“TRT” Əhməd Cavad haqqında geniş xəbər hazırladı - FOTO

Hazırda oxunan: “TRT” Əhməd Cavad haqqında geniş xəbər hazırladı - FOTO

215860

Türkiyənin “TRT” xəbər agentliyi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əhməd Cavad haqqında geniş yazı hazırlayıb.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, “Azərbaycanın milli şairi: Əhməd Cavad” sərlövhəsi ilə yayımlanan xəbərdə dahi şairin yaradıcılığı ilə yanaşı həyatının maraqlı məqamları da geniş işıqlandırılıb.

“Fırtınalar dursun yana, salam Türkün bayrağına...". Azərbaycanın Dövlət Himni və “Çırpınırdın Qara dəniz” əsərinin müəllifi, istiqlal mübarizəsinin qəhrəmanı Əhməd Cavadın güllələnməsindən 87 il ötür” sözləri ilə başlayan yazıda bildirilib ki, Əhməd Cavad 1906-cı ildən başladığı təhsilini 1912-ci ildə tamamlayıb. 

Həmin il Osmanlı İmperiyası Balkan Müharibəsinə girmişdi. Əhməd Cavad, maarifçi dostu Abdulla Şaiq ilə birlikdə “Qafqaz Könüllü Taboru”na qoşularaq İstanbul’a gedib. Trakiyada Osmanlı əsgərləri ilə birlikdə Bolqar ordusuna qarşı döyüşüb. Sonralar Bakıda fəaliyyət göstərən “Müsəlman Cəmiyyəti-Xeyriyyəsinə” üzv olan Cavad, 1915-ci ildə Azərbaycandan Batum, Qars, Ərdahan, Sarıqamış, Trabzon və Ərzurum sakinlərinə və rus ordusuna əsir düşən Osmanlı əsgərlərinə yardım aparan heyətdə yer alıb.

Məqalədə Əhməd Cavadın duyğularını şeirlə ifadə edərək xalqına ruh yüksəkliyi verməyə çalışdığı, bütün şeirlərini Vətənə, Orduya həsr etdiyi ifadə olunub, onun şeirlərinə geniş yer verilib.

Qeyd edilib ki, Əhməd Cavad Osmanlı əsgərləri ilə birlikdə Bakıdakı Yasamal Dağı mövqelərində rus-erməni-ingilis silahlı birləşmələrinə qarşı döyüşüb. Nuru paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun tərkibində Bakının işğaldan azad edilməsi uğrunda döyüşüb. O, 1918-ci il sentyabrın 15-də Bakıya ilk girən əsgərlərdən biri olub.

Azərbaycanın müstəqillik dövründə həm şeirlər yazan, həm də müəllim və jurnalist kimi fəaliyyət göstərən Cavad, hökumətin milli marş müsabiqəsində iştirak edib. Cavadın, dahi Üzeyir Hacıbəyli tərəfindən bəstələnən marşı bəyənilsə də, bolşevik ordusunun Azərbaycanı işğalı ilə qəbul edilə bilmədi.

“Türkiyədə şeirlərinin dərc olunması, Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizə və milliyyətçi şeirləri səbəbindən daim nəzarət altında olan Əhməd Cavad Stalinin “Böyük təmizləmə” siyasətinin qurbanı olub.

O, əksinqilabçılıq və pantürkizm ittihamları ilə həbs olunaraq ölüm cəzasına məhkum edilib. Əhməd Cavad 1937-ci il oktyabrın 13-də güllələnib. 1955-ci ildə SSRİ Baş Prokurorluğu Əhməd Cavad haqqında irəli sürülən bütün ittihamların əsassız olduğunu bildirib. Onunla bağlı bəraət qərarı öldürüldükdən sonra verilib” - deyə yazıda bildirilib.

Məqaləyə şairin həyatı ilə bağlı infoqrafika əlavə edilib.

Qeyd edək ki, Azərbaycan mənbələrində Əhməd Cavadın güllələnmə tarixi 12 oktyabr göstərilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin