Çox təəssüf ki, gənclərimiz innovasiyaları mənimsəməyin ən yaxşı yolu kimi xaricdə təhsili görürlər. Amma xaricdə təhsil də əksər hallarda bakalavr və magistr pillələrindən daha çox, kurslarla bağlı olur. Ən pisi də odur ki, işəgötürənlər də xaricdə sertifikat alan, təlim kursu keçənlərə daha çox üstünlük verirlər.
Amma beynəlxalq sertifikatların əksəriyyətini əldə etmək üçün xüsusi savad tələb olunmur. Hətta müəyyən hallarda ödəniş qarşılığında hansısa təlimlərdə iştirak edən şəxslər belə rahatlıqla sertifikat ala bilirlər.
Bəs, bu sertifikatları vacib hesab etmək doğurdurmu?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan ekspert Aqil Məmmədov bildirib ki, mövcud dövlət idarəçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, yeni kadr bankının formalaşdırılması üçün xüsusi addımların atılması vacibdir:
MÖVZU İLƏ BAĞLI:
Təzadlı VƏZİYYƏT – Xaricdə alınan diplomları Nazirlik tanıyırsa, DİM niyə imtahan keçirir?
“Bu işi həyata keçirtmək üçün optimal baza da mövcuddur. Misal üçün, Xankəndində, Laçında və yaxud Nabranda dövlət balansında olan və hal-hazırda effektiv fəaliyyət göstərməyən bir obyekti seçib, təmir etdikdən sonra, orada xüsusi idarəetmə emalatxanasını yaratmaq olar.
Yeni dövət qulluğuna qəbul edilən gənclər, mövcud dövlət qulluqçuları, məktəb və tibb müəssisəsi direktorları, jurnalistlər, blogerlər bu müəssisələrdə müxtəlif bacarıqların öyrənilməsi təlimlərinə cəlb edilə bilərlər. Yay aylarında istedadlı gənclər, bilik olimpiadalarının qalibləri üçün düşərgələr, masterklaslar təşkil edilə bilər”.
Müsahibimiz onu da əlavə edib ki, təlim proqramlarının hazırlanmasına Türkiyə, Rusiya, Avropa və ABŞ universitetlərinin təcrübəsindən istifadə edilə bilər:
“Beləliklə bu bahalı proqramları ödənişli olaraq qeyd edilən ölkələrdə keçə bilməyən gənclər yerli emalatxanalarda bu imkanı əldə edər. Nəticədə həm dövlət daha bacarıqlı və dayanıqlı kadr əldə edər, həm də gənclər az xərclə daha yenilənmiş biliklər qazanar. Son nəticədə bu dövlət xidmətlərinin göstərilməsində effektivliyi artırar. Eyni zamanda bu xaricə beyin və valyuta axınının da qarşısını alar”.
Surxay Atakişiyev, Bizim.Media