Azərbaycan və Rusiya turizm əlaqələrini GÜCLƏNDİRİR: Birgə bazar turistləri necə CƏLB EDƏCƏK?

Hazırda oxunan: Azərbaycan və Rusiya turizm əlaqələrini GÜCLƏNDİRİR: Birgə bazar turistləri necə CƏLB EDƏCƏK?

218434

Xəbər verildiyi kimi, Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Vaxrukov Rusiya və Azərbaycanın turizm bazarlarının birləşdirməsini təklif edib.

Azərbaycan Turizm Bürosunun Rusiya paytaxtında nümayəndəliyinin açılışında çıxış edən nazir müavini qeyd edib ki, Moskva ilə Bakını müxtəlif sahələrdə çoxillik möhkəm dostluq və əməkdaşlıq əlaqələri birləşdirir:

“İnsanlar arasında humanitar əlaqələrin qurulmasının əsas yolu kimi turizm hazırda birgə gündəliyimizin başındadır. Bunu ölkələrimiz arasında 160 birbaşa aviareys göstərir”.

O vurğulayıb ki, Azərbaycan və Rusiya hazırda iqtisadi əməkdaşlıq üzrə “yol xəritəsi”ni həyata keçirirlər.

“Bizim Rusiya və Azərbaycanda ayrıca turizm bazarlarımız var. Biz turizm bazarlarımızı birləşdirə və birgə turizm məhsulları üzərində işləyə bilərik. Bunlar böyük perspektivlərdir”, - deyə D.Vaxrukov qeyd edib.

Onun sözlərinə görə, bu istiqamətdə artıq əməli addımlar mövcuddur: “Bu, “Roza xutor” və “Şahdağ” dağ kurortunun daxil olduğu Avrasiya Dağ Kurortları Alyansıdır. Bu, bizim turizm sahəsində əlaqələrimizi necə inteqrasiya edə biləcəyimizin sadəcə bir nümunəsidir”.

Ümumiyyətlə, Rusiya ilə Azərbaycanın turizm bazarının birləşdirilməsi nə qədər effektiv olacaq?

Suala turizm üzrə ekspert Ceyhun Aşurov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanla Rusiya arasında bütün sferalarda yüksək əməkdaşlıq mövcuddur:

“Digər sahələrdə əldə edilən nailiyyətlərin turizm sektoruna da daşınması vacibdir. Əslində bunun üçün də əlverişli zəmin var. Nəzərə alaq ki, iki ölkə arasında 160 birbaşa aviareys mövcuddur. Bu da çox şeydən xəbər verir. Bundan əlavə, iki ölkə arasında viza rejiminin və dil baryerinin olmaması əlavə üstünlükdür. Ona görə də birgə turizm bazarının yaradılması üçün heç bir əngəl yoxdur”.

Bəs, birgə bazar nə deməkdir?

Müsahibimiz qeyd edib ki, birgə bazar elementlərinin ən vacib halqası üçüncü ölkələrdən Rusiyaya və Azərbaycana gələn turistlərin qarşı tərəfə sərfəli səfərini təşkil etməkdir:

“Bunun üçün birgə turist marşrutları işlənilə bilər. Birgə məhsullar hazırlamaqla hər iki ölkənin iqtisadiyyatına böyük töhfə vermək olar. Nəzərə alaq ki, belə bir məsələ bir neçə il əvvəl gündəmə gətirilmişdi ki, Türkiyə ilə Azərbaycan dünya turizm bazarında birgə fəaliyyət göstərsin. Nəticədə hər iki ölkəyə daha çox turistin cəlb edilməsi üçün müvafiq tədbirlər görülsün. Birgə marşurutlar müəyyən olunsun, aviaturlar təşkil edilsin. Bu mənada Azərbaycanın təkcə Rusiya ilə deyil, Türkiyə ilə də birgə turizm bazarının təşkili mümkündür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin