“10 gün sonra qonşu Gürcüstanda parlament seçkiləri keçiriləcək. Gürcüstan ilə Azərbaycan münasibətləri bütün sahələr üzrə, o cümlədən siyasi, hərbi, iqtisadi və diplomatik istiqamətlər üzrə daim yüksələn xətt üzrə inkişaf edir. Tbilisi və Bakı daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyiblər”.
Bizim.Media xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev Facebook səhifəsində yazıb.
Ekspert qeyd edib ki, bizim üçün yalnız yaxşı qonşu və dost ölkə deyil, eyni zamanda çox əhəmiyyətli strateji tərəfdaş olan Gürcüstanda hakimiyyətdə olan "Gürcü Arzusu" partiyasının formalaşdırdığı hökumət ilə Azərbaycan arasında demək olar ki, heç bir fikir ayrılığı yoxdur:
“Yaranan istənilən cari məsələlər hər iki dost ölkənin müvafiq dövlət strukturları vasitəsilə ən qısa müddətdə həll olunur.
500 mindən çox soydaşımızın yaşadığı qonşu ölkədə bu günlərdə baş verənlər daim rəsmi Bakının diqqət mərkəzindədir. Azərbaycan Vətən Müharibəsində Ermənistanı məğlub edəndən, xüsusilə də Ali Baş Komandanımız İlham Əliyevin Xankəndi üzərində bayrağımızı qaldırandan sonra ABŞ və Fransanın rəhbərliyi altına olan qərbyönümlü qüvvələr Cənubi Qafqaza daxil olmaq üçün genişmiqyaslı fəaliyyətlərə başlayıblar.
Azərbaycan 21-ci əsrin tək qalib ölkəsi olaraq kifayət qədər güclü siyasi-hərbi potensiala malikdir və istənilən qərb təhdidlərinə adekvat, bəzən isə daha sərt cavab verə bilir”.
Ekspert bildirib ki, Ermənistan Vətən müharibəsində və ondan sonrakı əməliyyatlarda təhlükəsizlik problemləri ilə qarşılaşıb, fərari ordu sindromu işğalçı ölkənin müqavimət immunitetini sıfırlayıb:
“Müharibə zamanı Azərbaycan ilə döyüşlərə qatılmayan Rusiyadan "qisasını" almaq üçün İrəvan hazırda Qərbin yanında yer almağa çalışır. Bu təhlükəli ideyanın Ermənistan üçün acı sonluğuna bu dəfə toxunmuram.
Ermənistanda qismən məsələni həll edən Qərb Azərbaycana müdaxilə edə bilmədiyindən əsas diqqətini Gürcüstan üzərində cəmləşdirib. Qərbin Gürcüstana daxil olmaq cəhdləri, dost və strateji müttəfiqimiz olan Gürcüstanla bu qədər yaxşı münasibətlərimiz olmasına baxmayaraq quru sərhədlərimizin bağlı qalmasına səbəb olub ki, bu da hər birimizi, xüsusilə də Gürcüstanda yaşan azərbaycanlıları və onların buradakı qohum əqrəbalarını dərindən düşündürən və narahat edən məsələlərdən biridir.
Aİ və NATO üzlüyünə qəbul kimi Gürcüstana verilən şirin vədlərin 16 il hansı fəlakətlərə səbəb olduğu hamımıza yaxşı məlumdur. 2008-ci ildə Tbilisi ətrafında partılayışlar eşidiləndə nə ABŞ, nə Aİ ordusundan bir nəfər Gürcüstana dəstək üçün döyüşlərdə iştirak etmədi. Nəticəsi isə hamımıza yaxşı məlumdur.
Bu dəfə də isə rəsmi Tbilisi həm 16 il əvvəlki bənzər vədlərə inanmaq istəmir, həm də ABŞ və Aİ ərazisindən Rusiya və Azərbaycana qarşı istifadə olunmasına yol vermək niyyətində deyil. Gürcüstan hakimiyyəti müstəqil siyasət yürüdərək ABŞ və Aİ intriqalarına qoşulmur. Nəticədə ABŞ və Avropa Birliyi seçkilər yaxınlaşdıqca müxtəlif bəhanələrlə Tbilisiyə qarşı təzyiqlərini artırır, hətta Gürcüstan parlamentində qəbul edilən qərarlara rəsmi səviyyədə rəy bildirir, "insan haqları və söz azadlığı" prizmasından bu qərarları tənqid edir. Sual oluna bilər ki, Gürcüstan parlamentində qəbul edilən qərarların ABŞ-a nə qədər aidiyyəti ola bilər? ABŞ-ın özündə bu gün uşaqlarla, qadınlarla və insan haqları ilə bağlı onlarla qanun və konvensiyalar ratifikasiya edilməyib.
Başqa sözlə desək "öz gözündə tiri görməyənlərin" əsas məqsədi rəsmi Tbilisini şantaj etməkdən, onu sanksiyalarla hədələməkdən və sonunda Gürcüstanı da Ermənistan kimi, ABŞ və Avropa Birliyinin "sözəbaxan köləsinə" çevirməkdən ibarətdir. Ukrayna da Qərb ölkələrinə çox inanmışdı...
Gürcüstan hakimiyyəti Qərb yönümlü qüvvələrin regiona daxil olmaq üçün istifadə etdiyi fəndlərdən və metodlardan xəbərdardır. Böyük ehtimalla Gürcüstanda keçirilən parlament seçkilərinin nəticəsinə təsir etmək məqsədilə Qərb texnoloqları məhz seçki günündə seçicilər arasında qarşıdurma yaratmağa cəhd edəcəklər”.
Ədalət Verdiyev vurğulayıb ki, regiondan min kilometrlərlə uzaqda yerləşən Qərbyönümlü qüvvələrin yüzillik qonşumuz və dostumuz olan, ərazisində yarım milyon azərbaycanlının yaşadığı Gürcüstan üzərində növbəti eksperiment keçirməsi bizi də dərindən narahat edir:
“Ləyaqətdən uzaq Qərb yönümlü qüvvələri nə Gürcüstan, nə Azərbaycan, nə Ermənistan və onların xalqı, nə də bu xalqların rifahı və təhlükəsizliyi düşündürmür. Onlar üçün vacib olan regionlarda qarşıdurmaları davam etdirməkdən, sönməkdə olan münaqişələri yenidən alovlandırmaqdan, münaqişə tərəflərini silah satmaqdan, daha geniş coğrafi ərazilərə nəzarət imkanları əldə etməkdən, müstəmləkə altında olan əraziləri əlində saxlamaqla daha uzun müddət təbii sərvətləri talan etməkdən, potensial və ehtimal olunan gələcək rəqiblərini kölə ölkələrin insan və ordu resursları hesabına zəiflətməkdən ibarətdir.
Başqa sözlə desək bu gün yalnız iqtidarda olan "Gürcü Arzusu" partiyası deyil, bütün Gürcüstan xalqı böyük imtahan qarşısındadır. Düşünürəm ki, bu gün siyasi baxışlarından asılı olmayaq dost gürcü xalqı mövcud təhdidlərin qarşısını almaq üçün mütləq birləşməlidir.
Gürcüstanda yaşayan dəyərli soydaşlarımızın da həm Gürcüstanın, həm də Azərbaycanın ortaq maraqlarına cavab verən, gələcəkdə Gürcüstanı qonşularla münasibətlərini gərginləşdirəcək qüvvələrə YOX deyəcəyinə inanıram. Azərbaycan ilə Gürcüstanın dostluq münasibətlərinin davam etməsi, gələcəkdə münasibətlərimizin inkişafı, hətta quru sərhədlərin açılması da bu seçkilərdə "Gürcü Arzusu" partiyasının qalib gəlməsindən asılıdır".
Bizim.Media