Kirayənişin dəm qazından zəhərləndikdə ev sahibi məsuliyyətə cəlb olunurmu? – HÜQUQİ İZAH

Hazırda oxunan: Kirayənişin dəm qazından zəhərləndikdə ev sahibi məsuliyyətə cəlb olunurmu? – HÜQUQİ İZAH

219193

Havalar soyuyandan bəri dəm qazından zəhərlənmə və ölüm xəbərləri eşidirik. Müşahidə edirik ki, dəm qazından zəhərlənmə daha çox kirayə evlərdə yaşanır. Tələbələr, dolanışığı zəif olan insanlar ucuz başa gəlsin deyə kombisiz, köhnə həyət evləri, müxtəlif cür riskli qızdırıcısı olan evlərdə yaşamalı olurlar. Tüstü bacaları da vaxtında təmizlənmədikdə dəm qazı can alır.

Ev sahibi kirayə verməzdən öncə evini qışa hazırlamalı, bacaları təmizlətməli, istilik sistemindəki problemləri həll etməlidir. Azərbaycanda bu məsələyə laqeyd yanaşılır, hələ də tüstü bacalarını kimin təmizləməli olduğu bəlli deyil. Bu kimi səbəblərdən də hər il yüzlərlə insan dəm qazının qurbanı olur.
 

MÖVZU İLƏ BAĞLI:

Bitməyən dəm qazı BƏLASI – Zəhərlənməyə səbəb olan tüstü bacalarını KİM təmizləməlidir?


Bəs kirayədə qalan şəxs dəm qazından zəhərləndikdə ev sahibi məsuliyyətə cəlb olunurmu?

Hüquqşünas Ramil Süleymanov Bizim.Media-ya bu barədə məlumat verib. Onun sözlərinə görə, dəm qazından zəhərlənmənin səhlənkarlıqdan olduğu təsdiqlənərsə, o zaman ev sahibi məsuliyyətə cəlb oluna bilər.

“Kirayədə olub olmamağından asılı olmayaraq dəm qazından zəhərlənmə halı baş verirsə, bu Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən araşdırılır, müxtəlif ekizpertizalar təyin olunur. Bu ekizpertizalar zamanı müəyyən olunarsa ki, qaz həqiqətən də binanın bacasından normal şəkildə sovrulmayıb, bu zaman inzibati xəta törədilmiş olur.

Belə olduqda fiziki şəxslər 200 manatdan 400 manata qədər, vəzifəli şəxslər 1000 manatdan 1500 manata qədər, hüquqi şəxslər isə 2000 manatdan 3000 manata qədər cərimə olunurlar. Bununla bərabər əgər həqiqətən də şəxsin səhlənkarlığı müəyyən olunarsa, Cinayət Məcəlləsinin 314-cü maddəsinə əsasən cinayət işi başlanılır və şəxsin barəsində vəzifəsinə laqeyd münasibət göstərməsindən dolayı 1500 manatdan 3000 manata qədər cərimə cəzası və ya iki ilə qədər azadlığın məhdudlaşdırılması və ya 6 aya qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunur”.

Dəm qazından ölüm hadisəsi baş verərsə...  

Hüquqşünas bildirib ki, dəm qazından zəhərlənmə və ölüm hadisəsi baş verdikdə ölənin yaxınları məhkəməyə müraciət edə bilərlər.

“Əgər dəm qazından şəxs vəfat edərsə, bununla bağlı 314.2-ci maddəyə əsasən 2 ildən 5 ilə qədər müddətinə azadlığın məhdudlaşdırılması və ya 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası təyin olunur. Bundan sonra şəxsin hüquqi varisləri və ya şəxsin özü Mülkü Məcəllənin 1099.1-ci maddəsinə əsasən müvafiq quruma qarşı və ya kommunal xidmətləri həyata keçirən şəxsə qarşı mülkü qaydada iddia qaldıra bilər. Həmin iddianın əsası da odur ki, hüquqi və ya fiziki şəxsin özünün törətdiyi mülki hüquqi pozuntu nəticəsində şəxsin sağlamlığına xəsarət yetirilib”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin