Dünən axşam saatlarından başlayan yağış gecə saatlarında daha da güclənib. Nəticədə leysan yağışı Bakıda və bölgələrdə müəyyən fəsadlara yol açıb. Bir çox əraziləri su basıb, ictimai nəqliyyatın hərəkətində problemlər yaranıb.
MÖVZU İLƏ BAĞLI:
Şərqi və Mərkəzi Avropada daşqınlar: 6 ölü var - VİDEO
Normadan artıq yağıntı
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti məlumat yayıb ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Binədə 86 mm (aylıq normanın 306 %-i), Maştağada 60 mm (aylıq normanın 150%-i), Pirallahıda 47 mm (aylıq normanın 197%-i), Çilov adasında 37 mm (aylıq normanın 159%-i), Bakıda 32 mm ( aylıq normanın 114%-i), Sumqayıtda 14 mm (aylıq normanın 52%-i) təşkil edir.
Bölgələrdə də yağıntı aylıq normadan artıq olub. Hətta Şahdağ, Gədəbəy, Daşkəsən, Qrız, Xınalıqda qar yağıb.
Oktyabrın 21-i saat 22:40 radələrində Oğuz rayonu Xaçmaz və Xaçmaz qışlaq kəndlərinə diametri 4-5 mm olan, saat 23:50 radələrində isə Şəkinin Oxud və Kiş kəndlərinə diametri 3-4 mm olan dolu düşüb.
İqlim dəyişikliyinin fəsadları
Qlobal iqlim dəyişikliyi dünyanın hər yerində olduğu kimi ölkəmizdə də ciddi şəkildə təzahür edir. Məsələn, bu ilin iyul-avqust ayları həddən artıq yağıntılı keçdi. Son bir həftədə ölkə ərazisində yağışlar intensivləşib. Təbii ki, təbiətin “şıltaqlığı”ndan heç bir ölkə, o cümlədən Azərbaycan sığortalanmayıb. Ona görə də son 24 saatda baş verənlər daha çox təbiət hadisəsi kimi xarakterizə olunmalıdır.
Dünya ölkələri selin ağuşunda
Yada salaq ki, son aylar dünyanın bütün ölkələrində anomal hava müşahidə olunur. Məsələn, suya həsrət qalan Ərəbistan yarımadası bu günlərdə əsl fəlakət yaşayıb. BƏƏ-nin Dubay şəhəri cəmi bir neçə saat ərzində su altında qalıb. İllik yağıntı norması 20 mm olan şəhərə bir neçə saata 600 mm yağıntı düşüb. Nəticədə, şəhərdə metronun fəaliyyəti dayanıb. İctimai nəqliyyat və avtomobillərin hərəkətində gün ərzində problemlər yaşanıb.
Ötən ayın ortalarında İtaliyada qırmızı və narıncı daşqın xəbərdarlığı verilmişdi. Sonda yağış ölkə daxilində daşqınlara səbəb olub. Ən çox Emilia-Romagna bölgəsi seldən əziyyət çəkib. Bolonyada bir uşaq sel dalğasının apardığı avtomobilin qurbanı olub.
Toskanadakı Elza və Siciliyadakı Salso çayları sahillərindən daşıb və hər iki bölgənin sakinlərinə çox zərurət olmadıqca səyahətdən çəkinmələri tövsiyə olunub.
Hələ bu ilin sentayabr ayının 17-də Fransanın bəzi bölgələrində baş vermiş qorxunc sel və daşqınları demirik. Güclü yağış nəticəsində bir çox yaşayış məntəqələrində həyat dayanıb. Sel küçələrdəki ağuşuna alıb. Tunel və keçidlər saatlarla su altında qaldığından ictimai nəqliyyat saatlarla dayanmalı olub.
Pozulan təbiət nizamı
Bütün bunlar onu göstərir ki, antropogen təsirlər nəticəsində təbiətin nizamı pozulub. Nəyin, nə zaman baş verəcəyini proqnozlaşdırmaq xeyli çətinləşib. Ona görə də qlobal iqlimə antropogen təsirləri azaltmaq üçün hər birimiz diqqətli və həssas olmalıyıq.
O ki qaldı, ötən gecə Bakı və ətraf qəsəbələrdə baş verənlərə...
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında bildirib ki, yağışın törətdiyi fəsadlarla bağlı bu gün axşam saatlarında dövlət qurumlarının rəsmilərinin iştirakı ilə müzakirələr aparılacaq:
“İclasda Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, o cümlədən digər qurumların rəsmiləri iştirak edəcəklər”.
Sözügedən müzakirələrdən sonra yaranan problemlərin əsas səbəbləri və nəticələri ilə bağlı daha dəqiq məlumat əldə etmək mümkün olacaq.
Surxay Atakişiyev, Bizim.Media