Qış turizmi mövsümü dekabrın 1-dən açılır. Artıq bu vaxta sayılı günlər qalıb. İdman və sağlamlıq baxımından əhəmiyyətli olan qış turizmindən zövq alanlar az deyil. Əvvəl qış tətili və istirahəti üçün xaricə üz tutulurdusa, indi buna gərək qalmayıb. Yerli bölgələrimizdə qış turizmi inkişaf edir, desək yanılmarıq.
Maraqlıdır, Azərbaycanda bu il qış turizminə hazırlıq hansı səviyyədədir?
Mövzu ilə bağlı Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva Bizim.Media-ya açıqlamasında artıq qış turizmi ilə bağlı bölgələrdə hazırlıqlara başlanıldığını bildirib:
“Ölkəmizdə qış mövsümü hava şəraitindən asılı olaraq 10-15 dekabr tarixlərində başlayır və mart ayının sonlarınadək davam edir. Azərbaycanda hazırda 3 qış turizm mərkəzi fəaliyyətdədir.
MÖVZU İLƏ BAĞLI:
Qarabağa turist turlarının təşkili niyə VACİBDİR?
Qusarda “Şahdağ”, Qəbələdə “Tufandağ”, Naxçıvan MR-də “Ağbulaq” qış xizək mərkəzlərində ənənəvi olaraq yay turizm mövsümü başa çatdıqdan sonra turistləri qəbul etməyə hazırlıq işləri aparılır. Hazırda beynəlxalq sərgi və tədbirlərdə ölkəmizin qış turizm imkanları haqqında daimi olaraq təbliğat və marketinq işləri aparılır”.
Qurum rəsmisinin sözlərinə görə daha çox Şahdağ, Tufandağ və Ağbulaq kimi qış turizm destinasiyalarının təbliği əsas marketinq istiqamətləri sırasındadır:
“Qış turizm destinasiyalarına daha çox MDB ölkələri, həmçinin, Yaxın Şərq və Asiya regionlarından turistlər üz tuturlar. Bu istiqamətdə Avropa bazarından da turistlərin cəlb edilməsi istiqamətində işlər aparılır. İlboyu qış turizminin, həmçinin ölkəmizdə mövcud xizək mərkəzlərinin çoxsaylı beynəlxalq sərgi və tədbirlərdə tanıdılması işi davam etdirilir.
Onu da qeyd etmək lazımdır ki, 3 əsas xizək mərkəzindən əlavə, Şəkidə “Şəki Yaylası Xizək İstirahət Mərkəzi” də son illərdə daha çox yerli turistlərin diqqətini cəlb etməkdədir. Bütövlükdə, qış turizmi potensialı ilə fərqlənən ərazilər kimi şimal-qərb turizm dəhlizi üzrə Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşən ərazilərdə, xüsusən, Oğuz rayonu, cənub turizm dəhlizi üzrə Talış dağlarının şimal ətəklərində, əsasən Yardımlı rayonu, qərb turizm dəhlizi üzrə Kiçik Qafqaz dağlarının ətəklərində Gədəbəy və Daşkəsən rayonları qış turizmi fəaliyyətləri üzrə investisiya qoyuluşları üçün əlverişli coğrafi xüsusiyyətlərə malikdir”.
Bəs, işğaldan azad edilmiş ərazilərimizdə qış turizmi necə inkişaf edir?
Gülnar Mustafayeva işğaldan azad edilmiş ərazilər üzrə də qış turizmi fəaliyyətlərinin inkişafı üçün potensialın mövcud olduğunu vurğulayıb:
“Aparılan qiymətləndirmələr nəticəsində, xüsusilə, Kəlbəcərin İstisu-Minkənd yolu, Sultan Heydər dağı və Zod aşırımı yolu, Dəmirçidam-Seyidlər kəndlərinin yerləşdiyi ərazilər səmərəli destinasiyalar kimi təklif edilib. Həmçinin Laçın rayonunun Minkənd kəndinin sıldırım-dağ ərazilərində də qış turizmi fəaliyyətləri üçün uyğun potensial mövcuddur. Ərazilər üzrə təbii coğrafi faktorlar burada xizəkçilik mərkəzlərinin rəqabətqabiliyyətli təşkili üçün imkan yaratmaqla işğaldan azad edilmiş ərazilərin iqtisadiyyata sürətli reinteqrasiyasına və dayanıqlı məskunlaşmanıın təmin edilməsinə dəstək vermə potensialına malikdir”-deyə agentlik rəsmisi bildirib .
Nəzrin Mirzəyeva, Bizim.Media