“Orada atamın izi qalıb...” – Şəhid övladının XATİRƏLƏRİ – REPORTAJ/FOTO

Hazırda oxunan: “Orada atamın izi qalıb...” – Şəhid övladının XATİRƏLƏRİ – REPORTAJ/FOTO

219203

Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, Vətənin 44 günülk zəfərinin şəhidi Murad Nəbi oğlu Səlifovun ev-muzeyi ilə bizi onun oğlu Ümid tanış edir. Dərslərini yenicə hazırlayıb bitirən Ümid muzeydə olan əşyalara həm özü baxır, həm də bizə bir qəhrəmanın həyat hekayəsini öz uşaq dünyasına uyğun danışır.

“Atam şəhid olanda mənim 7 yaşım vardı, qardaşım Yusif isə 2 yaşında idi. Atam xidmət etdiyi rayonlarda yaşayırdıq. Yadıma gəlir ki, hərbidən gələn kimi qarşısına qaçırdım, papağını başıma qoyurdu. Gözlərimin üstünə düşürdü. Hər dəfə onun üçün darıxanda hərbi geyiminə yaxınlaşıram, elə bilirəm ki, atam yanımdadır. Burada onun tankçı geyimi də var”.

Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu Murad Nəbi oğlu Səlifov 1989-cu ildə Cəlilabad rayonu, Göytəpə qəsəbəsində anadan olub.


Həqiqi hərbi xidmətini başa vurduqdan sonra da Orduda qalaraq tankçı kimi formalaşır. Onun müharibəyə yollandığı gün isə Ümidin yaddaşına əbədi hopub.

“Hiss etdim ki, atam bərk-bərk məni qucaqladı. Bunu həmişə edirdi. Amma bu dəfə tamam başqa cür idi. Yusif isə yaşı az olduğundan onu heç xatırlaya bilmir. Atam Füzulidə qəlpə yaraları alsa da, döyüşdən çıxmayıb. Cəbrayıl rayonunda yaralı dostlarına kömək edərkən şəhid olub.”


Ümid və Yusif üçün bu ev-muzeyi bir qəhrəmanın, bir şəhidin xatirə ünvanı olmaqla bərabər həm də ataları Murad Səlifovun varlığını hiss etmək üçün ən müqəddəs guşədir.


“Atam tank heyətində vuruşurdu. Bu da onun zirehli papağıdır. Çoxlu erməni tankını məhv edib. Son ad günümdə mənə oyuncaq maşın almışdı. O qədər sevinmişdim ki... İndi bu maşını da muzeydə saxlayırıq. Atamın hərbi çəkmələridir. Ölçüsü 43-dür. Bu çəkmələrin izi azad edilən torpaqlarımızda qalıb. Son dəfə necə geyilibsə, elə də saxlayırıq.”


İndi şəhid övladları Yusif və Ümid Mübariz İbrahimov adına Biləsuvar lisey kompleksində təhsil alırlar. Ümid deyir ki, qardaşı Yusif tez-tez fikrini dəyişsə də, indi həkim olmaq qərarına gəlib o, özü isə kompüter mühəndisi olmaq istəyir.

Qeyd edək ki, Murad Səlifovun ölümündən sonra təltif edildiyi “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalı, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları da bu muzeydə saxlanılır.
















Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin