Satışı çoxalan polietilen torbalar - Ekoloji təhlükə mənbəyindən niyə ƏL ÇƏKMİRİK? – FOTO

Hazırda oxunan: Satışı çoxalan polietilen torbalar - Ekoloji təhlükə mənbəyindən niyə ƏL ÇƏKMİRİK? – FOTO

217204

Bu ilin fevral ayından qalınlığı 15 mikrona qədər yüngül təkrar emala yararsız polietilen torbaların istifadəsi məhdudlaşdırıldı.

Bu məhsulun ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, marketlərdə, mağazalarda  ölçüsü 15-50 mikron olan polietilen torbaların böyüyünün 5, kiçiyinin isə 3 qəpiyə satılmasına qərar verildi.
 

MÖVZU İLƏ BAĞLI:

Polietilen torbalar ekoloji təhlükə yaradırsa, niyə pulla SATIRIQ? – Nazirlikdən AÇIQLAMA


Bəs, 1 ilə yaxın müddətdə polietilen torbaların pulla satılması ondan istifadəni azaltdımı? Bu qərar ətrafı mühitin çirklənməsinin qarşısına almaq baxımından nə dərəcədə səmərəli oldu?

Ekoloq Telman Zeynalov Bizim.Media-ya bildirib ki, bu məhsulun pullu olması ondan istifadəni azaltmayıb:

"Bir istehlakçı kimi belə düşünürəm. Camaat 3 qəpik, 5 qəpik üçün onu almaqdan yayınmadı. Təsiri olsa belə, bu, çox cüzidir”.

Ekoloqun fikrincə, bununla bağlı alternativ yol düşünülməlidir:

“Ətraf mühitin bu cür tullantılarla çirklənməsinin qarşısını almaq üçün başqa yol düşünmək lazımdır. Sovet dövründə kağız sarı torbalar vardı. Ziyansız, istifadə üçün çox əlverişli. Məsələn, onun kimi bir yol düşünülməlidir. Mütəxəssislər bununla bağlı nəsə etməlidirlər”.

Ekoloq Ənvər Əliyev də bunun uğursuz addım olduğu qənaətindədir:

“Təəssüf ki, polietilen torbaların pulla satılması gözlənilən nəticəni vermədi. Bu məhsullar ətraf mühitə ciddi ziyan vurur. Həm də Bakı küləkli şəhərdir, bu torbalar ağacların budaqlarına yapışıb şəhərin görünüşünü korlayır, paytaxtımızı çirkləndirir.

Eyni zamanda bəzi ərzaqlar var ki, onları polietilen torbalarda qətiyyən saxlamaq olmaz. Ona görə də başqa bir yöntəmdən istifadə olunmalıdır”.

Bununla bağlı ekoloqun konkret təklifi də var. O, Avropa və digər ölkələrin marketlərində istifadə olunanan torbaların Azərbaycanda da istehsalını tövsiyə edir: 

“Mən Kanadadan həmin torbalardan bir neçə nümunə gətirmişəm. Dünyada çox yerdə bunlardan istifadə edilir.  Həm görünüşü gözəldir, rəngbərəngdir, hər ölçüdə var, həm də onlardan xeyli müddət istifadə etmək mümkündür. Hamı öz çantasında, cibində gəzdirə bilər. Bununla da selofan torbalar birdəfəlik aradan götürülə bilər”.


Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin