Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında:
Bu həftə dünyanın hər tərəfindən diqqətlə izlənilən bir toplantı baş tutdu ki, onun səs-sorağı hələ bir müddət gündəmdən çıxmayacaq. Söhbət Tatarıstan paytaxtında keçirilən XVI BRICS Sammitindən gedir ki, Azərbaycan da onun iştirakçıları sırasında ilk dəfə yer almışdı.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda neft hasilatı yenidən artacaq? – İlham Şabanın ŞƏRHİ
BRICS+
Təşkilatın budəfəki toplantısı “BRICS+” formatında keçirilirdi. Lap vaxtı ilə 2016-cı ilin sonunda ilk dəfə OPEC+ formatındakı kimi. O zaman qlobal enerji bazarları təlatümlə üzləşmişdi və Neft İxrac Edən Ölkələr Təşkilatı bazarın digər iştirakçılarını da bu prosesə cəlb etdi ki, vəziyyəti daha qısa müddətə stabilləşdirmək mümkün olsun. Onu deyim ki, OPEC+ formatını ilk dəfə təklif edən isə 2016-cı ilin əvvəlində Davos İqtisadi Forumunda Azərbaycan Prezidenti olmuşdu. Və ötən illərin təcrübəsi göstərdi ki, rəsmi Bakının təklifi nə qədər doğru addım idi.
Bu dəfə yaşananlar da bir növ həmin anları xatırladır. Çünki 3 ilə yaxındır ki, dünyadakı nizam laxlayan şəkildədir, hərbi-siyasi gərginlik daha da şiddətlənir, münaqişələrin coğrafiyası genişlənir. Bu baxımdan da BRİCS+ formatında keçirilən görüşə siyasi maraqları heç də üst-üstə düşməyən ölkələrin də qatılmasını yenidən bölüşdürülmə mərhələsində olan dünyada ölkələrin müəyyən mənada axtardıqları ümumi “qazanc maraqları” müstəvisinə də bənzətmək olar.
Amma onu deyim ki, ilk dəfə bu tədbirə qatılan Azərbaycanın bu mürəkkəb zamanda atdığı addımlar diqqətdən kənarda qalmadı. Rusiya dövlət başçısı Vladimir Putinin çıxışında Şərq-Qərb, Şimal-Cənub logistika dəhlizlərinin inkişafında Azərbaycanın roluna toxunması və bunu vacib bir məsələ kimi vurğulaması rəsmi Bakının yürütdüyü həm siyasətin, həm də ətraf ölkələrlə apardığı dayanıqlı iqtisadi əlaqələrə verilən bir qiymət idi.
Qlobal bazarlar
Qiymət deyəndə isə biz neft və qazın bazarda özünü necə aparmasına da diqqət yetirməliyik. Yola saldığımız həftəni “qara qızıl” üçün stabil hesab edə bilərik. Çünki bazar ertəsindən cümə gününə qədər London Birjasında hərracların hər bağlanış günü Brent markalı neftin 74 dollardan bir qədər baha satılması ilə yadda qaldı. Bunun da səbəbi ondan qaynaqlanırdı ki, istər Yaxın Şərqdə, istərsə də Ukrayna cəbhəsində hərbi əməliyyatların davam etməsinə baxmayaraq, bazarı silkələyəcək hansısa gözlənilməz hadisə yox idi.
Avropada isə “mavi yanacaq” qiymətləri həftəni hiss ediləcək artımla başa vurur. Belə ki, qazın qiyməti 460 dollardan 478 dollara qədər bahalaşma nümayiş etdirdi. Bu məsələdə “Bloomberg” agentliyinin Avropanın Rusiya qazından 2027-ci ilədək tam xilas olmasını şübhə altına alan proqnozu da öz təsirini göstərdi. Agentlik cari ildəki gerçəklikləri də açıqlayır və göstərir ki, ötən il Avropa ölkələrinin qaz idxalında Rusiyanın payı 15%-dək azalmışdısa, cari ilin 9 ayında 20% təşkil edib və bir sıra qərbi Avropa ölkələri, xüsusən də Rusiyadan maye qaz alışını kifayət qədər artırıblar.
Slovakiya qaz istəyir
Bu günlərdə Slovakiya prezidenti Peter Pelleqrini Azərbaycana işgüzar səfər edəcək. Slovakiyanın dövlət başçısı Azərbaycana səfər planları barədə məlumatı Almaniyada jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Bakıda keçiriləcək danışıqlarda o, Slovakiyanın enerji təhlükəsizliyinin gücləndirilməsi məsələlərini müzakirə etməyi planlaşdırır. Həmçinin əlavə edib ki, Azərbaycana qarşıdakı səfərini Almaniya kansleri Olaf Şolts ilə də müzakirə edib.
Çox maraqlı məsələdir. O baxımdan ki, Avropada gün kimi aydın olan odur ki, bu ilin son günündə Rusiya qazının Ukrayna qaz magistral kəmərləri ilə Avropaya ötürülməsinə dair sazişin müddəti bitir və rəsmi Kiyev müqaviləni uzatmayacağını dönə-dönə ifadə edib. Nəticədə Rusiya qazından asılı olan bir neçə Avropa ölkəsinin qış mövsümündə üzləşə biləcəyi enerji böhranı gündəmdədir. Həmin ölkələrdən birincisi isə Slovakiya hesab edilir.
Slovakiya hökuməti ilə Azərbaycan hökuməti arasında qazın alqı-satqısına dair razılaşma var, yəni memorandum. Amma Slovakiya Rusiyadan aldığı qaz həcmlərini Macarıstan üzərindən əldə etmək imkanı yoxdur, çünki mövcud infrastruktur buna imkan vermir. Elə buna görə də... hələ bu ilin mayında Slovakiyanın baş naziri Robert Fitso Bakıya səfəri zamanı Azərbaycandan qaz almaq niyyətini vurğulamaqla yanaşı bunun təkcə Cənub Qaz Dəhlizi üzərindən deyil, eyni zamanda RF və Ukraynanın qaz infrastrukturları üzərindən də həyata keçirilməsi təklifi ilə də çıxış etmişdi. Özü də bu zaman Ukraynanın baş nazirinə istinad edərək “Azərbaycan qazı olduğu yerdə Rusiya ilə Ukrayna arasında müəyyən razılığa gəlmək olar. Bu, hər kəs üçün faydalı olar” fikrini də səsləndirmişdi.
Bütün yay bu mövzuya bu və ya digər formada həm KİV, həm də müxtəlif ölkələrin siyasətçiləri toxunmuş və hətta Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 6-da İtaliyada Beynəlxalq Çernobbio Forumunda müzakirələrə qatıldığı zaman “Ukrayna ərazisində Azərbaycan qazının tranziti” mövzusuna toxunmuş bununla bağlı Rusiya, Ukrayna və Avropa təsisatlarından müraciət edilməsini təsdiqləmiş və sözügedən yöndə rəsmi Bakının böyük səylər göstərdiyini bəyan etmişdi. Ona verilən sualı isə “burada uğura nail ola bilsək, zənnimcə biz bütün regionu viran edən bu müharibəyə son qoymaq üçün əlavə addımlar ata bilərik” fikri ilə tamamlamışdı.
Bizi COP-a qısqananlar
COP29 yaxınlaşdıqca, ona hazırlıq çərçivəsində kifayət qədər çoxşaxəli tədbirlərin keçirilməsinin şahidi oluruq. Bunlar da başadüşüləndir, çünki bu cür irimiqyaslı beynəlxalq tədbirə, özü də BMT çətiri altında keçirilən tədbirə ev sahibliyi edəcəyimiz müddətdə deyil, hətta ondan sonrakı dövrdə belə xeyli zaman gündəmdə olacaq məsələləri açıqb-ağardır, həlləri üçün verə biləcək töhfələrimizi bölüşürük.
Amma başa düşülməyən məsələlər də az deyil. Bunlar bu həftə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Financial times" qəzetində dərc olunan məktubunda öz əksini tapıb.
“Neft dövlətini COP29 üçün uyğun olmayan ev sahibi adlandırmaq riyakarların oyunudur” deyən Hikmət Hacıyev Azərbaycana qarşı Qərbdə müəyyən qüvvələrin apardığı siyasətə öz etirazını bildirib. Onun sözlərindəki həqiqət isə budur ki, Azərbaycan BMT-nin iqlim konfransına ev sahibliyi edəcək sayca 28-ci neft və qaz istehsal edən dövlət olacaq.
“Bu siyahıdan çıxan yeganə ölkə İsveçrə olub. Üstəlik, dünyada hər bir dövlət istisnasız olaraq qalıq yanacaq istehlakçısıdır”, - deyə Hikmət Hacıyev bildirir. Onun sözlərinə görə, Azərbaycan İqlim Fondu yaradıb və digər neft-qaz hasil edən ölkələrin və bu biznesdə iştirak edən şirkətlərin fonda investisiya qoyacağını gözləyir.
“Bu, bir neft-qaz istehsalçısı olan ölkənin enerji keçidini necə həyata keçirə biləcəyini nümayiş etdirir. Biz təkcə regionda ən böyük bərpa olunan enerji layihələri həyata keçirmirik, həm də qalıq yanacaq ixracından “yaşıl enerji”nin ixracına keçid edirik. Azərbaycan Aİ ilə tərəfdaşlıqda Xəzər dənizinin yaşıl enerjisini Avropa ilə əlaqələndirmək üçün Qara dənizin dibi ilə elektrik kabeli layihəsi hazırlayır. Xarici enerji bazarlarına istiqamət verən tələbə təsir edə bilməsək də, təklif tərəfini dəyişirik”, - deyə məktubda bildirilir.
Öz növbəmdə Hikmət Hacıyevin məktubunda yer almış Azərbaycanın “yaşıl enerji”yə keçidi üzrə əldə etdiyi uğurları rəsmi statistik məlumatlarla diqqətinizə çatdırmaq istərdim.
Günəşimizin artan enerjisi
Azərbaycanda uzun illərdir ki, elektrik enerjisinin istehsalında dominantlıq məhz mavi yanacağa bağlı idi. Elə ötən il istilik elektrik stansiyalarının ümumi elektrik istehsalında xüsusi çəkisi 93-94% arasında dəyişirdi. 2024-cü ilin 9 ayının açıqlanan statistikasında isə qazdan alınan elektrikin payı artıq 86%-dən aşağı düşüb. İlin sonuna bu göstərici daha da azalacaq. Çünki “yaşıl mənbəli” enerjinin payı artıq yüksəlir, cari ildə təkcə günəşdən alınan elektrik enerjisinin həcmi ötən ilin 9 ayının göstəricilərindən 8,2 dəfə çox olub. Yaxın 10 ildə isə “yaşıl enerji”nin həcmi enerji balansında daim yüksələn xətlə inkişaf yolunda olacaq.
Bu həftə Azərbaycanın dünya ölkələrinin enerji təhlükəsizliyində oynadığı rol və enerji keçidi məsələlərində yaxın müddət üçün planları barədə energetika naziri Pərviz Şahbazov Çindəki mötəbər beynəlxaq tədbirdə də toxunub. Nazir 23-24 oktyabr tarixlərində Çinin Çindao şəhərində keçirilmiş 3-cü “Kəmər və Yol Enerji” Nazirləri Konfransında iştirakı zamanı bir sıra mühüm məsələləri açıqlayıb.
Azərbaycan kimə neft-qaz satır?
Şahbazov qeyd edib ki, Azərbaycanın təşəbbüsü olan Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələri tarixdə ilk dəfə Xəzər dənizini Aralıq və Adriatik dənizləri ilə birləşdirərək, Avropanın enerji xəritəsini dəyişən, şaxələndirilmiş enerji mənbələri və marşrutlarının unikal modelinə çevrilib.
“Şaxələndirilmiş marşrutlar sayəsində Azərbaycan 10 ölkəni qaz, 30-a yaxın ölkəni isə xam neftlə təchiz edir. Ötən il neft ixracımızın 75%-i, qaz tədarükümüzün isə 50%-i Avropanın payına düşüb. Azərbaycan beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu sübuta yetirib. İndi isə ölkəmizin enerji təchizatında rolunu “yaşıl enerji” ilə daha da şaxələndirən və genişləndirən strateji əhəmiyyətli layihələr həyata keçirir. Türkiyə, Avropa və Mərkəzi Asiya istiqamətlərində “yaşıl enerji dəhliz”lərinin yaradılması bu gündəliyin mühüm prioritetləridir”, - deyə nazir bəyan edib.
Nazir həmçinin Azərbaycanın “yaşıl enerji”sinin 2027-ci ilədək olan birinci inkişaf mərhələsində görülən və görüləcək işləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bu xüsusda, növbəti illərdə ölkəmizin elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin əhəmiyyətli dərəcədə artımı olacaq.
2027-ci ilədək təxminən 2,8 milyard dollar həcmində xarici və yerli investisiya hesabına 2 QVt civarında sənaye miqyaslı 8 günəş-külək elektrik stansiyasının inşası və şəbəkəyə qoşulması planlaşdırılır. Azərbaycan “yaşıl enerji” cığırı bir müddət sonra sürətlə böyüyərək müntəzəm istifadə edilən yola çevriləcək və bu, artıq geriyə dönməz prosesdir.
Azərbaycanın enerji keçidi reytinqi
Təsadüfi deyil ki, bu məqam Dünya İqtisadi Forumunun “Effektiv Enerji Keçidinin Təşviqi 2023” hesabatında da əks olunub. Hesabatda deyilir ki, Azərbaycan tənzimləmə mühitini və infrastrukturu təkmilləşdirməklə enerji keçidinə hazırlıq istiqamətində məhz aqressiv səylərinə görə 120 ölkə arasında 62 enerji keçidi indeksi ilə 32-ci yerə yüksəlib.
Nazir daha sonra bildirib ki, növbəti 3 il ərzində istismara veriləcək “yaşıl enerji” stansiyalardan 5,3 mlrd. kVt/saat elektrik enerjisinin istehsalı nəticəsində 1,2 milyard kubmetr qazın sərbəstləşməsi və 2,5 mln. tona qədər emissiyaların azalması gözlənilir. Ən əsası isə 2030-cu ilə 30%-lik hədəfimizi daha erkən və artıqlaması ilə yerinə yetirə biləcəyik. Başqa sözlə, artıq 2027-ci ildə elektrik enerjisinin istehsal gücündə “yaşıl enerji”nin payının 33%-ə yüksəldilməsi gündəmdədir.
Neft Fondunun artan aktivləri
Burada bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Məlumdur ki, Azərbaycanda neft hasilatı azalmağa doğru gedir, yəni bunun özü elə ətraf mühitə atılan emissiyaların təbii yolla azalması deməkdir.
Bizim neft gəlirlərimizin azalmasına baxmayaraq, Neft Fondunun aktivləri bu il hər rüb artım nümayiş etdirir. Özü də bu artım sentyabrın sonunda ilin əvvəli ilə müqayisədə 5,3 mlrd dollar həddinə çatıb. Soruşa bilərsiniz ki, bəs nəyin hesabına? Fondun rəsmi məlumatına görə, vəsaitlərinin idarə edilməsi hesabına cari ilin 9 ayında 5,5 milyard manatdan çox gəlir əldə edilib və ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çox olub.
Demək, kimin nə deməsindən asılı olmayaraq etdiyimiz seçim, getdiyimiz yol doğru-dürüstdür.
Bizim.Media