Bölgə fermerləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) onların məhsullarının yoxlamalarının vaxtında aparılmamasından şikayətlənirlər. Fermerlər iddia edirlər ki, bir neçə gündür ki davam edən yoxlamaların ləng aparılması onları işlərində çətinlik yaradır.
Bizim.Media-nın Aran bürosu adı çəkilən ərazidə olub yaranan çətinliyin səbəbini öyrənməyə çalışıb.
Məlum olub ki, ölkənin bir neçə bölgəsindən, o cümlədən Göyçay, Ucar, Kürdəmir, Şirvan və digər rayonlardan olan narçı fermerlər öz əkib becərdikləri məhsulları xaricə göndərmək məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yoxlanılışından keçmək məqsədilə məhsullarını Kürdəmirin Xırdapay kəndi ərazisinə gətiriblər. Onlar bu əraziyə AQTA-nın göstərişi il gəldiklərini bildirirlər. Amma yoxlama işlərinin ləng aparılması onların işlərində çətinlik yaradıb.
Belə ki, yük maşınlarının həddindən artıq çox olması və növbələrin yaranması yoxlamadan keçmək istəyən fermerləri gecə ərazidə qalmağa vadar edir. Bu da öz növbəsində onlar üçün maddi çətinliklər yaradır.
Fermerlər AQTA-dan yoxlamaların sürətlənməsini tələb edirlər ki yük maşınlarında olan məhsulların tələf olma etimalı olmasın.
Göyçaydan olan fermerlər Dönməz Adgözəlov və Bəxtiyar Qafarov Bizim.Media-nın yerli bürosuna bildiriblər ki, artıq 10 saatdan çoxdur ki ərazidə gözləmələrinə baxmayaraq, məhsulları yoxlamadan keçməyib: “Biz də qalmışıq çarəsiz, Xahiş edirik bu işi tezləşdirsinlər, bizim də işimiz ləngiməsin, çünki məhsulumuz yaş maldı tələf olma etimalı çoxdur”.
Məsələ ilə bağlı AQTA-nın da mövqeyini öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətindən Bizim.Media-nın yerli bürosuna şifahi olaraq bildirildi ki, qeyd olunan məsələ Agentlik tərəfindən nəzarətə götürülüb: “Hazırda müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticəsi ilə bağlı əlavə məlumat veriləcək”.
Bizim.Media, Aran bürosu