Ölkəmizdə gənclərin yeni peşələrə hazırlığı HANSI SƏVİYYƏDİR?

Hazırda oxunan: Ölkəmizdə gənclərin yeni peşələrə hazırlığı HANSI SƏVİYYƏDİR?

217068

Son illər informasiya texnologiyaları sürətlə inkişaf edib. İndi gənclər süni intellektdən, texnologiyaların verdiyi imkanlardan yararlanaraq müxtəlif fikirlərini asan şəkildə reallaşdıra bilirlər. Bu inkişaf köhnə nəslə yad olan bir çox yenilik gətirib ki, artıq həmin yeniliklər üzrə peşəkar kadrlara ehtiyac var. Yəni avtomatlaşdırma və digər texnoloji inkişaflar gələcək iş mühitinə təsir edir.

Bəs ölkəmizdə yeni peşələrin yaranması dinamikası necədir? Gənclər texnoloji yeniliklərin yaratdığı dəyişikliklərə hazırdılarmı? Ölkəmizdə gənclərin yeni peşələrə hazırlığı hansı səviyyədədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi qeyd edib ki, universitetlərdə yeni yaradılmış ixtisaslarla bağlı dərin təcrübə mövcud deyil:

“Təəssüflər olsun ki, şagirdlərlə seçəcəkləri ixtisas, hansı ixtisasların əmək bazarında daha çox tələbatlı olması ilə bağlı hər hansı maarifləndirmə tədbirləri və yaxud təbliğat aparılmır. Ona görə də şagirdlər bəzi hallarda XI sinifdə, əsasən də ixtisaslaşma mərhələsində mütəxəssis rəyi əsasında hansı ixtisası seçəcəklərinə qərar verirlər. Könül istərdi ki, onların daha uğurlu olmaları üçün profilləri öncədən, hardasa, IX-X sinifdən müəyyən olunsun.

Bəzi universitetlər yeni yaradılmış, daha çox İT yönümlü ixtisaslarla bağlı bir o qədər dərin təcrübəyə sahib deyillər. Amma 5-6 il öncə yaranan ixtisasların kadr hazırlığı yeni yarananlara nəzərən daha yaxşı həyata keçirilir”.

O, barmaqla sayılacaq ali təhsil müəssisələrində yeni ixtisasların tədrisinin keyfiyyətli olduğunu qeyd edib:
 

“Bugünkü təhsil sistemində ali təhsil istiqamətinə baxsaq, bəziləri infrastruktur baxımından o qədər də yüksək olmasa belə çalışırlar ki, daha tez yenilik etsinlər. Həmçinin, xaricdə təhsil alan vətəndaşlarımızı da prosesə cəlb etsinlər. Amma ümumilikdə bir neçə barmaqla sayılacaq universitet var ki, onların bu istiqamətdə verdiyi təhsil digərləri ilə müqayisədə daha yaxşıdır.


Bura Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Azərbaycan Dövlət Texniki Universieti, Azərbaycan Dövlət İqtisad Universiteti daxildir. İqtisad Universiteti 4 ildən çoxdur informasiya texnologiyaları ilə bağlı kadr hazırlığına başlayıb, amma bir korpus bu istiqamətdə tələbə qəbulunu həyata keçirir və maddi infrastruktur baxımından da yeniliklər var, digər universitetlərlə müqayisələndirsək burada da tədrisin keyfiyyəti digərlərindən daha üstündür. İstərdik ki, dövlət və özəl ali təhsil müəssisələrində kadr hazırlığı bu istiqamətdə daha uğurlu aparılsın”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin