“Ölüyə Quran oxumaq olmaz deyənlər gizli ateistlərdir” – İlahiyyatçı

Hazırda oxunan: “Ölüyə Quran oxumaq olmaz deyənlər gizli ateistlərdir” – İlahiyyatçı

216143

“Quran oxumağın savab, hətta vacib olması barədə İslam üləması həmrəydir. Şübhəsiz ki, oxumağı bacarmayanlar, korlar, ağıl xəstələri, azyaşlı uşaqlar istisna olmaqla hər bir normal müsəlmanın Quranı oxuması vacibdir. Təbii ki, ona əməl etmək şərti ilə...”

Bunu Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. O bildirib ki, Quranı başa düşərək oxumaq lazımdır:
 

MÖVZU İLƏ BAĞLI:

Hicablı qadınlar da siqaret ÇƏKİR – İslam bu barədə nə deyir?


“Quran oxumaqla Allaha sığınmaq lazımdır. Ölmüş insana əməlləri kifayət edir, onun kitabı bağlanır. Ancaq toplaşan adamların ibrət alması üçün, ölünün də ruhunun yad edilməsi üçün Quran oxunur. Vəfat etmiş insanı yad etmək üçün təbii ki, Allah kəlamından qiymətli şey ola bilməz. Bəziləri ölmüş insanların xatirinə oxunan Quranı qəbul etmir və Quranın ölü üçün yox, dirilər üçün olduğunu iddia edirlər.

Bu, doğru yanaşma deyil.

Çünki Quran təkcə dirilər üçün məhdud kitab deyil. Quranda ayələr var ki, bu kitab aləmlər üçündür. Aləmlərin içində cinlər, ruhlar, heyvanlar, insanlar, dirilər və ölülər aləmi də var. Amma nədənsə bəzi qruplar yas məclisində, qəbr üstündə ölünün ruhuna bağışlanan Quran oxumanı guya “ölü eşitsin deyə oxunur”muş kimi yanlış izah edirlər. Amma ölünün üstündə Quran ölü eşidib iman gətirsin yaxud əməl etsin deyə oxunmur.

Bu ona görə oxunur ki, əvvəla məclis əhli ölümü, axirəti xatırlasın və hasil olan savab da mərhumun ruhuna bağışlanır. Burada şirk, bidət olası bir əməl yoxdur. Qəbristanda Quran oxumaq olmaz deyə bir ayə, bir hədis olmayıb. Quranı sadəcə natəmiz yerlərdə oxumaq olmaz. “Ölmüş adam üçün Quran oxumaq olmaz”, deyə də bir dəlil yoxdur.

Quran həm ölü, həm də diri üçün oxuna bilər.

Hətta yaxşı bar versin deyə bağda, bostanda da oxuna bilər. Tez şəfa tapsınlar deyə, xəstəxanada da oxuna bilər. Necə ki, İbn Sina deyirdi ki, Quran oxumaq ürək və ruhani xəstəliklərin şəfası üçün müsbət təsir göstərir. Həmçinin ölülər üçün də aidiyyəti üzrə, Quranda axirətdən, ölümdən, imtahandan bəhs edən surə və ayələri oxumaq daha uyğundur. Bəziləri yanlış məntiq irəli sürür ki, Quranın bəzi ayələrində Ayın, Günəşin trayektoriyasından, qadınların adət halından bəhs olunur, onun ölüyə nə dəxli var.

Zahirən cəlbedici olsa da, bu yanıltmacdır. Heç kəs deməyib ki, ölünün ruhu üçün bu ayələri oxumaq lazımdır. Əksinə yas məclisində, ölü üstündə, məzarlıqda aidiyyəti ayələr, məsələyə dəxli olan hissələr oxunmalıdır. Ancaq bir şərtlə ki, tərcümə və izah olunsun ki, adamlar anlasın, başa düşsün, ibrət alsın”.

İlahiyyatçı hesab edir ki, bir çox surələrdə hətta cansızların da Allahı müxtəlif formada, elmə məlum olmayan üsulda xatırlayıb şəninə tərif dediyindən bəhs edilir:

“Ölmüş adama Quran oxumaq olmaz deyənlər əslində gizli ateistdirlər. Çünki ruha inanmırlar. Elə zənn edirlər ki, insan yalnız cismdən ibarətdir, o da öldürsə, vəssalam, hər şey bitdi. Əks halda ruhun yaşadığını, dolaşdığını, eşitdiyini qəbul etsəydilər, inkar etməzdilər. Ölmüş adanların ruhları bizi duyur, eşidir, hətta sevinir və kədərlənir. Allahın izn verdiyi zamanlarda azad olur, ailəsini dolaşır... Bu haqda çoxsaylı mötəbər hədislər, mətnlər var. İslam ölmüş adamın yox olmasını inkar edir və onun ruhən yaşadığını, sadəcə dünyasını dəyişdiyini qəbul edir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin