Boşanmanın uşaqlara TƏSİRİ – Hansı yaşlarda travma riski DAHA BÖYÜKDÜR?

Hazırda oxunan: Boşanmanın uşaqlara TƏSİRİ – Hansı yaşlarda travma riski DAHA BÖYÜKDÜR?

217017

Son illər boşanmaların sayı artıb.  Artıq mütəxəssislər bununla bağlı müxtəlif fikirlər səsləndirir, çözümlər təklif edirlər. Boşanmalar hər iki tərəflə yanaşı, uşaqlara da ciddi  təsirlərini göstərir.

Psixoloqlar gələcəkdə uşağın psixologiyasında mənfi halların yaranmaması üçün boşanan cütlüklərə məsləhətlər edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda nikahların sayı AZALDI


Bizim.Media-ya mövzu ilə bağlı danışan psixoloq Ofelya Məmmədovanın sözlərinə görə, boşanma prosesi ən çox uşaqlara təsir edir:

“Onların  boşanma müddəti və sonrasında bir çox mənfi vəziyyətlə üz-üzə qala bildikləri ortaya çıxıb. Uşaqlarda ana-ata ayrılığının yaratdığı stress, ümumilikdə ayrılığın sonrakı ilk günlərində deyil, daha sonrakı vaxtlarda da ortaya çıxa, hətta bu travma illər sonra da davam edə bilər. Ata-ananın boşanması uşaqların psixoloji vəziyyətinə , yaşlarına görə təsir edir”.

Bu hal uşaqlara hansı yaşda və necə təsir edir?

Psixoloq qeyd edib ki, 1-3 yaş arası  uşaqlar boşanma vəziyyətini başa düşməsələr belə, onların psixoloji vəziyyətlərində dəyişiklik baş verir:

“Əvvəlkinə baxanda daha tez-tez və çox ağlayırlar. Yuxu problemləri, yerini islatmaq, barmaq əmməyi, qorxu və narahatlıq hiss etməsi, narahatedici hərəkətlər müşahidə oluna bilər. 3-6 yaş arası olanlar isə hər şeydə özlərini günahlandırırlar,  onlarda əsəb gərginliyi artır,  hansı valideynlə yaşayırsa, ona qarşı aqressiv olurlar. Yuxu problemləri və gecələri qorxulu yuxular görə bilərlər.


Boşanma prosesində 6-11 yaş arası  uşaqlar özlərini aldadılmış hiss edirlər. Evdən ayrılan valideyninin qayıdacağını ümid edirlər. Ayrı qalan valideynlərinin artıq onu istəmədiyni düşünə, baş və qarın ağrılarından şikayət edə,  yuxu vaxtları pozula bilər. Onlar  boşanmada səbəbkar bildiyi, birllikdə yaşadığı ana ya da atasını günahlandırırlar. Valideynləri boşanan 12-16 yaş arası uşaqlarda isə əsəb, hirs, kin, təcavüzkarlıq , özünə qapanma halları, diqqət toplamaqda çətinlik çəkmək , insanlara qarşı güvənsizlik, sosial fobiya kimi psixoloji narahatlıqlar görünə bilər”, -deyə müsahibimiz əlavə edib.  

Psixoloq vurğulayıb ki, valideynlər arasındakı anlaşmazlıqlar və mübahisələr uşağın inkişafına mənfi təsir edir:

“Uşaq ana və atasını birlikdə görmək istəyir və ana-ata birlikdə olduqda xoşbəxt olur. Ancaq uşağın sağlam inkişafı üçün valideynlərin eyni evdə birlikdə yaşamaqlarından çox  onların münasibətlərinin xüsusiyyətləri önəmlidir. Bu səbəbdən boşananların ayrı-ayrılıqda ana-ata rollarını davam etmələri uşaq üçün daha yaxşı nəticələr göstərir.

Əgər boşanan valideynlər uşağın ehtiyaclarını qarşılayır, məsuliyyətlərini yerinə yetirir, uşağa sevgi və güvən verməyə davam edirlərsə, uşağın boşanmadan təsirlənməsi də az olur. Boşanma müddətində uşaqda fizioloji, psixoloji və davranış problemləri ortaya çıxmaması üçün bu reaksiyalara vaxtında müdaxilə edilməlidir və lazım olan tədbirlər görülsə, uşaq boşanma prosesinin öhdəsindən daha asanlıqla gələ bilər”.

Valideynlər bu prosesdə hansı hərəkətlərdən uzaq durmalıdırlar?

Ofelya Məmmədova qeyd edib ki, valideynlər boşanarkən uşaqlardan silah kimi istifadə etməməlidirlər:

“Uşaqlara valideynlərin boşanmasının ata-ananın sadəcə birlikdə olmadığın, lakin onların əvvəlki kimi atası və anası olduğunu,   həm söhbət, həm də davranışlarında göstərməlidirlər. Ailədaxili ünsiyyət sevgi və diqqət bu və buna bənzər problemlərin aradan qaldırılmasına mane ola bilər. Lakin uşağın boşanmadan daha az təsirlənməsi üçün bütün tədbirlər görülməlidir. Belə bir vəziyyətdə professionaldan kömək alınması həm ana, həm ata, həm də uşaq üçün faydalı ola bilər”.


Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin