Ötən həftə Bakının Səbail rayonunda bərpa işlərindən sonra yenidən istifadəyə verilən Xaqani parkı ərazisinin bir hissəsinin ictimai-iaşə obyekti tərəfindən zəbt edilməsi ilə bağlı mediada məlumat yayılmışdı.
Bizim.Media xəbər verir ki, sonradan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yayılan məlumatdan aydın oldu ki, Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin keçirdiyi monitorinq nəticəsində baş verən qanunsuzluğun qarşısı alınıb və ərazi tamamilə boşaldılaraq yenidən vətəndaşların istifadəsinə verilib.
Lakin bu gün tanınmış ictimai fəal Elçin Əliyev özünün sosial şəbəkə hesabında sözügedən park ərazisində oxşar faktla bağlı daha bir qanunsuzluğa yol verildiyini açıqlayıb. E.Əliyev parkda fəaliyyət göstərən ikimərtəbəli restoranın qarşısının yenidən hasarlandığını, hətta ərazidəki zibil yeşiklərinin küçənin daha mərkəzi hissəsinə, yol kənarına daşındığını bildirib və bununla bağlı dövlət orqanlarına səslənib.
Lakin maraqlıdır ki, paytaxtın ictimai həyatında baş verən proseslərə əksər hallarda laqeyd qalmayan ictimai fəal nədənsə məsələnin həllində yalnız bir qurumdan diqqət umub. Belə ki, E.Əliyevin məsələ ilə əlaqədar konkret olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin adını çəkməsindən belə anlaşılır ki, paytaxtın hətta kommunal təsərrüfatına da sözügedən qurum cavabdehdir.
İş orasındadır ki, Bakının memarlığına aid məsələlərdə şəhərsalma eksperti kimi sinəsini çox vaxt qabağa verən Elçin müəllim bu yanaşması ilə ictimai fikirdə çaşqınlıq yaradıb. Yəni problemə bir necə qurum əncam çəkməli olduğu halda, memarın birtərəfli mövqe sərgiləməsi təəccüb doğurub. Sözsüz ki, biz bu işdə ekspertin niyə ikili standartlara yol verdiyini şərh etmək fikrindən uzağıq və Əliyevdən fərqli olaraq məsələni daha obyektiv araşdırmağa çalışacağıq.
Beləliklə, qanunvericiliyə əsaslansaq deyə bilərik ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin müvafiq bəndində göstərilir ki, istehsalat və məişət tullantılarının yığılması və daşınması, habelə ətraf mühitin mühafizəsi işini yerli icra hakimiyyəti orqanları təşkil edir. Bu da deməyə əsas verir ki, ərazidəki zibil yeşiklərinin yerdəyişməsi məsələsi birbaşa Səbail Rayon İcra Hakimiyyətinin həll etməli olduğu bir işdir.
O ki qaldı parkdakı qanunsuz hasarlanma işlərinə, qanunvericiliyə görə, bu prosesin tənzimlənməsində də yerli icra hakimiyyəti orqanı cavabdehlik daşıyır. Belə ki, Əsasnamənin təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindən bəhs edən müddəalarında qeyd olunur ki, yerli icra hakimiyyəti orqanları şəhərlərdə, şəhər rayonlarında yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirir, o cümlədən özbaşına tikinti işlərinin qarşısının alınması məqsədilə müvafiq tədbirlər görür.
Belə olan halda memar Elçin Əliyevin məsələyə niyə birtərəfli yanaşdığı sual doğurur və Bakının rifahından çox, özünün hansısa maraqlarına xidmət etdiyi barədə şübhələr yaradır.
Bizi isə düşündürən E.Əliyevin paylaşdığı postda yol verilən nöqsanlardır və ümid edirik ki, bu araşdırmamızdan sonra aidiyyəti orqanlar problemin aradan qaldırılması istiqamətində öhdələrinə düşən işi mütləq şəkildə icra edəcəklər.
Mövzunu diqqətdə saxlayacağıq.
Bizim.Media