Hər damlasında həyat qədər sirr gizlənən möcüzə – Üzü qibləyə doğru + VİDEO

Hazırda oxunan: Hər damlasında həyat qədər sirr gizlənən möcüzə – Üzü qibləyə doğru + VİDEO

218370
“Mineral suların təbii muzeyi” adlandırılan Naxçıvanda Azərbaycanın mineral su ehtiyatının 60 faizi toplanıb. 5,5 min kvadratkilometr ərazidə 250-dən artıq mineral su mənbəyi vardır. Dünyada ikinci bir yer yoxdur ki, Tanrı bu qədər ərazicə kiçik, mahiyyətcə böyük diyarda belə bir möcüzə yaratsın.

Orta əsr səyyah və coğrafiyaşünaslarının əsərlərində Naxçıvan ərazisindəki sular, onların özünəməxsus xüsusiyyətləri haqqında məlumatlar yer alıb. Tanrının bu isti torpaqlarda məskunlaşan insanları qurtarmaq, qorumaq, ən ağır xəstəliklərdən və bəlalardan hifz etmək üçün bəxş etdiyi bu sular zaman keçdikcə həm də Naxçıvanın rəmzinə çevrilib.

Hələ 2013-cü ildə “Şərq qapısı” qəzetində dərc olunan “Naxçıvanı qoruyan rəmzlər” sərlövhəli yazıda qeyd olunub ki, bu gün artıq dünya bazarına milli brend kimi çıxarılan “Sirab”, “Badamlı” brendləri, müalicəvi əhəmiyyətli Darıdağ mineral suyu, yəqin ki, bu sular içərisində böyük sirri daşıyan üçlük hesab edilə bilər.


Nuhun qədəm basdığı müqəddəs torpaqlarda bir Zəm-zəm misallı ortaya çıxan bu üç mineral bulaq (Badamlı, Sirab və Darıdağ) 6 tip, 16 sinif və 33 növə ayrılan 250-dən artıq mineral sular arasında niyə seçilib? Bu bulaqların yerləşdiyi üç nöqtəni xəritədə gözəyarı xətlərlə birləşdirdiyimiz zaman məhz qibləni göstərən bir üçbucağın yaranması təsadüfdürmü? Axı bu dünyada, əslində, heç nə təsadüf deyil. Sadəcə, bəzi suallar olur ki, onların “niyə”sini tapmaq olmur. Onlar ona görə mövcud olurlar ki, insan düşünsün, ibrət alsın. Bizə məlum olan isə bu üç bulağın müalicəvi xüsusiyyətləridir.

Bu yazıda həmin möcüzəli sulardan birindən – “Sirab”dan bəhs edəcəyik. Adının etimologiyalarından biri də “sirli sular” olan “Sirab” mineral su yatağı Naxçıvan Muxtar Respublikasının şimal-şərqində, Babək rayonunun Sirab kəndi ərazisində, Naxçıvan şəhərindən 14,6 kilometr şimal-şərqdə, dağ ətəyində yerləşir. “Sirab” mineral su yatağı, əsasən, 3 yeraltı mineral su hövzəsindən ibarətdir. Həmin hövzələr Şorsudərə, Kəlbəağıl və Kütandağ mineral su hövzələridir. Qeyd etdiyimiz etimologiyanın nə qədər həqiqətə uyğun olub-olmadığını bilməsək də, “Sirab”ın bizə bəlli olan sirri bu suyun insanlar tərəfindən həm daxilə, həm də xaricə istifadə edildikdə qan dövranını, tənəffüsü, regenerasiyanı, ürək fəaliyyətini yaxşılaşdırması, mədə-bağırsaq xəstəlikləri zamanı şirəqovucu kimi əhəmiyyətli olması, bundan başqa, dilin dad reseptorlarının həssaslığını yüksəltməsixaddir. “Sirab” mineral suları aerozol şəklində tənəffüs yolları xəstəliklərinə və allergik xəstəxadliklərə səmərəli təsir edir. Bu su həzm yolları, qaraciyər, öd kisəsi və böyrək xəstəlikləri, mübadilə pozğunluqları zamanı tətbiq edildikdə müsbət nəticələr əldə olunur.


“Sirab” suyu Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində tikilən müasir zavodda istehsal olunur. Hazırda “Sirab” mineal sular zavodunda 7 texnoloji xətt quraşdırılmış 4 sex fəaliyyət göstərir. Burada qazlaşdırılmış və qazlaşdırılmamış “Sirab” təbii mineral müalicəvi süfrə suyunun müxtəlif həcmli plastik və şüşə butulkalarda istehsalı həyata keçirilir. Zavodda 21 çeşiddə məhsul istehsal edilir.

“Sirab” zavodunda bütün istehsal prosesi İSO standartlarına – keyfiyyəti idarəetmə sisteminin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə müxtəlif illərdə xarici ölkələrin sertifikatlaşdırma təşkilatları tərəfindən sertifikatlaşdırılıb. Bu isə “Sirab” suyunun yüksəkkeyfiyyətli istehsalının göstəricisi və Avropa bazarlarına girişinin açarıdır.

Əlbəttə, gerçəklik göz qabağındadır. Müasir standartlara cavab verən yüksəkkeyfiyyətli məhsul istehsal etməyin nəticəsidir ki, “Sirab” mineral suyu müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə dörd qızıl və bir gümüş medal qazanıb.


“Sirab” Açıq Səhmdar Cəmiyyəti 2005-ci ilin may ayında İsveçrənin Cenevrə şəhərində “Biznesdə yüksək keyfiyyətə görə” qızıl medal, 2009-cu ildə Ukraynanın Kiyev şəhərində keçirilən “Qida məhsulları və içkilərin XII forumu”nda qızıl medal, 2010-cu ildə Moskva şəhərində keçirilən “XVII beynəlxalq sərgi”də gümüş medal, 2011-ci ildə Moskva şəhərində keçirilən “XVIII beynəlxalq sərgi”də qızıl medal və 2011-ci ildə Qazaxıstanın Almatı şəhərində keçirilən “XIV Beynəlxalq Mərkəzi Asiya yeyinti sənayesi sərgisi”ndə yenə də qızıl medal qazanıb. Həmçinin dəfələrlə “İlin brendi”, “Biznesdə uğur” mükafatlarına layiq görülüb.

Süfrələrimizin bəzəyi olan “Sirab”xa0 mineral suyunun sorağı dünyanın bir sıra ölkələrindən gəlir. Minerallarla zəngin olan “Sirab” suyu Rusiya, Belarus, Qazaxıstan, Türkiyə, Türkmənistan, Çin, İraq, Qətər, Polşa, Küveyt, Ukrayna və Baltikyanı ölkələrə ixrac olunur.

Dünyanın bir sıra ölkələrinə ixrac olunan bu mineral suyu ölkəmizin bütün bölgələrindən əldə etmək olar. “Sirab” indi Azərbaycanın şərqində, qərbində, şimalında, cənubunda – bir sözlə hər yerindədir.

İndi nəinki Azərbaycanda, dünyanın bir çox ölkəsində bilirlər ki, “Sirab”ın hər damlasında həyat var. Əgər öz həyatımızın qədrini biliriksə, o zaman bu hər damlasında həyat olan sudan içək. İçək və ləzzətini bilək ki, həmişəlik bu mineral suyu seçək. İçək ki, sağlam olaq və bir yaş daha keçək.(cahanpress.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin