2025-ci ildən etibarən Azərbaycanda həkimlər işə qəbulla bağlı imtahan olunacaqlar.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası”nın təsdiq edilməsi haqqında qərarında öz əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Həkimlər də işə qəbul üçün imtahan VERƏCƏKLƏR – ÖZƏL
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu qaydasının layihəsinin hazırlanması Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə tapşırılıb. Aiddiyyəti orqanlar tərəfindən müvafiq layihə hazırlanıb və təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim edilib.
2024-cü il iyulun 18-də isə Nazirlər Kabineti Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin təklifləri əsasında dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu qaydasını təsdiq edib.
İmtahanın keçirilməsini Səhiyyə Nazirliyi icra edəcək.
Azərbaycan qanunvericiliyinə görə, tibb sahəsində təhsil almış və internaturanı keçmiş bütün şəxslərin ölkə ərazisində həkim işləmək hüququ var. Məhkumluğu olanlar, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli, eləcə də fəaliyyət qabiliyyəti olmayanlar, tibbi fəaliyyətdən məhrum olanlar, həmçinin həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olunmaqla bütün yaş kateqoriyasından olan şəxslər işə qəbul imtahanında iştirak edə biləcəklər.
İmtahan harada aparılacaq?
Tibb müəssisələrinə işə qəbul olunmaq istəyənlərin hər birinin bilik və bacarıq səviyyəsinin, fərdi keyfiyyətlərinin iddia etdiyi vakant vəzifəyə uyğun olmasını müəyyən etmək üçün onlardan müsahibə formasında imtahan götürüləcək. Müsahibə isə imtahan iştirakçılarının işə qəbul olmaq istədikləri tibb müəssisəsində aparılacaq.
Ümumi müsahibədə iştirak etmək üçün namizəd elektron qaydada müraciət edəcək və işə qəbulla bağlı müraciətin qəbulu “Vahid Səhiyyə İnformasiya Sistemi”nin (VSİS) müvafiq altsistemi vasitəsilə həyata keçiriləcək.
Namizədlərə hansı suallar veriləcək?
Onu da qeyd edək ki, namizədlərlə müsahibə fərdi qaydada aparılacaq və imtahan prosesinə 30 (otuz) dəqiqədən az olmayaraq vaxt ayrılacaq. Müsahibəyə cəlb edilən tibb işçisinə yalnız ixtisasına uyğun olaraq iddia etdiyi vəzifəyə aid suallar veriləcək.
İmtahanı 3 komissiya üzvü götürəcək və komissiya üzvü tərəfindən hər hansı meyar üzrə 2 (iki) bal müəyyən edildiyi halda namizəd vəzifəyə uyğun hesab edilməyəcək. Bundan əlavə müsahibə nəticəsində bütün meyarlar üzrə vakant vəzifələrə uyğun sayda ən yüksək bal toplayan namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab edilir.
Bəs 13 ildir təşkil olunan sertifikasiya imtahanı nədir?
Məlumat üçün bildirək ki, 2011-ci ildən etibarən Nazirlər Kabinetinin qərarına əsasən, Səhiyyə Nazirliyi tərəfindən bütün həkimlər və tibb bacıları sertifikasiya imtahanına da cəlb olunur. İmtahanlardan keçən həkimlərə 5 il müddətinə praktiki tibbi fəaliyyətlə məşğul olmaq imkanı verilir.
İmtahandan keçə bilməyən işçilər isə 6 aylıq kurslara göndərilir və bu müddət başa çatdıqdan sonra onlar 2-ci dəfə də imtahana dəvət olunur. İkinci halda da sertifikasiyadan keçə bilməyən həkimlərə praktiki tibbi fəaliyyətlə məşğul olmaq qadağan edilir.
Alçina Amilqızı, Bizim.Media