Bakıda ənənəvi dərslərin bərpa olunmasından heç bir həftə keçməmiş 13 məktəbdə - 17, 71, 95, 106, 114, 137, 146, 299, 269 saylı və digər məktəblərdə tədris yenidən dayandırılıb. Bu dəfə məktəblərin bağlanmasına onlarda koronavirusa yoluxma faktının aşkarlanması deyil, təmirə başlanılması səbəb olub. Tədris isə distant formaya keçirilib.
Pandemiyanın hökm sürdüyü və uşaqların təhsil alma hüquqlarının ala-yarımçıq təmin olunduğu şəraitdə məktəblərin yenidən bağlanması narazılıqla qarşılanıb.
Nəzərə alınsa ki, Bakı məktəblərində əyani dərslər ibtidai siniflər üçün həftədə 3, V-IX siniflər üçün isə həftədə 2 dəfə keçirilir, demək olar ki, tədris ilinin sonunadək şagirdlər barmaqla sayıla biləcək qədər məktəbə gedəcəklər.
MÖVZU İLƏ BAĞLI:
Bakı məktəblərində koronavirusla bağlı DURUM
Digər tərəfdən isə qarşıda 3 aylıq yay tətili günləri başlanır. Şagirdlər ənənəvi tədris almaq hüququndan niyə məhrum edilir? Məktəblərin təmir - bərpa işlərini yay tətilində həyata keçirmək mümkün deyilmi?
Təhsil eksperti Elşən Qafarov Bizim.Media-ya açıqlamasında mövcud duruma baxmayaraq, məktəblərin təmirə bağlanmasını sevindirici hal kimi qarşılayır:
“Bakının bəzi məktəblərində sıxlıq müşahidə olunur və ikinövbəli sistemdə işləyirlər. 2019-cu ildə Bakı məktəblərində yeni korpusların tikilməsi, əsaslı təmir üçün vəsait ayrıldı. Təkcə bu il yox, hər il tədris ilinin sonuna yaxın bir neçə məktəbdə əsaslı təmir işlərinə görə tədris dayandırılır.
Bu məktəblərin təmrə bağlanılması yeni tədris ilində normal infrastrukturu olan məktəbin təhvil verilməsinə gətirib çıxaracaq. Hesab edirəm ki, bu tədisin keyfiyyətinə o qədər də ciddi təsir etməyəcək. Onsuz da şagirdlər distant təhsilə öyrəşiblər”.
Bu təmir işlərini yay tətili günlərinə etmək olmazdımı?
Elşən Qafarov deyir ki, məktəblərin əsaslı təmiri uzun müddət - ən azı 4-5 ay çəkdiyi üçün yay tətili günlərinə sığmır: “Narahat olan şagirdlər bilməlidirlər ki, yeni qurulmuş və tam təmir olunmuş məktəblərə gedəcəklər. Bu həm də həmin məktəbləri ikinövbəli tədris sistemi “bəla”sından qurtaracaq. Çünki ikinövbəli sistemdə tədrisi təşkil etmək böyük problemdir”.
Xatirə Nəsirli, Bizim.Media