Demoqrafik vəziyyətlə bağlı TƏHLÜKƏLİ TENDENSİYA – Gənclər niyə evlənmək İSTƏMİR?

Hazırda oxunan: Demoqrafik vəziyyətlə bağlı TƏHLÜKƏLİ TENDENSİYA – Gənclər niyə evlənmək İSTƏMİR?

218474

Hazırda dünyanı ciddi narahat edən məsələlərdən biri də əhalinin artım tempinin aşağı düşməsidir. Artıq Amerikada, Qərbi Avropa və MDB dövlətlərində sosioloqlar bununla bağlı həyəcan təbili çalırlar. Elə Azərbaycanda da demoqrafik vəziyyət narahatlıq doğuracaq həddədir.

Belə ki, bu ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ölkədə 68 129 doğulan körpə qeydə alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10-a düşüb. Mütəxəssislər ölkəmizdə heç vaxt təbii artımda bu qədər ləngimə müşahidə olunmadığını deyirlər.

Bəs, bunun əsas səbəbləri nədir?

Sosioloq Ağasəlim Həsənov Bizim.Media-ya açıqlamasında bu məsələnin olduqca aktual, həm də paradoksal olduğunu bildirib: 
 

MÖVZU İLƏ BAĞLI:

Bəzi qızlar niyə yaşlı kişilərlə evlənmək istəyir? – MARAQLI SƏBƏB


“Paradoksal olan odur ki, dünya ölkələri, müvafiq təşkilatlar həmişə əhali artımından dolayı bəzi problemlər ortaya çıxdığını diqqətə çəkirdilər. Qeyd edirdilər ki, əhalinin artımı bu templə gedərsə, qida çatışmazlığı yarana bilər və s. Amma 10 illər öncə söylənilən fikirlərin hazırda əks arqumentləri formalaşıb. Bu arqumentlər də real statistik rəqəmlərə əsaslanır.

Bir çox ölkələrin demoqrafik inkişafının dinamikasını izlədikdə artıq ciddi azalmanı müşahidə edirik. Bir misal deyim, uzun illərdir əhali sayına görə Çin dünyada liderlik edirdi. Düzdür, indi Hindistan o səviyyəyə gəlib çatıb. Amma Çində dövlətin əhali artımının qarşısını almağa hesablanmış qadağaları vardı. İş o yerə çatb ki, indi Çin dövləti nəinki o qadağaları aradan qaldırıb, hətta əhali sayını artırmaq üçün imtiyazlar verir, mükafatlar təsis edir”.

Gənclərin “evlənmək vacib deyil” düşüncəsi...

Azərbaycana gəldikdə isə, sosioloq son 5 ildə bizdə də təbii artımın azaldığının müşahidə edildiyini deyib:

“Bizdə demoqrafik inkişaf artan xətt üzrə gedirdi. İndi vəziyyət dəyişib. Düzdür, böhran həddinə çatmamışıq, amma durğunluq mərhələsinə yaxınlaşırıq”.

Eskpertə görə, dünyada əhali sayının azalmasının səbəbləri hər ölkədə müxtəlif ola bilər. Azərbaycanda isə bunun həm sosial- iqtisadi səbəbləri, həm də düşüncə ilə bağlı tərəfləri var:

"Müasir Azərbaycan gəncliyində “evlənməmək, ailə həyatı qurmamaq da olar” deyə bir düşüncə formalaşıb. Gənclər ailə qurmağa meyl eləmirlər. Ona çox məsuliyyətli bir iş kimi yanaşırlar və bu düşüncə get-gedə dərinləşir. Bir səbəbi də son illərdə ailə institutunda gedən mənəvi deqradasiyalardır.  Azərbaycanda ailə institutu çox zəifləyib. O təməllər, köklər sarsılıb. Düzdür, Avropadakı, Qərbdəki qədər tamamilə aradan qalxmayıb. Amma ciddi durğunluq müşahidə olunur.

Ailə daxilindəki gərginlik, konfliktlər, sosial-psixoloji uyğunsuzluq, sosial-iqtisadi çətinliklərlə üz-üzə qalan cütlüklər asan çıxış yolu kimi boşanmanı seçirlər. Azərbaycanda boşanmaların statistikasında artımı nəzərdən keçirəndə arqumentlərimizin nə qədər doğru olduğu görünür.

Əhali artımı məsələsi sosial institutlar arasında məhz ailə institutunun üzərinə düşür. Çünki ailənin 6 əsas funksiyasından biri reproduktiv və əhali artımı funksiyasıdır. Əgər ailə institutu zəifləyibsə, boşanmalar artıbsa, vətəndaş nikahlarnın sayı kifayət qədər yüksəlibsə,  əlbəttə ki, bu, əhali artımına birbaşa təsir göstərəcək”.

"Ailə qurmaq həm də şüur məsələsidir..."

Ekspert deyir ki, gənclərin ailə qurmamasının səbəbi yalnız sosial-iqtisadi məsələlər deyil:

“Çox zaman əhali sayının azalmasını sırf sosial-iqtisadi səbəblərlə əlaqələndirirlər. Maraqlıdır, məsələn, Hindistanı sosial rifah dövləti adlandıra bilmərik, çünki inkişaf baxımından öndə olan ölkə deyil. Amma əhali artımına görə Hindistan lider dövlətdir.

Yaxud Norveç, digər bir Skandinaviya, yaxud Qərbi Avropa ölkəsini götürək. Bunlar sosial rifahı yüksək olan dövlətlərdir. Əməkhaqqı, dövlətin vətəndaşı sosial himayəsi baxımından kifayət qədər inkişaf etmiş ölkələrdir. O zaman niyə Norveçdə də əhali sayının azalması problemi yaranıb? Qərbi Avropa ölkələrində niyə demoqrafik azalma var? Məsələyə nə qədər sosial aspektdən yanaşsaq da, sonda fəlsəfi tərəfinə də gəlib çıxırıq. Demək ki, əhali artımı həm də şüur  məsələsidir”.

“Müasir insan istehsalçı deyil”

Ağasəlim Həsənov deyir ki, müasir insan şüuru əhali artımına meylli deyil:

“Çünki müasir insan daha çox istehlakçıdır, istehsalçı deyil. Yəni bir növ “ver yeyim, ört yatım” psixologiyası hakimdir. İndi hər şeyi hazır əldə etmək istəyirlər, hətta yeməyi belə evə sifariş edirlər. Mən illər öncə söyləmişdim ki, müasir cəmiyyəti istehlak kultu təqib edir. Yəni o, istehsal deyil, istehlak etmək düşüncəsinə sahiblənib.

Düzdür, biz sosioloji tərəfini deyirik, amma məsələyə psixoloji tərəfdən yanaşdıqda, bunun şüur və düşüncə ilə bağlı məsələ olduğu ortaya çıxır. Çünki kifayət qədər imkanlı gənclər var ki, ailə qurmağa meyl etmirlər. Şəxsən tanıdıqlarım var ki,  düzənli işi, karyerası, hətta maşını belə var. Heç bir tibbi problemi, fiziki çatışmazlığı da yoxdur. Amma evlənmir. Çünki dediyim kimi, düşüncə, şüur məsələsidir”.

Bəs, çıxış yolu nədədir?

Sosioloqa görə, cəmiyyətdə demoqrafik artıma hesablanmış maarifləndirmə işləri aparılmalıdır. Bununla yanaşı, dövlət ailə quran vətəndaşları üçün mükafatlar təsis etməlidir:

“O gənclər ki, doğrudan da sosial-iqtisadi səbəblərdən, maaş azlığı üzündən ailə qurmurlar, məsuliyyətin altına girməyə çəkinirlər, onlara dövlət tərəfindən yardım olunmalıdır. Ailə quranlara pul mükafatı verilməlidir. Uşaq pulu bərpa olunmalıdır. Necə ki, bunu Qazaxıstan elədi. Paytaxtı ölkənin şimalına köçürdü. İqlim şərtləri ağır olsa da, etnik balansı qazaxların xeyrinə dəyişdi.

Mükafatlar təsis edildi, iki uşağa ayrı, üç uşağa ayrı təzminatlar verildi. Bizdə də belə mükafatlar olsa, ailə quran gənclərə dəstək layihələri, uşaqlara görə müavinətlər, 3-cü uşağa görə mənzil verilməsi kimi mükafatlar olarsa, vəziyyət  müsbət yöndə dəyişəcək”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin