Azərbaycanda da azyaşılıların sosial şəbəkələrdən istifadəsinə qadağa QOYULMALIDIR?

Hazırda oxunan: Azərbaycanda da azyaşılıların sosial şəbəkələrdən istifadəsinə qadağa QOYULMALIDIR?

217744

Daha bir ölkə azyaşlıların sosial şəbəkələrə girişinə qadağa qoydu. Beləki, Norveç hökuməti “kiçik uşaqların beyinlərini hədəfə aldığı” deyilən texnologiya şirkətlərinə qarşı kampaniyanı gücləndirdiyi üçün sosial media istifadəçilərinə minimum 15 yaş məhdudiyyəti tətbiq edib.

Nəzərə alaq ki, buna qədər Avstraliya da azyaşlı yeniyetmələr və uşaqlar üçün sosial mediaya qadağa qoyub və bunun uşaqların sosial mediaya və digər rəqəmsal platformalara girişini əngəlləyəcəyini bildirib. Yaş həddi hələ müəyyən edilməyib, lakin 14-16 yaş arasında olması ehtimalı var.

Fransa 15 yaşdan kiçik şagirdlərin məktəblərdə mobil telefondan istifadəsini qadağan etməyə çalışır. Müvəffəqiyyət qazanarsa, məhdudiyyət yanvar ayından bütün ölkə üzrə tətbiq oluna bilər.

Bəs ölkəmizdə də belə bir addımın atılmasının vaxtı çatmayıb ki?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Fazil Mustafa bildirib ki, bizdə də bu proses tənzimlənməlidir:

“Norveçdə olduğu kimi olmasa da, bunu hansısa formada gerçəkləşdirməliyik. Bizdə də sosial şəbəkələr uşaqları təhsildən uzaqlaşdırır, bayağılığı təşviq edir. Ona görə də bu sahədə ciddi addımlar atılmalıdır. Bu məsələdə valideyn məsuliyyəti bir qədər çətindir. Çünki bəzi valideynlər heç də hər zaman uşaqların həyat tərzinə müdaxilə edə, qarışa bilmir. Bu da bir reallıqdır. Amma qapalı mühitdə yaşayan bir çox insanlar var. Onları da nəzərə almalıyıq.

Hər halda bu məsələ bir qədər qəlizdir. Ona görə də bu məsələyə həssaslıqla yanaşılmalıdır. Elə etməliyik ki, ən azından valideyn uşaqlarının hərəkətlərinə nəzarət edə bilsin. Çünki telefon varsa, uşaqlar bundan hansısa şəkildə yararlanmağa çalışacaqlar. Məsələyə bu aspektdən yanaşmaq daha doğru olardı”.

“Uşaqlar üçün vaxt limiti müəyyənləşdirə bilər”

Sosioloq Üzeyir Şəfiyev isə bildirib ki, sosial şəbəkə platforması praqmatik məqsədlərlə istifadə olunarsa bütün yaş kateqoriyasından olan istifadəçilər üçün faydalıdır:

“Əfsuslar olsun ki, sosial şəbəkə platformalarına bir çox hallarda boz zona kimi yanaşaraq hüquqazidd və əxlaqazidd paylaşımlar edən, hüquqi məsuliyətini başa düşməyən istifadəçilər də var. Məsələn, “Tiktok” Çində ərsəyə gəlib, amma Çin onu deyil, analoqunu istifadə edir.

Çünki Çin mütəxəsisləri belə düşünür ki, bu platforma uşaqlarda klip düşüncə sindromu yaradaraq onlarda analitik məntiqi təfəkkürü ləngidir. Odur ki, uşaqların Çində hətta “Tiktok” analoqundan istifadəsi belə 45 dəqiqəlik limitlə məhdudlaşır.
 

Bu və buna bənzər platformalar əmək qabiliyyətli əhaliyə də neqativ təsir etdiyi üçün onlar üçün də vaxt limiti müəyyənləşib. Bənzər qadağalar Avropa İttifaqı ölkələrində də dövlət qulluqçularına tətbiq olunur. Sosial şəbəkə vahidlərinin fəaliyətinin tənzimlənməsi ilə bağlı qanun qəbulu məsələsi qlobal miqyasda aktual məsələdir.


Ancaq hesab edirəm ki, sosial şəbəkələrin qadağası deyil, onlardan istifadə qaydaları və vaxt limiti qoyulması müəyyənləşməli, paylaşmalar, daxil olan informasiyalar süzgəcdən keçirilməlidir. Arzuolunandır ki, Azərbaycanda da sosial şəbəkə fəaliyyətini tənzimləyən qanun qəbul olunsun”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin