Qazaxıstan bir türk dövəti olaraq Azərbaycan üçün qardaş ölkədir. Üstəlik, XX əsrdə hər iki dövlətin uzun illər eyni idarəçilik sistemində yaşaması bizləri daha da yaxınlaşdırıb. SSRİ dağıldıqdan sonra isə iki ölkə arasında münasibətlər daha da inkişaf edib. Son illərdə isə Azərbaycan Qazaxıstan münasibətləri yeni mərhələyə qədəm qoyub.
Münasibətlərdə yeni dönəm
Dəyişən geosiyasi reallıqların yaratdığı çağırışlar fonunda Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq daha da güclənib. Bunun nəticəsidir ki, iki ölkə bir çox platformalarda bərabər təmsil olunurlar. Məsələn Azərbaycan və Qazaxıstan İslam Əməkdaşlıq Təşkilatında, MDB-də, BRİCS+ və ən başlıcası isə Türk Dövlətəri Təşkilatında birgə təmsil olunur, əməkdaşlıq edirlər.
Bu platformalarla yanaşı, ikitərəfli münasibətlər baxımından da Azərbaycan-Qazaxıstan münasibətləri yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyevlə Qazaxıstan Prezidenti Kasım-Jomar Tokayev arasında keçirilən mütəmadi görüşlər də bunun əyani sübutudur.
Xatırladaq ki, Kasım-Jomar Tokayev 3 ay öncə, iyul ayında Azərbaycana səfər edib, Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edib. Cəmi iki ay öncə, avqustda isə İlham Əliyev Qazaxıstana səfər edib və bir sıra rəsmi görüşlər keçirib və tədbirlərdə iştirak edib. Təbii ki, bu görüşlər iki qardaş dövlət arasında münasibətləri daha da dərinləşdirir.
Lakin...
Bəzi qüvvələr iki türk dövləti arasında dərinləşən əlaqələrə kölgə salmağa çalışırlar. Təsadüfi deyil ki, bunun da arxasında erməni izi var. Məhz Qazaxıstanda yaşayan ermənilər iki qardaş xalq arasında hər vasitə ilə təxribatlar törətmək üçün əllərindən gələni edirlər. Təəssüflər olsun ki, onların bu cəhdləri bəzi qüvvələrin də yardımı ilə xoşagəlməz nəticələr də doğurub.
Bizim.Media-nın araşdırmasına görə, hazırda Qazaxıstanın Aktobe vilayətində ermənilərin "Artsax" adlı restoranı fəaliyyət göstərir. Lakin bura sadəcə bir restoran kimi müştərilərə xidmət göstərilən məkan deyil. Əvvəla, məkan üçün seçilən ad buradan siyasi məqsədlər üçün istifadə olunduğunu açıq şəkildə nümayiş etdirir.
Digər tərəfdən, restoranda təklif olunan menyuya nəzər saldıqda, ermənilərin oğurlayıb özününküləşdirməyə çalışdıqları milli yeməklərimizin “erməni təamları” adı altında müştərilərə təqdim olunduğunu görmək mümkündür.
Məsələ bununla da yekunlaşmır...
Bu qondarma adı daşıyan restoran heç də hər hansı revanşist təxəyyüllü erməniyə məxsus deyil. Yəni, hansısa sadə erməni mənasız reklam üçün belə bir restoran açıb, adını da “Artsax” qoymayıb. Restoran 1995-ci ildə fəaliyyətə başlayıb. Məkanın sahibi isə Ayk Terteryandır. Restoranın fəaliyyətə başladığı ilk illərdə Terteryan buradan siyasi məqsədlər üçün istifadə edib. Belə ki, bu məkan bir müddət “Urartu Erməni Cəmiyyəti”nin qərərgahı kimi fəaliyyət göstərib.
Bəs Ayk Terteryan kimdir?
1995-ci ildə Aktobe vilayətində fəaliyyət göstərən Urartu erməni cəmiyyətinin rəhbəri, “Paris Kommunnası-XXI” ət kombinatının müdiri, Ermənistanın sabiq fəxri konsulu olan Ayk Terteryan zəngin erməni iş adamıdır.
