Yaxınlarını erməni terrorunda şəhid verən AİLƏ – “Təsəllimiz torpaqlarımızın azad edilməsidir” – FOTO

Hazırda oxunan: Yaxınlarını erməni terrorunda şəhid verən AİLƏ – “Təsəllimiz torpaqlarımızın azad edilməsidir” – FOTO

216174

“Terror aktı demək olar ki, həyatımı məhv etdi. Bir gündə həm atamı, həm də həyat yoldaşımı itirdim. Həmin faciə unuda bilməyəcəyim ən ağır gündür. Aldığım ən ağır travmadır. Bir qadın üçün bundan ağır heç nə ola bilməz. Yenə deyirəm, həm həyat yoldaşım, həm də atam... Əkiz körpələrimə sığınıb yaşayıram. Təsəllimiz isə torpaqlarımızın azad edilməsidir".

Bu sözləri Ermənistanın Tərtərə raket hücumu zamanı yaxınlarını itirən Nigar Əmirova Bizim.Media-ya açıqlamasında bildirib.

N.Əmirova Tərtər rayonunda yaşayır. O, özünün də qeyd etdiyi kimi 2020-ci il tarixin bu günü - 15 oktyabrda atası İsgəndər Əmirovu və yeni ailə həyatı qurduğu Pərviz Orucovu itirib.


44 günlük Vətən müharibəsi zamanı cəbhədə günü-gündən biabırçı məğlubiyyətlə üzləşən Ermənistan ordusu daha da azğınlaşaraq dinc yaşayış məntəqələrini - günahsız insanları artilleriya silahları və qadağan edilmiş raketlərlə atəşə tutmağa başlamışdı. Bərdə, Gəncə terroru ilə yanaşı Tərtər rayonununda da terror aktıları həyata keçirildi və kütləvi insan ölümünə səbəb oldu.

Həmin aktlardan biri də Tərtər rayonununda qəbirstanlığın atəşə tutulması idi.

Həmsöhbətimiz İradə Əmirova da faciə qurbanlarından idi. O da həm həyat yoldaşını, həm də kürəkinini itirib:


"Həmin gün anamın dəfni idi. Həyat yoldaşım, kürəkənim və əlavə altı nəfərlə şəhər qəbiristanlığında anamı dəfn edirdilər. Düşmənin qəbristanlığı atəşə tutmağı necə deyərlər, həyatımızı alt-üst etdi. Yoldaşım və kürəkənim olmaqla əlavə iki nəfər şəhid oldu və daha dörd nəfər yaralandı. Biz mənfur düşmənin vəhşiliyini onda daha yaxından gördük. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar bütün terror qurbanlarının qisasını aldı. Tək təsəllim də elə budur".

Ailə faciənin dördüncü ilini anır. Deyirlər ki, tarixin bu günü faciə ilə yanaşı tarixi zəfərə gedən yolun bir günü idi. Mənfur düşmənin görəcəyi - diz çökəcəyi tarixə isə sayılı günlər qalmışdı.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Ermənistan ordusu Tərtər rayonunu atəşə tutması nəticəsində 16 nəfər həlak olub, 63 nəfər yaralanıb.







Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin