“Söz vermək” dəyərinə SAHİB OLANLAR – Behləşmək qanunidirmi?

Hazırda oxunan: “Söz vermək” dəyərinə SAHİB OLANLAR – Behləşmək qanunidirmi?

215441

Azərbaycanlılar “söz vermək” dəyərinə sahib olsalar da, bəzən verilən vədlə kifayətlənməyib behləşirlər. Yəni hər hansı əşya, ev, avtomobil, məişət əşyası alarkən onun pulunun bir hissəsini əvvəlcədən ödəməklə həmin əşyaya sahiblənəcəklərini sığortalayırlar.

Beh təkcə alqı-satqı zamanı yox, müxtəlif işlər üçün də bağlanan müqavilənin təminatıdır. Belə ki, əgər müəyyən tarixdə bir məkanda ad günü, toy-nişan və ya digər əlamətdar məclis keçirəcəksənsə, həmin tarix üçün ödəyəcəyin pulun bir hissəsini qarşı tərəfə beh şəklində ödəyirsən.

Lakin sövdələşmə baş tutmayanda “beh”in qaytarılması məsələsi ətrafında xeyli mübahisə yaranır. Müştəri əvvəlcədən beh verir, amma satıcı və ya elə müştərinin üzündən sövdələşmə pozulur. Belə hallarda behin kimdə qalması sual doğurur.

Bəs bu hansı qaydayla, necə tənzimlənir?

Mövzu barədə Bizim.Media-ya danışan vəkil Əsabəli Mustafayev deyib ki, bəzi məqamlarda beh ikiqat məbləğdə qaytarılmalıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Ev kirayələmək üçün beh verdi, həm evdən, həm də pulundan oldu - VİDEO


“İlk növbədə behlə avansın fərqini bilmək lazımdır. Avans o deməkdir ki, nəyisə alır, hansısa işi gördürürsənsə, həmin məbləğin bir hissəsini əvvəlcədən ödəyirsən. Əgər sonradan müqavilə pozulur, niyyət alınmırsa, onda avans alan pulu geri qaytarır.

Behsə fərqlidir. Beh müqavilənin icrasına təminatdır. Hansısa işi gördürmək istəyən, mal alan beh verir və sonradan niyyət beh verən şəxsin üzündən alınmayanda qaytarılır. Əgər alıcı satıcıya beh verirsə, alıcı üzündən iş alınmırsa, beh qaytarılmır, əgər satıcının üzündən baş verirsə, onda ikiqat qaytarılır. Restoranda hansısa məclis üçün yer tutanda əgər beh vermisinizsə və beh verən tərəfin günahından məclis baş tutmursa, beh geri qaytarılmayacaq. Əgər restoranın günahıdrsa, ikiqat qaytarılmalıdır”.

Hüquqşünas qeyd edib ki, sonradan restoran və ya beh alan tərəf beh yox, avans almışdım deyib, behi qaytarmaqdan imtina etməsin deyə, bu məsələləri heç olmasa öz aralarında sənədləşdirmək lazımdır.

O, çıxarışı olmayan, rəsmi şəkildə alqı-satqısı aparılmayan mənzillərdə beh məsələsinin həll olunmasına münasibət bildirib:

“Çıxarışsız evin rəsmi alqı-satqısı mümkün deyil. O ancaq tərəflər arasında şifahi, ya da kağız üzərində özlərinin əlyazması ilə hansısa bir müqavilə ilə baş tuta bilər. Məsələhət görürük ki, sənədi olmayan ev və torpaq alanda heç olmasa gələcəkdə pulun batmaması üçün kağız üzərində də olsa, öz aralarında müqavilə bağlasınlar.

Rəsmi çıxarışı olan ev alqı-satqısı ancaq notariusda həyata keçirilir və o pul da əldən-ələ verilmir, ona görə orada mübahisə yaranmır. Sənədli evə beh verilməsi təcrübədə az baş verir, əgər beh verirsə, bunu müəyyən miqdarda rəsmiləşdirmək lazımdır. Yaxşı olar ki, notariusda beh müqaviləsi bağlanıb, təsdiqlənsin. Notariusda mümkün deyilsə, öz aralarında qəbz yazmaqla rəsmiləşdirilsin”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin