ümumi proses qaydasında gedir.”-deyən Sahibə Məmmədova həkimin bütün məsləhətlərini dinlədiklərini, qaydalara əməl etdiklərini də diqqətə çatdırır.


“Noyabrın 1-i gecə saat 03:50-radələrində təbii doğuşla oğlan uşağı dünyaya gəlib. Həkimlər uşağın vəziyyətinin normal olduğunu bildirdilər”.

Bir neçə dəqiqə keçəndən sonra gənc qadın uşağın səsinin çıxmadığını, ağlamadığını görəndə həkimlərə müraciət edərək səbəbini öyrənib. Həkimlər körpənin ürək döyüntülərinin zəif olduğunu bildiriblər. Daha bir neçə dəqiqə keçəndən sonra isə həkimlər anaya uşağın ölməsi barədə məlumat verib.

Sahibənin anası Aidə Məmmədovanın sözlərinə görə, qızı hamilə qalandan sonra ciddi həkim nəzarəti altında olub.


Dəfələrlə özəl xəstəxanalarda müayinədən keçib, həkimlərin məsləhəti ilə hərəkət ediblər. Aidə Məmmədovanı narahat edən əsas məsələ budur ki, doğum şöbəsinin həkimləri nə üçün əvvəldən bildikləri həqiqətləri onlara deməyib və bu məsələ baş verib. 

“Ana qripə yoluxduğu üçün...”

Sahibə Məmədovanı müayinə edən mama-genekoloq Sədaqət Şəfiyeva rayonda bu sahədə təcrübəli həkimlərdən sayılır. Həkim bildirib ki, xəstəni müayinə edən zaman döl suyunun rənginin qara olması müəyyən şübhələr yaradıb:


“Qadının hamiləlikdə qrip virusuna yoluxduğu məlum olub. Müayinə zamanı dölün ürək döyüntüləri olmayıb. Bu barədə gənc qadına və onun anası Aidə Məmmədovaya məlumat verilib”.

Baş verən hadisə ilə bağlı TƏBİB-dən məsələyə ilkin münasibət bildirilib. Qeyd edilib ki, Sahibə Məmmədovanın doğuşu fəsadsız keçib, lakin 3500 qr çəkidə ölü döl doğulub. Növbəti gün Sahibə Məmmədova evə yazılıb.

Ölü döl təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin