İnsanların bank kartlarından pul çəkən dələduzların sayı çoxalmaqdadır. Bununla bağlı bir çox tədbirlər görülsə də, insanlar hələ də kart məlumatlarını tanımadıqları insanlarla bölüşürlər.
MÖVZU İLƏ BAĞLI:
Özündən xəbərsiz kartından 800 manatlıq alış-veriş EDİLDİ – “Kapital Bank” müştərinin təhlükəsizliyini niyə təmin etməyib?
Məlumatsızlıqdan əlavə, pulları oğurlanan insanlar bəzən hüquqi prosesləri bilmirlər. Belə hallarda ağıllarda bir sual yaranır.
Kimə müraciət edək?
Təbii ki, ilk ağla banklar gəlir. Amma adətən insanlar oğurlanan pulların banklar tərəfindən geri qaytarıla bilmədiyini deyirlər.
Bəs banklar müştərilərinin hesablarından dələduzluq nəticəsində oğurlanan pullar üçün məsuliyyət daşıyırlarmı?
Azərbaycan Mərkəzi Bankı Bizim.Media-nın mövzu ilə bağlı sorğusunu cavablandırıb. Açıqlamada bildirilib ki, pulun oğurlanmasında bankın hər hansısa nöqsanı varsa, məsuliyyət daşıyır.
“Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 25.5-ci maddəsinə əsasən bank müştəridən avtorizə edilməmiş və ya səhv icra olunmuş əməliyyatla bağlı məlumatı aldıqda ödəniş əməliyyatının hər hansı texniki nasazlıq və ya bankın digər nöqsanı nəticəsində baş vermədiyini, ödəniş əməliyyatının autentifikasiya olunduğunu sübut etməlidir. Qanunun 25.2 maddəsinə əsasən bank bu sübutları təqdim edə bilmədikdə ödəniş əməliyyatının məbləğini müştəriyə geri qaytarmalıdır”.
Banklar müştəririnin bank məlumatlarının gizliliyini pozduqda...
Banklar sadəcə iki halda oğurlanan pulu geri qaytarır. Birinci hal yuxarıda qeyd olunandır. İkinci isə bankın müştərinin bank məlumatlarının gizliliyini pozmasıdır.
“Qanunun 41.3 maddəsinə əsasən isə ödəyici Qanunun 38-ci maddəsi ilə müəyyən olunmuş tələbləri (fərdiləşdirilmiş təhlükəsizilik məlumatlarını (PİN, şifrə və s kimi) təhlükəsiz saxlanması) qəsdən və ya kobud ehtiyatsızlıq əsasında pozduqda avtorizə edilmədən həyata keçirilən ödənişlərə görə yaranan itkilərə tam məsuliyyət daşıyır”.
Nuray, Bizim.Media