Bu gün səhər saatlarında vəfat edən Xalq artisti Şahlar Quliyev dəfn olunub.
Bizim.Media xəbər verir ki, Təzə Pir məscidində keçirilən vida mərasimindən sonra mərhumun nəşi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Mərhumla vida mərasimində yaxınları, sənət yoldaşları, mədəniyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Şahlar Quliyev 1946-cı ildə anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti olub. "Leyli və Məcnun"da Nofəl, "Şah İsmayıl"da Aslan şah, "Aşıq Qərib"də Şahvələd, "Sevil"də Atakişi, "Arşin mal alan"da Süleyman, "Gəlin qayası"nda Xan, "Koroğlu"da Həsən xan, "Aida"da Amonasro, "Riqoletto"da Monterone, "Toska"da Skarpia, "Karmen"də Eskamilio, "Payatsı"da Tonio, "Bohema"da Şonar, "Natəvan"da Qasım bəy Zakir kimi rolları ifa edib. 2005-ci ildə Xalq artisti fəxri adına, sonralar isə Prezident təqaüdünə layiq görülüb.
Bizim.Media