Ayk Terteryan birinci və ikinci Qarabağ müharibəsi zamanı Ermənistana, Qarabağa böyük ianələr, yardımlar göstərib. Bu “mötəbər” fəaliyyətinə görə o, həm Ermənistan dövlətindən, həm də erməni lobbisindən dəstək alıb. Lakin sonradan onun bu yardımları da oğurluqla etdiyi üzə çıxıb.
Belə ki, 2021-ci ildə Qazaxıstan hüquq-mühafizə orqanları Terteryanın əməllərini ifşa ediblər. Araşdırmalar zamanı məlum olub ki, erməni biznesmen dövlətdən aldığı subsidiyalar hesabına “Paris Kommunası” kombinatında yetişdirilən minlərlə baş donuzun ətini yardım kimi əvəzsiz olaraq, Ermənistana göndərib. Bu əməlinə görə saxlanılan Terteryanın ahıl yaşda olması nəzərə alınıb və o, amnistiyaya düşərək azad edilib. Buna baxmayaraq, Ayk Terteryan azad edildikdən sonra da Ermənistana, Qarabağa dolayı yollarla yardımlarına davam edib.
Erməni biznesmen təkcə Azərbaycana yox, Qazaxıstana qarşı da çirkin əməllər törədib.
2022-ci ilin ilk günlərində Qazaxıstanda kütləvi qarşıdurmalar baş verəndə Terteryan da boş dayanmır. O, Aktobe vilayətində fəaliyyət göstərən radikal qruplaşmalara yardım edir. Sonradan bu əməli üzə çıxan Terteryana qarşı yeni cinayət işi açılır.
Araşdırmalar zamanı Terteryanın iş yerinə baxış keçirilərkən oradan odlu silahlar, qumbaralar, molotov kokteylləri və ixtişaşlar üçün digər məmulatlar tapılır. Bununla yanaşı, telefon dinləmələri zamanı Ayk Terteyan tərəfindən “whatsapp” proqramı vasitəsi ilə əməkdaşlarına, erməni iş adamlarına ixtişaş törədəcək radikal qruplaşmaların yemək və içkilərlə təmin edilməsini, onlara lazımi dəstək verilməsini xahiş etdiyi üzə çıxır.
Əməllərinin bir-bir ifşa olunduğunu görən biznesmen həbsdən yaxa qurtarmaq üçün Qazaxıstandan Ermənistana qaçır.
Onun Qazaxıstandakı izləri isə hələ də qalır...
Söhbət “Artsax” restoranından gedir. Terteryan Qazaxıstandan qaçsa da, onun çirkin məqsədlər üçün istifadə etdiyi restoranı hələ də fəaliyyətinə davam edir.
Əldə etdiyimiz məlumata görə, Qazaxıstanda yaşayan soydaşlarımız da bu vəziyyətdən narahatdırlar. Onlar restoranın bağlanması, yaxud adının dəyişdirilməsi üçün dəfələrlə Aktobe vilayətinin Qubernatorluğuna, hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıblar. Lakin bu müraciətlərdən heç bir nəticə hasil olmayıb. Vilayətin müvafiq qurumları onların bütün müraciətlərini eyni formada cavablandırıblar:
“Restoranın adı Ayk Terteryanın babasının adı ilə bağlıdır və coğrafi məkan anlamına gəlmir”.
Bu isə ciddi səbəb yox, reallıqdan uzaq bəhanədir.
Təəssüf ki, Qazaxıstandakı bəzi qüvvələr bu cür bəhanələrlə soydaşlarımızın haqlı tələblərinə məhəl qoymurlar. Bu isə olduqca məyusedici məqam olmaqla yanaşı, ölkələrimiz arasında münasibətlərə də kölgə salır. Xüsusilə də, bir türk dövlətində bu cür halın olması daha çox təəssüf doğurur.
Ümid edək ki, problem ən qısa zamanda həllini tapacaq. Terteryan kimi çirkin yollarla Azərbaycan-Qazaxıstan münasibətlərinə kölgə salmaq istəyən şəxslərin arzusunu Qazaxıstanın müvafiq qurumları ürəyində qoyacaq.
Bizim.Media-nın analitik qrupu