“Su altında qalan Sabunçu tuneli ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişdik” – Fazil Mustafa

Hazırda oxunan: “Su altında qalan Sabunçu tuneli ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişdik” – Fazil Mustafa

217443

“Sabunçu rayonu ərazisində müəyyən yolların kənarına daha çox suyun yığılmasının şahidi olduq. Bu da ötürücü və drenaj sisteminin olmaması ilə qaynaqlanır. Bununla bağlı biz də dəfələrlə müvafiq qurumlar qarşısında məsələ qaldırmışıq. Amma suyun axıdılması üçün yerin olmadığı diqqətə çatdırılıb”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Sabunçu rayonundan seçilmiş millət vəkili Fazil Mustafa bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Yağış normadan artıq idi, yoxsa tunelin inşasında tələblər nəzərə ALINMAYIB?


Onun sözlərinə görə müəyyən qurumlar hansısa iş görürlərsə, işi təcili yekunlaşdırlmalıdırlar:

“Məsələn, Zabrat- Kürdəxanı yolu fəlakətli vəziyyətdədir. Bir aydan çoxdur ki, orada qazıntı aparılıb, üstü basdırılıb, amma asfaltlanmayıb. Bu məsələ təcili şəkildə həllini tapmalıdır”.

Həmin yoldan istifadə etdiyini deyən deputat orada  hər gün ağır tıxac olduğunu qeyd edib:   

“Buna görə də müvafiq qurumlar özlərinə aid olan məsələləri sürətlə həll etməlidirlər. Əks halda, bu, vətəndaşlar üçün böyük narahatlıq, hətta faciəylə nəticələnər”.

Deputatın sözlərinə görə ötən gün paytaxtdakı tunel və körpülərin altına, eləcə də keçidlərə su dolması əvvəlcədən proqnozlaşdırılmalı idi:

“Bu məsələ hesaba alınmalı və baxılmalı idi. Bir çox layihə mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Bunu Sabunçu rayonuyla birbaşa bağlamaq doğru deyil. Dünənki hadisə göstərdi ki, ya kommunikasiya, təsərrüfat və digər fəaliyyətlərlə bağlı rayon icra hakimiyyətlərinə ciddi səlahiyyət vermək, ya da bələdiyyələri dirçəltmək lazımdır ki, kimsə öz məsuliyyətini dəqiq bilib, işi elə görsün ki, insan faciəsi ilə yekunlaşmasın.

Bu məsələlər bizi daha çevik qərar qəbul etməyə yönəldir. Çünki belə sadə bir durumda insan ölümünün olması acınacaqlıdır. Xeyli ciddi işlər görülür, yollar asfaltlanır. Ancaq görünür ki, konkret məsuliyyət daşıyan qurumların daha çox yerli səviyyədə olması önəmlidir. Onlar bu məsələyə daha ciddi diqqət ayıracaqlar və problemlərin qarşısını almağa daha maraqlı olacaqlar”.

Qeyd edək ki, oktyabrın 22-də Sabunçuda tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb və paytaxtın bəzi ərazilərində evləri su basıbyollar bağlanıb.


Xatırladaq ki, Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunel “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında tikinti işləri aparan “Körpü Bina Tikinti”  MMC tərəfindən inşa olunub.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin