Uşaqlar arasında yayılan qorxulu virus NƏDİR? - Pediatrdan MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Uşaqlar arasında yayılan qorxulu virus NƏDİR? - Pediatrdan MÜHÜM AÇIQLAMA

215437

Son vaxtlar azyaşlılar arasında virusa yoluxma hallarının artması valideynlərin ciddi narahatlığına səbəb olub. Onlar övladlarının ishal, ürəkbulanma, qusma, halsızlıq və hərarətinin yüksəlməsi əlamətlərindən şikayətlənirlər.

Bəs, uşaqlar arasında yayılan hansı virusdur və nə dərəcədə təhlükəlidir? Valideynlər azyaşlıların yoluxmaması üçün nələrə diqqət etməlidirlər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan pediatr Kamil Şərifov uşaqlar arasında yayın sonunda rotavirusa, son günlər isə adenavirusa yoluxanların sayının artdığını deyib. Onun sözlərinə görə, bir müddət əvvəl uşaqlar arasında rotavirusa yoluxanlar daha çox idi:

"İndi isə adenavirusla bağlı şikayət edənlərin sayı artıb. Eləcə də, rutin analizlərdə çıxmayan, simptomatik müalicəsi aparılan bəzi viruslara yoluxan uşaqlar var. Bu viruslar mədə-bağırsaq infeksiyasına səbəb olur, qusma, halsızlıq, yüksək hərarət yaradır”.

Pediatrın fikrincə, virusun sentyabr-oktyabr aylarında daha çox yayılmasının səbəbi bağça və məktəblərin açılması səbəbindən uşaqların bir-birilə daha sıx ünsiyyətidir:

“Valideynlər bəzən uşaq özünü pis hiss etsə də, hərarəti yoxdur deyə onu məktəbə göndərirlər. Nəticədə sinifdəki digər uşaqlar da virusa yoluxur. Ona görə də virusa yoluxmanı önləmək üçün ən vacib şərt xəstə uşağın məktəbə, bağçaya göndərilməməsidir. Bununla yanaşı, evdə gigiyenik qaydalara ciddi əməl olunmalıdır. Məsələn, meyvələr yaxşı yuyulub sonra uşağa verilməlidir. Uşaqların əllərinin tez-tez yumasına nəzarət edilməlidir. Təbii ki, bununla yanaşı, onların qidalanmasına, çoxlu maye qəbuluna, yüngül həzm olunan yeməklərə diqqət olunmalıdır”.

Pediatr deyir ki, bunlarla yanaşı, mövsümi xəstəliklərə qarşı peyvənd olunmaq da çox vacibdir:

"Rotaviruslar peyvəndlə qarşısı alına biləcək xəstəliklərdəndir. Peyvəndlər eləcə də, mədə-bağırsaq, tənəffüs sistemi infeksiyalarından qorunmaqda da faydalıdır. Bunun üçün azyaşlılar və böyüklər də təqvimə uyğun peyvənd olunmalıdır. Özəlliklə evdə azyaşlı uşağı olan, müəllim, həkim işləyən valideynlər, 6 ay üstü körpələr, 1 yaşlı uşaq olan evlərdə məktəbə gedən bacı-qardaşlar peyvənd olunmalıdır ki, virus daşınmasın. Yəni vaksindən yayınmadan, ondan düzgün istifadə etməklə viruslardan qorunmaq mümkündür".

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin