Azərbaycanda daha bir cinayətkar qrup ifşa edildi - 578 milyon manat ölkəyə qaytarılmayıb

Hazırda oxunan: Azərbaycanda daha bir cinayətkar qrup ifşa edildi - 578 milyon manat ölkəyə qaytarılmayıb

217618

Xəbər verildiyi kimi xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş materiallar əsasında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

İstintaqla Məmmədov Tərlan Firuddin oğlu, Hüseynov Gündüz İsmayıl oğlu, Rezzahnicat Hafiz Malik oğlu, Əmrahov Elşən Bayram oğlu, İmanov Röyal Mahir oğlu, Nəsirov İntiqam Feyruz oğlu, Əlimərdanov Nicat Kərim oğlu və qeyrilərinin cinayətkar niyyətlə təsis etdikləri “Xaçmaz Aqro”, “Natural Fruit”, “Fresh Fruits Group”, “Global Trade Group”, “Garden Store” və digər məhdud məsuliyyətli cəmiyyətlərlə xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında müxtəlif növ kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayaraq əldə olunan ümumilikdə 340 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 578 milyon manatdan artıq) vəzifə səlahiyyətlərindən sui-istifadə edib Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarmamalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında həmin şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə ittiham elan edilib.

Tərlan Məmmədov, Gündüz Hüseynov və Hafiz Rezzahnicat barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs, Röyal İmanov, Elşən Əmrahov, İntiqam Nəsirov, Nicat Əlimərdanov barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin