Marşrut avtobusları ilə bağlı YENİ TƏKLİF – Dövlət daşıyıcı şirkətlərə pul ödəsə, nə DƏYİŞƏCƏK?

Hazırda oxunan: Marşrut avtobusları ilə bağlı YENİ TƏKLİF – Dövlət daşıyıcı şirkətlərə pul ödəsə, nə DƏYİŞƏCƏK?

215419

Yaxın zamanlara sərnişindaşıma ilə məşğul olan şirkətlərə dövlət tərəfindən dotasiya verilə bilər. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı ictimai dinləmədə məlumat verib.

O bildirib ki, Azərbaycanda avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim olunub:

“Təqdim etdiyimiz sistem üzərində bütün hesablamalar qeydə alınıb.

Sistem çox sadədir və bu sistemə görə, daşıyıcıya dövlət tərəfindən hər kilometr hesabına pul ödənilir”.

Nəzərə alaq ki, dünyanın əksər ölkələrində, o cümlədən də inkişaf etmiş dövlətlərdə belə ictimai nəqliyyat dövlətdən dotasiya alır. Bəzi şəhərlərdə isə avtobusla gediş haqqı yoxdur. Bütün gediş haqqlarını dövlət ödəyir ki, ictimai nəqliyyata maraq artsın və şəxsi avtomobillərdən istifadə azalsın. Bununla da həm tıxac problem öz həllini tapır, həm də ətraf mühitə atılan CO2 emissiyasının həcmi azalır.

Bu mənada ölkəmizdə  avtobus nəqliyyatının yenidən dövlət dotasıyasına cəlb edilməsi arzuolunandır.

Yeni təklif reallaşarsa, nə qədər səmərəli olacaq?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da ictimai nəqliyyat hər zaman dövlətdən dotasiya alıb:
 

MÖVZU İLƏ BAĞLI:

Rayonların ictimai nəqliyyat DƏRDİ – Köhnə avtobuslar nə vaxt YENİLƏNƏCƏK?


“Bu gün nəqliyyat sektoru hər il dövlətdən külli miqdarda yardım alır. Yalnız avtobus nəqliyyatı bu yardımdan kənarda qalıb. Halbuki, 2023-cü ilin fevral ayına qədər ölkəmizdə  avtobus şirkətlərinə dizel yanacağına görə dövlət dotasiya verirdi. Lakin o zaman avtobusla daşımalarda qiymətlərdə 33 faiz qiymət artımından sonra bu yardım dayandırıldı.

İndi bunu fərqli formada bərpa etmək istəyirlər. Amma bu layihənin istənilən effekti verəcəyini indidən demək çox çətindir. Çünki avtobusların mənzil başına getməkdə həvəsli olmaması problemlərin bəlkə də ən axırıncısıdır”.

Müsahibimiz hesab edir ki, ilk növbədə avtobus parkı yenilənməlidir:

“Bu gün hətta şəhərin mərkəzi küçələrində 15-20 ilin dizel avtobusları şütüyür. Şəhər ətrafında işləyən avtobusların istehsal tarixi daha çoxdur. Bu da çox ciddi məsələdir.

O ki qaldı AYNA-nın son təklifinə, bu məsələdə obyektivliyi təmin etmək çox çətin olacaq. Kim müəyyən edəcək ki, 123 və yaxud 144 nömrəli avtobus gecə saat 24-də son dayanacağa kimi gedib?! Bu sadəcə dövlət vəsaitinin səmərəsiz xərclənməsinə gətirib çıxaracaq.

Yaxşı olar ki, yeni avtobusların alınmasına dövlət dəstək versin. Gömrük rüsumları aradan qaldırılsın, əlverişli kredit şərtləri irəli sürülsün. Yalnız bundan sonra keyfiyyətli xidmətdən danışmaq olar. Yoxsa kilometraja görə şirkətlərə pul ödəməklə, heç nəyə nail olunmayacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin